Bu turistlər Böyük ağ köpəkbalığına yaxın gəlmək üçün çox pul ödəyirlər.
Amma tur rəhbərləri deyir ki, onların işləri getdikcə çətinləşir.
Köpəkbalıqlarından qorunma qəfəsinin operatoru Heinrik Du Plessis: «Dörd il öncə qayığın ətrafında altı, yeddi müxtəlif köpəkbalığı görmək olurdu. İndi isə üç, ən yaxşı halda isə dörd ədəd görmək olur».
Stellenboş Universitetinin köpəkbalığı üzrə tədqiqatçıları bu yaxınlarda ərazidəki böyük ağ köpəkbalıqlarının siyahıyaalmasını başa çatdırıblar və onların sayının azaldığını deyirlər.
«Biz bu işə 2009-cu ildə ağ köpəkbalıqlarının bel üzgəclərinin fotoqrafik identifikasiyalarını toplamaqla başladıq. Ağ köpəkbalıqlarının bel üzgəcləri barmaq izi kimidir, yəni hər köpəkbalığının bel üzgəci unikaldır. Bunu edərək biz heyvanları tək-tək saya bildik, çünki hansının hansı olduğunu bilirdik», deyə Stellenboş Universitetindən Dr. Sara Andreotti bildirir.
Şəkillər məlumat bazasına daxil edilir. Bu məlumat bazası alimlərə köpəkbalıqlarının yeri və davranışlarını müəyyən etməyə yardım edir.
Onların yeni araşdırmalarının nəticələri böyük köpəkbalıq sayının kəskin azaldığını göstərir.
«Biz dünyada ağ köpəkbalığının paytaxtı sayılan yerdə işləyirik. Ona görə də burada minlərlə köpəkbalığı tapacağımızı gözləyirik», Dr. Adreotti deyir.
Lakin regionda bir digər tədqiqatçı qrupu da işləyir və onlar daha az sayda köpəkbalığına rast gəldiklərini deyir.
«Fikrimcə onlar kifayət qədər yetişmiş böyük köpəkbalığı görməyiblər, çünki biz qayıqda onlara tez-tez rast gəlmirik. Burada biz onları çox nadir hallarda görürük. Bəzən uzaqda böyük köpəkbalığı görürük, amma onlar qayığa yaxınlaşmırlar ki, biz onların şəklini çəkə bilərik», deyə «Oceans Research»dən Dilan İrion bildirir.
Ümid olunur ki, yeni hesablamalar düzgün olacaq.
Amma aydın olan bir şey var ki, digər böyük okean yırtıcıları kimi ağ köpəkbalıqlarının sayı da azalmaqdadır və onların daha çox qorunması lazımdır.