Vaxt.Az

Fransada parlament seçkiləri keçirilir


 

Makronun partiyasının namizədləri arasında tələbə də var, öküz döyüşdürən də...

Fransada parlament seçkiləri keçirilir Bazar günü Fransada növbəti parlament seçkiləri keçirilir. Yerli vaxtla saat 07:00-da başlayan seçkinin axşam saat 19:00-da yekunlaşıb. Bundan bir ay əvvəl Emanuel Makron (Emmanuel Macron) Fransanın ənənəvi siyasi partiyalarının prezidentliyə namizədlərini məğlub edib. Prezident ümid edir ki, onun gənc, mərkəzçi Hərəkətdə olan Respublika (La Republique en Marche) partiyası 577 üzvlük parlamentdə çoxluğu təşkil edəcək.

İki mərhələdə keçirilən parlament seçkilərinin ikinci və sonuncu mərhələsi düz bir həftə sonra keçiriləcək.

Cənab Makronun partiyası qələbə qazanarsa Fransanın iki ənənəvi partiyasını - mərkəzi-solçu Sosialistləri və mərkəzi-sağçı Respublikaçıları - tarixdə ilk dəfə hakimiyyətdən kənara itəliyəcək.

Keçən ay keçirilən prezident seçkilərində Sosialistlər və Respublikaçıların namizədləri İkinci Dünya Müharibəsindən sonra ilk dəfə prezident seçkilərinin ikinci mərhələsinə keçə bilməyiblər.

Millət vəkillərinin əksəriyyətinin parlamentə birbaşa ilkin mərhələdə seçilməsi gözlənilmir.

Yalnız dairələrində 50 faizdən artıq səs toplayan namizədlər seçilmiş sayılacaq. Əks halda ən azı 12,5 faiz səs toplayan namizədlər bir daha gələn həftə keçiriləcək ikinci mərhələdə iştirak etməli olacaqlar.

Cənab Makronun bir il əvvəl təsis etdiyi partiyanın namizədləri arasında tələbələr, təqaüdçülər və hətta bir torero (öküz döyüşdürən) da var.

Fransanın xarici ərazilərində keçirilmiş seçkilərdə yeni partiyanın namizədləri 11 dairədən 10-da qalib olublar və rəy sorğuları göstərirlər ki, ümumi parlament seçkilərində buna bənzər nəticələrin təkrarlanması heç də gözlənilməz olmaz.

39 yaşlı cənab Makron vəd etdiyi islahatları həyata keçirmək üçün parlamentdə çoxluğu qazanmalıdır.

Eyni zamanda ifrat sağçı Milli Cəbhə (Front Nationale) və ifrat solçu Əyilməz Fransa (La France insoumise) partiyaları da ənənəvi partiyaların dəbdən düşməsindən faydalanaraq parlamentdə yerlərini artırmağa cəhd edirlər.

Lakin siyasi ekspertlər seçki sisteminin böyük partiyalara üstünlük verdiyini deyirlər.

Son zamanlar baş vermiş terror aktlarına görə seçkilər yüksək səviyyəli təhlükəsizlik tədbirləri ərəfəsində keçirilir.

Seçki günü Fransanın küçələrində 50 min polis zabiti xidmətdə olub.

Yerli vaxtla günorta seçici fəallığı 19,24 faizə çatmışdı. Bu isə 2012-ci ilin seçkilərindən bir az aşağıdır.

 





11.06.2017    çap et  çap et