«Hər bir hərəkat mütləq arxasında olan bir təşkilatla hərəkət etməlidir. Kiçik ya böyük, qısa müddət ,ya uzun müddət, bir ya neçə hədəf istimaqətində hərəkət etmək üçün təşkilat olmalıdır. O hərəkat o təşkilatın gücündən asılı olaraq irəliləyə bilər,» deyə Səttar Sevigin söyləyir.
O əlavə edir, «biz təşkilatlarımızın bütün olmadığını, lazımi gücə sahib olmadığını görə bilirik. Təbii ki İranda mövcud olan diktatorluq və siyasi durum üzündən rəsmi təşkilatlar yarana bilmir. Amma hərəkat ölkə və bölgənin şəraitinə uyğun öz quruluşunu qoymalı və o əsasda hərəkət etməlidir».
Sevigin milli hərəkat çərçivəsində təbliğ edilən düşüncələrin təşkilatlar vasitəsilə deyil, ümumiyyətlə fərdi təşəbbüslər ilə ortaya qoyulduğunu önə çəkir:
«Mən daha çox şəxsləri, fəallarımızı görürəm. Fərdi şəkildə, ya bir neçə fəal bir araya gələrək bəyanatlar verir və fikirlər irəli sürürlər. İrəli sürülən fikirlər haqqında bir şey demirəm, amma ümumiyyətlə nəticə istədiyimiz kimi olmur».
O, əsas problemin təşkilatların bir-biri ilə əlaqə qurmasında deyil, əsasən təsirli bir təşkilatın mövcud olmamasında gördüyünü deyir.
«İlk problem təşkilatlar arasında dialoq məsələsi ilə bağlı deyil. Təşkilatların özlərinin güclü olmamasıdır... Bir təşkilat tək başına bir hərəkət edə bilsə, nə yaxşı, hərəkət etsin. Amma edə bilməsə başqa təşkilatlar ilə ortaq məxrəc tapıb onlarla hərəkət etməlidir. Bu da bizlərdə zəif görünür... Amma biz milli şüurun güclənməsini görə bilirik», deyə o bəyan edir.
Türk fəalın fikrincə, milli hərəkatın arxasında təsirli təşkilatların mövcud olmaması hərəkatın şüarlarının boşa çıxmasına yol verir.
«Misal üçün, seçkilərdə bir şüar verildi ki, prezident seçkilərinə qatılmırıq, amma şura seçkilərinə qatılırıq. Normal vətəndaş burada çaş-baş qalır. Bu nədir? Oraya gedib amma buraya getmirəm... Verdiyimiz şüar boşa gedir və insanlarımızın ruhiyyəsi ölə bilir. Sabah deyir ki, milli hərəkat belə bir şüar verdi, amma heç dəyəri olmadı. 40 milyon gedib səs verdi. Təbriz səs verdi. Yəni, bir şüarın nəticəsi yoxsa, sən o şüarı verməyəcəksən. Bu da bizim təşkilatımızın olmaması, durumu dəyərləndirə bilməməsi üzündən olur», deyə Səttar Sevigin əlavə edir.