Vaxt.Az

İstehsal artır, ixrac potensialı genişlənir


 

Ekspertlər deyir ki, dövlət dəstəyi daha da artırılmalıdır

İstehsal artır, ixrac potensialı genişlənir Azərbaycanın meyvə-tərəvəzlərinin daha çox ixrac edildiyi ölkələr sırasında ilk yeri Rusiya tutur. Bunu «Trend»ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev deyib. Onun sözlərinə görə, Azərbaycanın meyvə-tərəvəzləri daha çox Rusiyaya ixrac edilsə də, fındıq məhsulları daha çox Avropa ölkələrinə ixrac edilir. Pambıq məhsulları əsasən, Türkiyəyə, Rusiyaya, yem məhsulları isə Gürcüstana, İrana, İraqa və Türkiyəyə göndərilir. C.Quliyev qeyd edib ki, hazırda Azərbaycanın kənd təsərrüfatı məhsulları 50-yə yaxın ölkəyə ixrac edilir: «Bu il ixrac məhsullarının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə dəfələrlə artıb. Artım əsasən, meyvə-tərəvəz məhsulları üzrə olub. Pambıq, yem məhsullarında da ciddi artımlar müşahidə olunur».

C.Quliyev bildirib ki, Azərbaycanın müxtəlif meyvə-tərəvəzləri çox sayda ölkələrə ixrac edilir. Son illər ərzində Azərbaycanda daha çox alma, pomidor, soğanın ixracında ciddi artımlar var.

C.Quliyev qeyd edib ki, əvvəlki ilə nisbətən bu il Azərbaycanın ixrac edəcəyi kartofun çəkisində də artımın olacağı gözlənilir: «Bunun 2 səbəbi var. Birincisi, Rusiya bazarında Azərbaycan kartofuna tələbatın artmasıdır. Digər tərəfdən, son illər ərzində aparılan tədbirlər nəticəsində, ölkəmizdə istehsal sahəsində ciddi artımlar qeydə alınır. Təbii ki, istehsalın artımı ixracın artımına da təsir edir». C.Quliyev qeyd edib ki, bu il yalnız kartof deyil, meyvə, tərəvəz, xüsusilə fındıq ixracı üzrə artımların olacağı gözlənilir.

C.Quliyev əlavə edib ki, Azərbaycanda pambıq istehsalı artdığından, əkin sahələri genişləndiyindən, pambıq istehsalı üzrə göstəricilər də yüksəlir. Xidmət rəisi hesab edir ki, bu, cari il Azərbaycandan pambıq ixracının da artacağına təsir göstərəcək. Göründüyü kimi qeyri-neft sektoruna göstərilən qayğı artıq öz bəhrəsini verməkdədir. Bəs görəsən ilkin nəticələr qənaətbəxşdirmi? Ümumiyyətlə, gələcəkdə daha hansı məhsullarımızı dünyanın hansı ölkələrinə ixrac edə bilərik?


Aqrar sahədə  Azərbaycanın  kifayət qədər böyük potensialı var


İqtisadçı-ekspert Rəşad Həsənov  deyir ki, son illər  fındıqçılıq  sahəsində daha çox inkişaf var və fındığın ixracında artımlar müşahidə edilir.  Fındıq Azərbaycanın  azsaylı məhsullardan biridir ki, faktiki olaraq xarici bazarlarda rəqabət üstünlüyünə malikdir: «Hətta Avropanın bir çox ölkələrinin  bazarlarının  ixrac strukturuna baxdıqda, fındıq, xurma kimi  məhsullar ixrac potensiallı məhsullar gedir. Amma ümumi qiymətləndirmə aparsaq, Azərbaycan bu istiqamətdə öz potensialından tam istifadə etmir. Halbuki, aqrar sahədə  Azərbaycanın  kifayət qədər böyük potensialı var. Düşünürəm ki, bu potensialdan istifadə etmək üçün şərtlər uyğunlaşdırılmalıdır. Nəzərə almaq lazımdır ki,  bu sahə uzunmüddətli investisiya tələb edir. Yəni,  fındıq bağlarının salınması orta hesabla 5 ildən artıq vaxt aparır ki, ilkin məhsul versin. Belə bir şəraitdə bir sıra hallarda bəzi sahibkarların öz fəaliyyətini davam etdirməsi onların  imkanları xaricində olur. Hesab edirəm ki, belə problemlərin aradan qaldırılması üçün xüsusi maliyyələşdirmə proqramına ehtiyac var. Dövlət vəsaitləri hesabına müştərək bankların seçilməsi yolu ilə  uzunmüddətli, yəni,  ilkin olaraq 5 il müddətinə faizlərin ödənişi tələb edilməyib, daha sonrakı 5-8 il müddətində isə əsas vəsaitin tələb edilməsi kimi kredit mexanizmlərinə ehtiyac var».

