Vaxt.Az

Cənnətdə görüş...


 

... Yaxud ruhu 23 il əvvəl köçən cismin dəfni

Cənnətdə görüş... Ananı məzara qoyanda hamı təəccüb içindəydi. Onu sinəsinin üstündə əsgər paltarı ilə basdırırdılar.

Hər kəs bu paltarın kimin olduğunu bilirdi, ona görə də heç nə soruşan olmadı...


***


Cavid məndən 1 yaş balaca idi.

Amma 1994-cü ilə qədər belə oldu. 1994-cü ildən sonra o, daha böyümədi. Hələ də şəhid olduğu yaşındadır - on doqquzunda. Aramızdakı yaş fərqi artıq 24-ə qədər artıb. İndi o, məndən düz 24 yaş balacadır.

Cavid də mənim kimi Füzuli cəbhəsindəymiş, amma xəbərim olmayıb. Şəhid düşdüyündən xəbərim olmadığı kimi...

Bəzi insanlar var ki, onun surəti, səsi, hərəkətləri həmişə gözünün önündə, yaddaşında qalır. Cavidin də surəti, səsi, hərəkətləri mənim gözümdə, yaddaşımda çox aydın qalıb. Tək-tük adamınkı kimi.


***


...Cavidin anası dünyasını dəyişib, onun dünyasına köçüb. Əslində, ana ruhən 23 il əvvəl köçmüşdü bu dünyadan. Mən xidmətdən qayıdıb, Cavidə görə başsağlığı verməyə gedəndə görmüş, hiss etmişdim bunu.

Buna yaşamaq demək olmazdı. Ana elə Cavidlə bir yerdə köçmüşdü bu dünyadan, qalan quruca cismiydi.

Körpə Cavidinin hərbi paltarını sinəsinin üstünə qoyub, Cavidi ilə bir yerdə dəfn olunmasını istəyib - şəhid düşəndə əynində olan paltarını... Balasının iyini içinə çəkə-çəkə, körpəsini bağrına basıb, əziz-əzizləyə onun görüşünə yollanıb.

Həsrət bitdi.

Son bir neçə ayda yataq xəstəsinə çevrilmişdi, ağrıları artmış, əldən salmışdı onu. Cavidinin Şəhidlər xiyabanındakı məzarını ziyarət eləməyə gedə bilmirmiş, gileylənirmiş.

Giley-güzar da bitdi.

Fani dünyada ayrılan yollar əbədi dünyada qovuşdu, bu dünyada ayrılan iki can, ruh o dünyada görüşdü.

Cənnətdə...

 





12.06.2017    çap et  çap et