Vaxt.Az

Seyidlərimizə kateqoriya...


 

... pirlərimizə ulduz verilsin

Seyidlərimizə kateqoriya... Əvvəlcədən deyim ki, təqdir edirəm. Vətənə, millətə xeyirli, uğurlu olsun!

Mediada olduğu kimi Seyidiada da «reket»çiliklə mübarizəyə start verilib. Seyid vəsiqələrinin verilməsi də bu islahatların tərkib hissəsidir. Birazdan avtomobillərin partPresslərinə SEYİD lövhələrinin yapışdırıldığını görsəm, təəccüblənmərəm. Əslində bu addım çoxdan atılmalı idi ki, millət öz həqiqi ağalarının kimliyini, kimə nəzir verməyin düzgün olduğunu bilsin. Bu inqilabi əhəmiyyətə malik vacibatın həyata keçirilməsindən sonra cümlə məmləkət azarlılarının həkimə getməsinə, müalicə üçün başqa ölkələrə üz tutmasına da ehtiyac qalmaz. Şeyxül möhtərəmimizin sayəyi-mərhəmətindən əsl səyyidlərin kim olduğunu biləndən sonra dərdimizə də çarənin ünvanını tapa bilərik. Məsələn, işlətdiyin hansısa günaha görə üzünə ləkə düşübsə, get, əsl, yəni cibində vəsiqəsi olan seyid tapıb üzünə tüpürtdür, vəssalam!

Məncə, Müsəlmanlar İdarəsi vəsiqə verərkən çox vacib bir məsələni diqqətdən qaçırıb. Seyid vəsiqələrində vəsiqə sahibinin gücü də göstərilməlidir. Eynən sürücülük vəsiqəsindəki kateqoriyalar kimi: A, B, C, D. Bu ona görə lazımdır ki, insanlar müşkülə düşdükdə hansı seyidin yanına getməyi müəyyənləşdirə bilsin. Fikrimi daha dəqiq və açıq izah edim. Tutaq ki, üzünüzə ləkə düşüb və bir seyidə tüpürtdürüb təmizlətdirdiniz. Ancaq bu ləkə vicdanınızdadırsa, o zaman daha güclü seyid tapmalısınız. Ona görə təklif edirəm ki, Qafqaz Müsəlmanları İdarəsində seyidlərin attestasiya, yaxud imtahan komissiyası yaradılsın və ağalarımız orada baş seyidimiz tərəfindən kateqoriyalara bölünsün. 

Bu islahatlar pirlərimizdən də yan keçməməlidir. Məncə, bütün qafqaz müsəlmanların baş idarəsi pirlərə də onların fəaliyyətini təsdiqləyən lisenziya verməlidir. Özü də lisenziya verilərkən pirlərə və ziyarətgahlara ulduz sistemi tətbiq olunmalıdır. Məsələn, 5 ulduz pir, 3 ulduz pir. Bu qaydaların pir biznesinin inkişafına səbəb olacağına da qəti şübhə etmirəm.

 





11.06.2017    çap et  çap et