Bunun, Qətər iqtisadiyyatı və ölkədə bizneslə məşğul olanlara hansı təsiri ola bilər?
Ərəbistan Yarımadasının şimal-şərqində yerləşən və əhalisi 2.7 milyona yaxın olan bu kiçik dövlət özündən böyük işlər görməyə cəhd edir.
Bu ölkəni tanıdan «Qatar Airways» hava yolları, məşhur Əl-Cəzirə («Al Jazeera») telekanalı, 2022-ci ildə Futbol üzrə Dünya Çempionatının keçirilməsi hüququnun qazanılması, dünyanın ən məşhur klublarından biri olan Barselonaya bir müddət sponsorluq edilməsi kimi məqamlardır.
Paytaxt Dohanın özünəməxsus müasir memarlıq mənzərəsi isə beynəlxalq korporasiyaları özünə çəkərək, onları burada nümayəndəliklər açmağa sövq edir.
Bütün bunları nəzərə alanda, son hadisələrin mümkün təsiri barədə təsəvvür daha aydın olur.
Uçuşlar
Abu Dhabinin «Etihad» və Dubayın «Emirates» aviaşirkətləri çərşənbə axşamı günündən başlayaraq Dohaya bütün uçuşları dayandırıb,
Ucuz aviabilet təklif edən «FlyDubai» və «Air Arabia» şirkətləri də Doha-ya uçuşları ləğv ediblər.
Digərləri, o cümlədən, Bəhreinnin «Gulf Air» şirkəti və «Egyptair» şirkəti gözlənildiyinə görə, eyni addımı atacaqlar.
Bundan əvvəl isə Qətər istiqamətində Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir bütün uçuşları dayandırdıqlarını və öz hava məkanlarını «Qatar Airways» üçün bağladıqlarını bildirmişdilər. Bu isə gündə onlarla uçuş deməkdir.
«Qatar Airways» özü Səudiyyə Ərəbistanına uçuşları ləğv etdiyini artıq bəyan edib.
Hava məkanının bağlanması Qətər üçün problem yaradacaq, çünki bəzi aviamarşrutlara dəyişiklik etmək ehtiyacı yaranacaq.
Bu isə yanacaq xərclərini və bununla bərabər aviabiletləri bahalaşdıra və sərnişinləri narazı sala bilər.
«Qatar Airways» şirkətinin böyüməsi Doha üzərindən Asiya və Avropanı birləşdirən hava nəqliyyatı qovşağı olması hesabına baş verib.
«Əgər bundan sonra, marşrutların dəyişməsinə görə, Avropaya 6 saatlıq uçuş əvəzinə 8-9 saat tələb olunacaqsa, sərnişinlər başqa şirkətlərə müraciət etməyə başlayacaq«, - «Cornerstone Global» konsaltinq şirkətinin direktoru Xanem Nusibeh (Ghanem Nuseibeh) deyir.
Ərzaq
Səhrada yerləşən ölkələr üçün kənd təsərrüfatı məhsullarını yetişdirmək, əhalini ərzaqla təmin etmək əsas məsələlərdən biridir.
Ərzaq təhlükəsizliyi Qətər üçün həyati məsələlərdən biridir, çünki ölkəyə quru ilə ərzaq gətirilməsi yalnız Səudiyyə Ərəbistanından keçən yeganə marşrut ilə mümkündür.
Hər gün Qətərin Səudiyyə ilə sərhədini yüzlərlə yük maşını keçir və əsasən, bu, ərzaq təchizatıdır.
Qətərə ərzaq məhsulunun təxminən 40 faizi bu yolla gətirilir.
Səudiyyə Ərəbistanı isə sərhədi bağlayacağını bildirib.
Demək, bundan sonra ərzaq Qətərə yalnız hava yolu ilə və dənizdən bərələrlə gətirilə bilər.
«Bu, dərhal inflyasiyaya səbəb olacaq və sıravi vətəndaşlara təsir edəcək, - deyir Nusibeh. - Bahalaşma nəzərəçarpan olsa, onda cəmiyyət tərəfindən hakim sülaləyə siyasi təzyiq artacaq, ölkə rəhbərliyi öz sıralarında və ya siyasi kursda dəyişiklik etməli olacaq».
O, eləcə də bildirib ki, bir çox yoxsul qətərlilər, həftəlik və hətta gündəlik bazarlıqlarını etmək üçün Səudiyyəyə yollanırlar, çünki, orada qiymətlər daha ucuzdur. Sərhədin bağlanması isə bunu mümkünsüz edir.
İnşaat
Qətərdə hazırda iri tikinti layihələri həyata keçirilməkdədir - yeni liman, tibb mərkəzi, metro və 2022-ci ilin futbol üzrə Dünya Çempionatı üçün 8 futbol stadionunun tikintisi gedir.
Əsas tikinti materialları, o cümlədən, beton və polad dəniz yolu ilə və eləcə də, Səudiyyə üzərindən quru yolla gətirilir.
Bu sərhədin bağlanması tikinti materiallarının bahalaşmasına və işlərin yubanmasına səbəb ola bilər.
İnşaat materiallarının qıtlığı Qətərin tikinti sənayesi üçün artıq təhlükə yaradır.
«Hava məkanının və quru sərhədin uzun müddətə bağlanması Dünya Çempionatına hazırlıq işlərini poza bilər», ABŞ-da mənzillənən Baker İnstitutunun Körfəz üzrə eksperti Kristian Ulriçsen (Kristian Ulrichsen) deyir.
İnsan amili
Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, BƏƏ, Liviya və Yəmən kimi dövlətlərin Qətər ilə diplomatik əlaqələri kəsmək qərarı, həmin ölkələrdən Qətərə gələn və burada yaşayıb-işləyənlər üçün problemlər yaradacaq.
Həmin insanlara Qətəri tərk etmək üçün 14 gün vaxt verilib.
Səudiyyə Ərəbistanında, BƏƏ və Bəhreyndə qalan Qətər vətəndaşlarına da həmin ölkələri tərk etmələri üçün eyni müddət verilib.
Amma belə bir qadağanı Misir tətbiq etsə, bu, daha ciddi nəticələr verə bilər. Bu yaxınlarda açıqlanmış bir hesabata əsasən, Qətərdə 180,000 misirli yaşayır. Onlar mühəndis, inşaatçı, həkim və hüquqşünas kimi bu ölkədə çalışır.
Bu miqyasda işçi qüvvəsinin itirilməsi Qətərdə fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlərin işini çətinə sala bilər.
Ticarət və biznes
Artıq biznes sövdələşmələri pozulmağa başlayıb.
Misal üçün, bir çox Körfəz dövlətlərinin Qətərin pərakəndə satış sektorunda obyektləri, dükanları, mağazaları var.
«Həmin mağazalar, çox güman ki, bağlanacaq, müvəqqəti olsa da belə», - Nuseibeh qeyd edir.
Səudiyyə Ərəbistanında aparıcı futbol komandası sayılan Al-Ahli klubu isə «Qatar Airways» şirkəti ilə sponsorluq müqaviləsini artıq ləğv edib.