Vaxt.Az

Kremlə enən alman təyyarəsi...


 

... Qorbaçovun qərarı, nazirin istefası

Kremlə enən alman təyyarəsi... Bu hadisə bütün dünyanı heyrətə gətirmişdi. Alman təyyarəsinin olduqca güclü Hava Hücumundan Müdafiə qüvvələrinə sahib olan SSRİ-nin sərhədlərini keçib paytaxta, Moskvanın ürəyi sayılan Qızıl meydana heç bir maneəsiz eniş etməsi ağılasığmaz bir olay idi. Baş katibin iş otağından seyr edilməsi mümkün olan bu hadisə həmin ərəfədə son illərini yaşayan SSRİ-nin tarixində öz müəmmaları ilə iz qoyub.

Modern.az saytı 1987-ci ildə baş vermiş bu qeyri-adi hadisə ilə bağlı yazını təqdim edir.

Beləliklə, 1987-ci ilin mayın 28-də, SSRİ-də sərhədçilərin peşə bayramı günündə Hamburq şəhərində doğulan, milliyətcə alman olan Matias Rust «Sessna» idman təyyarəsi ilə Helsinkiyə istiqamət alıb. Əvvəlcədən planlaşdırdığına görə 19 yaşlı pilot oradan İsveçə uçmalıymış. Ancaq bu plan elə bir andaca, hətta ərazidə təyyarələrin idarəetmə xidmətinin dispetçerinə xəbərdarlıq olunmadan dəyişib. Rust istiqaməti SSRİ-yə doğru götürüb. O, sərhədi Estoniya ərazisində pozaraq Leninqrada tərəf istiqamət alıb. Daha sonra isə Leninqrad-Moskva dəmiryolu xətti ilə kurs götürərək Moskvaya doğru irəliləyib. Maraqlı fakt odur ki, sərhədi pozarkən dərhal radarlara düşən alman təyyarəsinə istədiyi məkana yetişməyə heç bir maneə olmayıb. Sonradan özünün dediyi kimi SSRİ-nin hava məkanına daxil olanda dərhal onun ətrafında iki qırıcı təyyarə görünüb, ancaq bu təyyarələr onun uçuşunu nə məhdudlaşdırıb, nə də ki, məcburi eniş etməyinə cəhd göstəriblər. Rust onu da etiraf edib ki, təyyarəni birbaşa Kremlin həyətinə endirmək istəyib. Təcrübəsinin azlığından və təyyarənin heç kimə, heç nəyə zədə yetirməyəcəyindən arxayın olmayan Rust bu qərarından vaz keçib. O, özünün bütün bacarığından istifadə etsə də yalnız üçüncü cəhddən sonra Qızıl meydana eniş edə bilib. Həmişə insanlarla dolu olan Qızıl meydan və onun ətrafına heç bir dağıntısız, hec kimə toxunmadan eniş etməyin nə qədər çətin olduğunu da yəqin ki, anlamaq çətin deyil.

Minlərlə insanların, o cümlədən turistlərin heyrət və təəcüb dolu baxışları altında kabinadan çıxan Rust heç nə olmamımış kimi «tamaşaçı»larını təbəssümlə qarşılayıb. Avtoqraf vermək, şəkil çəkdirmək də öz yerində. Amma cəmisi 15 dəqiqə, həbs olunana qədər.

İstintaq zamanı Rust ifadəsində bildirib ki, onun bu «gəliş»i  heç bir pis məqsəd daşımayıb, sadəcə SSRİ ilə qərb arasındakı gərginliyə rəmzi olaraq barışıq körpüsü salmaq, soyuq müharibə adlı qorxunc bir fikrə sülh gətirmək niyyətində olub. Və özünün «Sessna» təyyarəsini «Sülh göyərçini» adlandırıb.

Həmin ərəfədə istər xarici ölkələrdə, istərsə də SSRİ-də hadisə ilə bağlı birçox versiyalar ortaya çıxıb. Yüksək ranqlı sovet məmurları bu hadisənin xarici kəşfiyyat orqanları tərəfindən həyata keçirildiyi fikrini irəli sürüblər və belə əsaslandırıblar ki, 19 yaşlı bir oğlanın sərbəst şəkildə Kreml ətrafında «at oynatmağı» xarici ölkələrin SSRİ-nin hərbi nüfuzuna zərbə vurmaq məqsədini güdür.

Daha bir versiya bu hadisənin Qorbaçovun razılığı ilə SSRİ DTK-sı tərəfindən təşkil olunduğu fikridir. Bu versiyaya görə Qorbaçov bu hadisədən sonra keçirəcəyi «islahatlar»da ona mane ola biləcək marşal və generalları vəzifələrindən uzaqlaşdırmaq üçün tutarlı bəhanə əldə edəcəkdi. Əslində bu versiyada bir həqiqət var. Birincisi, nəinki dörd nəfərlik idman təyyarəsi, heç qırıcı təyyarələrin də SSRİ-nin dəmir sərhədlərindən keçməsi mümkün iş deyildi. Deməli, bu məsələ yuxarılarla razılaşdırılıb. İkincisi, hadisədən dərhal sonra Qorbaçovun qərarı ilə SSRİ-nin Müdafiə naziri marşal Sokolov istefa ərizəsini yazıb, 300-dən artıq ali və yüksək rütbəli zabitlər vəzifəsindən azad edilib. Üçüncüsü, bütün bu «həngamənin müəllifi» Rust cəmisi 4 il azadlıqdan məhrum edilsə də 14 aydan sonra əfv olunaraq azadlığa buraxılıb. Və sonrakı müsahibələrində görənlərin qan ağladığı Lefertova həbsxanası haqqında lüğətindəki ən xoş sözləri işlədib.

Təbii ki, bu və digər versiyalar müəyyən dairələrin fikirləridir. Həqiqət isə Matias Rust işinin hələ də məxfi saxlanılan qovluğundadır. Amma aşkarda olan bir həqiqət də var, Almaniya Texniki muzeyində saxlanılan «Sessna» təyyarəsi...

Çağrilmamış qonağın Kremlə təyyarə ilə təşrifi «nikbin» sovet xalqının lətifə yaradıcılığına «böyük uğurlar» gətirib, Qızıl meydan ikinci statusunu qazanıb:  «Şeremetyevo 3». Meydanda əli yüklü adam görəndə deyirmişlər ki, bu vətəndaş Almaniyaya gedir, Hamburq təyyarəsini gözləyir. Yaxud, Qızıl meydanda iki dost bir-birindən siqaret istəyəndə cavab belə olub, aerodromda siqaret çəkmək qadağandır.

Gülmək öz yerində, amma həqiqətən də SSRİ kimi nəhəng olmuş bir dövlətin sərhədlərini keçib quşun belə ehtiyatla qonduğu Qızıl meydana alman təyyarəsinin enməsi olduqca müəmmalı məsələdir...

 





14.06.2017    çap et  çap et