Vaxt.Az

Londonda dəhşətli yanğın


 

120 mənzillik yaşayış binası külə döndü 6 ölüb, 69 xəsarət alıb

Londonda dəhşətli yanğın Londonun qərbindəki yaşayış binasında çərşənbə axşamı gecə saatlarından səhərə qədər baş vermiş yanğında ən azı 6 nəfər ölüb və 69 nəfər xəstəxanaya yerləşdirilib, təcili yardım xidmətlərinin rəsmiləri bildirib.

Kensinqton (Kensington) rayonunun şimalında yerləşən «Grenfell Tower» binasında yanğına şahid olanlar deyir ki, evlərdə sıxışıb qalan insanlar yardım üçün qışqırırdılar.

Hadisə yerinə gələn yanğın söndürmə xidmətinin əməkdaşları binanın sakinlərini «böyük sayda» xilas edib.

London Ambulans Xidməti 69 nəfərin 6 xəstəxanaya yerləşdirildiyini və onlardan 18-in vəziyyəti ağır olduğunu bəyan edib.

24 mərtəbəli binadan tüstü qalxır və onun aşmaq təhlükəsi barədə qorxular var.

Hadisə şahidləri deyir ki, onlar binanın yuxarı hissəsində mobil telefonlardan və ya məşəllərdən yayıldığı ehtimal edilən işıqlar görüblər.

London Yanğın Komissarı Deni Kotton (Dany Cotton) «bir neçə ölümün» baş verdiyini, lakin «binanın ölçüsü və mürəkkəbliyi» səbəbindən dəqiq rəqəm verə bilmədiyini vurğulayıb.

O, binanın sakinlərinə polisdə qeydiyyatdan keçməyə tövsiyə edib ki, hakimiyyət onların təhlükə altında olmadığı barədə məlumatlansın.

«Gözlənilməz hadisənin» səbəbinin hələ aydın olmadığını deyən xanım Kotton binanın vəziyyəti barədə spekulyasiya etməyin hələ erkən olduğunu, lakin yanğın söndürmə əməkdaşlarının içəridə xilasetmə əməliyyatları keçirməsi üçün kifayət qədər təhlükəsiz olduğunu deyib.

8-ci mərtəbədə yerləşən mənzildə yaşayan Pol Munakr (Paul Munakr) binadan vaxtında çıxa bilib.

«Mən pilləkanlarla aşağı düşərkən yanğınsöndürənləri gördüm. Həqiqətən də möhtəşəm yanğınsöndürənlər doğrudan da yuxarıya qalxırdılar ki, mümkün olduqca çox adamı binadan çıxara bilsinlər», o BBC-ə deyib.

Cənab Munakr yanğın həyəcanının səsləndirilmədiyini və yanğının baş verdiyini yalnız küçədən insanların «tullanma, tullanma» qışqırıqlarını eşitdikdən sonra anladığını bildirib.

Hal şahidi Cudi Martin (Jody Martin) deyib: «Mən bir adamın düşdüyünü gördüm. Bir qadının körpəsini pəncərədən tutduğunu gördüm...qışqırıqlar eşidirdim».

«Mən hamıya «aşağı düşün» deyə bağırırdım və onlar mənə «biz mənzillərimizdən çıxa bilmirik, korridorlardakı tüstü çox pisdir» deyirdilər».

8-ci mərtəbədə yoldaşı və gənc qızı ilə yaşayan Michael Paramaseevan onlara evdə qalmalarını tövsiyə edən rəsmi göstərişə əməl etməyərək binadan çıxdığını deyib.

«Əgər biz mənzildə qalsaydıq həlak olardıq. Ürəyimdə instinktlə bildim ki, qızları çıxarmalıyam. Tüstüyə görə balacanı parça ilə bürüdüm və onları oradan çıxardım».

5-ci mərtəbədə yaşayan Zoe adlı qadın qonşunun qapısını döyərək ona xəbəri çatdırdığını deyib.

«Bütün korridor tüstü ilə dolu idi. Yanğın siqnalizasiyası heç işləmirdi və yanğının belə tez 5-ci mərtəbədən 24-cüyə qədər qalxması çox qorxuducu idi».

Londonun meri Sadiq Xan (Sadiq Khan) yüksək mərtəbəli yaşayış binalarında təhlükəsizlik barədə çoxlu sualları cavablandırılmalı olacaq.

«İnsanlar üçün təhlükə yaradan pis tövsiyələrin olması və əgər iddialar doğrudursa, yaşayış binalarının düzgün şəkildə təmir və təmin edilməməsi qəbulolunmazdır», o, BBC-ə bildirib.

Yanğınsöndürmə Briqadaları Birliyinin əməkdaşı Matt Vrak ((Matt Wrack) binada yanğına qarşı prosedurlarda açıq-aydın bir problemin olduğunu deyib.