İqtisadçı deyir ki, bu sahə gələcəkdə ölkəyə gələn valyutanın həcmini daha da artıracaq: «Təəssüflər olsun ki, əksər hallarda Azərbaycanda istehsal olunan fındıq məhsulları Türkiyə brendi adı altında dünya bazarına çıxarılır. Bu isə birbaşa olaraq  «Made in Azerbaijan» brendinin daha geniş yayılması və tanınmasına mənfi təsir göstərir.  Həmçinin məhsul xammal şəklində də  daha çox Türkiyəyə ixrac olunur və orada qablaşdırma, brendləşdirmə həyata keçirilir və bundan sonra daha yüksək qiymətə bazarlara təklif olunur. Bütün bunları isə Azərbaycanın özündə də etmək mümkündür. Nəzərə almaq lazımdır ki, Azərbaycan bu istiqamətdə daha az təcrübəyə malikdir  və sahibkarlarımızın  beynəlxalq bazarlarda əlaqələri aşağıdır. Ona görə də bu sektora dövlət dəstəyi çox vacibdir. Dövlət vəsaitləri hesabına Azərbaycan brendlərinin sərgilərdə təmsil olunması, qablaşdırma və markaların  hazırlanması, məhsulun tələb olunan  standartlara uyğun görünüşünün hazırlanması məqsədilə sahibkarlara dəstək verilməsi üçün dövlət büdcəsindən 3 milyon manat vəsait ayrılıb. Düşünürəm ki, bu vəsait sonralar da davam etdirilməli və sahibkar öz arxasında dövlətin dəstəyini hiss etməlidir. Burada AZEEXPORT-un da  fəaliyyətindən danışmaq olar. Baxmayaraq ki, bu sayt qısa müddətdir ki, fəaliyyət göstərir,  lakin  Azərbaycanın ixracına öz töhfəsini verib və verməkdədir. Əvvəllər müzakirə olunan texniki dəstəyin təmin olunmasında AZEEXPORT öz təsirini göstərməkdədir. Düşünürəm ki, fındıqçılıqla bağlı xüsusi konsepsiyanın qəbuluna ehtiyac var. Bu məhsullar dünya və Avropa bazarlarında ciddi tələbat var və qiymət də kifayət qədər yüksəkdir. Gələcəkdə kənd təsərrüfatı sektorundan ölkəyə daxil olan xarici valyutanın həcminə  də müsbət təsir göstərəcək. Bu, eyni zamanda, əməktutumlu sahələrdən biri hesab olunur. Yeni iş yerlərinin yaradılması potensialı xeyli yüksəkdir və məşğulluğun inkişafına da öz növbəsində müsbət təsir göstərəcək».


