Rəsmilər bildirirlər ki, prezidentin hərəkəti Konstitusiyanın «bəxşişlər» barədə maddəsini pozur. Bu maddə prezidentə vəzifə başında olduğu müddətdə xarici hökumətlərdən hər hansı hədiyyələri qəbul etməyi qadağan edir.
Konstitusiya tarixçiləri bu iddianı misilsiz adlandırıblar, Ağ Ev isə heç bir pozuntunun baş vermədiyində israr edir.
Şikayət ərizəsində deyilir: «Prezident Trampın biznes imperiyasındakı maraqlarını saxlaması onu çox sayda xarici və daxili fiqurlarla əlaqəyə bulaşdırır və bu da Konstitusiyanı pozaraq qanunun aliliyini və siyasi sistemimizi şübhə altına alır».
Məqalədə deyilir ki, hakimin bu mühakiməyə başlanmasına icazə verdiyi təqdirdə cənab Trampın uzun müddətdir gizlədilən vergi sənədlərinin açıqlanması icbari olacaq.
Bu iş barədə məlumat verən Meriland baş prokuroru Brayn Froş (Brian Frosh) deyib ki, liderlər öz biznes maraqlarına yox, xalqa xidmət etməlidirlər.
Şikayətçilər diqqəti vəzifəli əcnəbi qonaqların Trampın hotellərində qalmasını və bununla da Trampa maliyyə mənfəəti verdiklərinə çəkirlər.
Adı çəkilən obyektlərdən biri də Vaşinqtonda təzəcə açılmış «Trump International Hotel» mehmanxanasıdır.
Amerika Konstitusiya Cəmiyyətinin prezidenti Karolin Fredrikson (Caroline Fredrickson) ABŞ prezidentinin bəxşişlər haqqında maddəni pozmasına görə məhkəməyə verilməsini misli görünməmiş hadisə adlandırıb.
Ağ Evin sözçüsü Şon Spayser (Sean Spicer) deyib ki, iddialar siyasi motivlidir və prezidentin vəkilləri ərizənin rədd edilməsi üçün müraciət hazırlayırlar.