Seçkilərin yekun nəticəsi bazar günü müəyyənləşəcək.
Cənab Makronun partiyası yalnız bir il əvvəl yaradılıb. Partiya namizədlərinin bəzilərinin heç bir siyasi təcrübəsi yoxdur.
Bütün bülletenlər hesablandıqdan sonra məlum olub ki, Hərəkətdə olan Respublika partiyası və Demokratik Hərəkat 32,3 faiz səs qazanıb.
Mərkəzçi-sağçı Respublikaçılar cəmi 16 faiz səs qazanıblar.
Fransanın əvvəlki hakim partiyası Sosialistlər isə səslərin yalnız 7,4 faizini toplaya biliblər.
İfrat-sağçı Milli Cəbhə partiyası səslərin 13,2 faizini, ifrat solçu «Yenilməz Fransa» partiyası isə 11 faizini toplaya bilib.
Amma seçki fəallığı kəskin aşağı olub. 2012-ci ildə keçirilən seçkilərin ilk mərhələsində fəallıq 57,2 faiz olub, lakin bu ilki seçkilərdə bu rəqəm 48,7 faizdir.
Marin Le Pen (Marine Le Pen) partiyasının uğursuz nəticə göstərməsinə görə aşağı fəallığı ittiham edib. O deyib ki, «daha böyük partiyalara kömək edən Fransa seçki sistemində islahatlara ehtiyac var».
Almaniya Kansleri Angela Merkel isə cənab Makronu partiyasının «böyük uğuruna görə» təbrik edib.
39 yaşlı Emmanuel Macron ötən ay prezident seçkilərində Milli Cəbhə partiyasının lideri Marin Le Peni məğlub edib.
O, seçki kampaniyası zamanı vəd etdiyi islahatları həyata keçirmək üçün parlamentdə çoxluğu qazanmalıdır.
Cənab Makronun bir il əvvəl təsis etdiyi partiyanın namizədləri arasında tələbələr, təqaüdçülər və hətta bir torero (öküz döyüşdürən) da var.
Fransada parlament seçkilərinin ilk mərhələsində qalib gəlmək üçün namizədlər səslərin azı 50 faizini toplamalıdır.
***
01:55
Fransada keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.
«RİA Novosti» xəbər verir ki, səslərin 75,7 faizinin hesablanmasından sonra Makronun «İrəli, respublika» hərəkatı 26,9 faiz, ən böyük müxalifət partiyası «Respublikaçılar» 15,8 faiz, Marin Le Penin partiyası «Milli cəbhə» 14,4 faiz, Jan Lyuk Melanşonun partiyası «Təslim olmamış Fransa» 10,6 faiz, sabiq hakim partiya «Sosialist partiya» isə 7,5 faiz səs toplayıb.