Məhsullarımız həmin standartlara tam cavab verir


Sonda iqtisadçı bəzi vacib məqamları da qeyd etdi: «Hesab edirəm ki, aqrar sahənin maliyyələşmə mexanizmi üzərində yenidən düşünməyə ehtiyac var və maliyyə əlçatanlığı artırılmalıdır.  Bu kimi problemlər öz həllini taparsa, 10 il sonra Azərbaycan ümumiyyətlə, dünya ixracatçıları arasında ciddi mövqeyə sahib ola bilər. Bu gün dünyanın bir çox ölkələrinə Azərbaycan məhsulları ixrac edilir. Qeyd etdiyim kimi, Azərbaycan fındığı Avropanın bir çox bazarlarında real mövqe qazanıb. Əgər Avropa bazarlarında bu məhsula ehtiyac varsa və satılırsa, deməli, məhsul dünyanın istənilən bazarına asanlıqla çıxa bilər. Çünki Avropada standartlaşdırma kifayət qədər yüksəkdir. Bu da o deməkdir ki, məhsullarımız həmin standartlara tam cavab verir. Digər məhsullara gəlincə isə faraş tərəvəzçilik ixracatımızda əsas yeri qorumaqdadır. Lakin təəssüflər olsun ki,  bu istiqamətdə də potensial tam olaraq istifadə edilmir. Çünki istixanaların da uzunmüddətli maliyyə dəstəyinə ehtiyac var. Gəlirlilik baxımından isə tərəvəzçilik çox əlverişlidir. Baxmayaraq ki, hazırda məhsullarımızın ən böyük bazar payı Rusiyanın üzərinə düşür, Rusiya bazarları Azərbaycan üçün heç vaxt etibarlı bazar hesab olunmayıb. Əksər hallarda Rusiya hər hansı siyasi səbəblərə görə  ixrac zamanı  müxtəlif  problemlərin yaranmasına gətirib çıxarır. Məhsullarımız keçid məntəqələrində günlərlə qalaraq xarab olur. Ona görə də yaxın şərq və Avropa bazarlarına çıxışla bağlı artıq ciddi işlər görülməlidir. Qeyd etdiyim kimi, bu bazarlarda məhsullarımıza tələbat da  böyükdür. Təkcə fındıq deyil, digər məhsullarımıza da tələblər yüksəkdir. Məsələn, kənd təsərrüfatı məhsullarının içərisində xurma ixrac payı üzrə ilk beşlikdə yer tutub.  Xurmanın əsas bazarları Rusiya və Ukrayna olmasına baxmayaraq, Avropanın bir çox ölkəsinə bu məhsulun ixracı üçün böyük potensial var. Çünki xurma bir çox ölkələrdə yetişdirilə bilmir. Ona görə də xurma təbii üstünlüyə malik olan məhsullardan hesab edilir. Bundan başqa, nar və nar şirələrimiz  birbaşa Avropa bazarlarına çıxarılır. Tələbat kifayət qədər böyük olmasına baxmayaraq,  bu iş hələ  tam genişləndirilməyib. Digər məhsullardan pambıq, tütün, ipək kimi məhsulların istehsalı ilə bağlı subsidiyalaşma mexanizmi hazırlanıb. Hesab edirəm ki, bu kimi problemlər yaxın gələcəkdə öz həllini tapacaq». 


Avropa bazarlarında Azərbaycan məhsullarına böyük ehtiyac var


Millət vəkili Vahid Əhmədov bildirdi ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verməkdədir və ilkin nəticələr qaneedicidir: «Dövlət başçısı özü bu sahəyə rəhbərlik edir. Aqrar məhsulların idxalı artıq  kəskin azalıb. Məhsullarımız əsasən   Rusiya bazarlarına çıxarılır.  Lakin bununla yanaşı Orta Asiya, yaxın Şərq və digər bazarlara məhsullarımız ixrac olunur. Hələlik Avropa bazarlarına yalnız fındıq və şərab məhsulları ixrac olunur. Amma yaxın gələcəkdə ixracımız  daha da genişlənəcək. Çünki yaxın vaxtlarda bölgələrdə emal müəssisələri də fəaliyyətə başlayacaq. Məhsulların xarici görünüşü, qablaşdırılması  yüksək səviyyədə həyata keçirilməlidir ki, xarici bazarlarda rəqabətə davam gətirə bilsin. Hesab edirəm ki, görülən tədbirlər bu kimi problemləri öz həllinə qovuşduracaq. Çünki aqrar sahədə ixrac imkanlarımız həddən artıq genişdir. İpəkçilik, pambıqçılıq, çayçılıq kimi sahələrə xüsusi diqqət yetirilir. Yaxın gələcəkdə məhsullarımızın təkcə xammal kimi yox, hazır məhsul kimi ixracı da nəzərdə tutulub. Bununla bağlı bəzi müəssisələr tikilib və tezliklə istifadəyə veriləcək. Avropa bazarları bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Avropa bazarlarında Azərbaycan məhsullarına böyük ehtiyac var. Əsas məsələ məhsulu emal edərək, tələb edilən standartlara cavab verən şəkildə təqdim etməkdir».

 





06.06.2017    çap et  çap et