Adətən bu cür yanğınlarda yanğınsöndürənlər yanğın çıxışı ilə qalxaraq yanğını söndürməyə cəhd edirlər. Lakin bu dəfə bu mümkün olmayıb.

Kensinqton and Çelsi (Chelsea) Rayonundan Nik Peyget-Braun (Nick Paget-Brown) yanğın baş verən an binada «yüzlərlə» insanın olduğunu deyib.


Təhlükəsizlik xəbərdarlıqları


Yerli sakinlərin 2010-cu ildə yaratdıqları «Grenfell Action Group» (GAG) ilk olaraq ərazidə Kensinqton Akademiyası və Əyləncə Mərkəzinin tikintisinə qarşı etiraz edib.

Daha sonra, 2013-cü ildən etibarən GAG yerli bələdiyyə üçün ərazidəki mənzilləri idarə edən KCTMO - Kensinqton və Çelsi İcarəçilər İdarə Təşkilatının («Kensinqton and Chelsea Tenant Managment Organisation») yanğına qarşı hazırsızlıq olduğunu iddia edib.

1996-cı il, aprel ayının 1-dən etibarən KCTMO mənzillərin idarə edilməsi məsuliyyətini Kensinqton və Çelsi bələdiyyəsindən öz üzərinə götürüb.

GAG-ın şikayətləri və iddiaları bunlardan ibarət olub:

Kensinqton Akademiyasının və Əyləncə Mərkəzinin tikintisi binaya giriş yollarını məhdudlaşdrırıb.

Təcili yardım avtomobilləri üçün ayrılan yerdə icazəsiz avtomobillərin saxlanmasının qarşısı alınmayıb.

2012-ci ildə binada özəl şirkət tərəfindən aparılmış yoxlamalar nəticəsində məlum olub ki, binadakı yanğınsöndürən balonlar, yanğın üçün nəzərdə tutulmuş pilləkənlər və cihazlar bəzi yerlərdə illərlə yoxlanmayıb.

2015-ci ildə KCTMO-ya məxsus olan başqa bir binada baş vermiş yanğından sonra Yanğınsöndürmə xidmətinin təhqiqatçıları səbəbi araşdırıb, şirkət öhdəliklərini yerinə yetirmədiyinə görə müvafiq tədbirləri icra edilməsini tapşırıblar.

Binanın sakinlərinə yanğın vaxtı nə etməli olduqları barədə kifayət qədər məlumat verilməyib. GAG təmir barədə vərəqədə və liftin içinə yerləşdirilən müvəqqəti afişada sakinlərə yanğın vaxtı mənzillərin içində qalmaları tövsiyə edildiyini iddia edir.

Bu ilin mart ayında binanın içinə yerləşdirilən işarədə sakinlərə yalnız mənzillərinin içində yanğın baş verəndə binanı tərk etmək tövsiyə edilib. Əks halda onlara «evdə qalmaq» məsləhət görülür.

KCTMO kommunikasiya şöbəsindən BBC Azərbaycancaya yanğın barədə hələ ki, şərh verilməyəcəyi bildirilib.

Lakin daha sonra dərc edilən bəyanatında KCTMO sakinlərin keçmişdə ifadə etdiyi şikayətlər barədə məlumatlı olduqlarını etiraf ediblər.

«Biz bütün şikayətlərə ciddiliklə yanaşırıq və bunlar bizim gələcəkdə keçirəcəyimiz araşdırmalara daxil ediləcək», bəyanatda deyilir.

Hadisənin «fəlakət» olduğunu deyən KCTMO yerli bələdiyyə ilə birlikdə sakinlərə dəstək göstərmək üçün əlindən gələni etdiyini deyib.

KCTMO-un əvvəl dərc edilən bəyanatında şirkətin baş icraçı direktoru Robert Blək (Robert Black) yanğında baş verən ölümlər və xəsarətlərin «ürəkyandırıcı» olduğunu və əməkdaşları ilə birlikdə hadisə yerində təcili yardım xidmətlərinə dəstək göstərdiklərini bildirib.


Nə baş verib?


«Lancaster West Estate»də yerləşən «Grenfell Tower»də yanğının başlaması barədə məlumat London vaxtilə saat 00:54-də yayılıb.

Saat 04:00-da polis sakinlərin binadan təxliyəsinin davam etdiyini deyib.

Təxminən 200 yanğınsöndürən hələ də hadisə yerində yanğının söndürülməsi üçün çalışır.

Şəhər polisi bildirib ki, insanlar «bir sıra zədədən» müalicə olunub.

BBC-nin müxbiri Simon Lederman bildirib ki, onun başa düşdüyünə görə, «xeyli insan» itkin düşüb.

Digər şahidlər iddia edir ki, içəridə sıxışıb qalan sakinləri pəncərədə görüblər.

Onun sözlərinə görə, yanan bina «kilometrlərlə məsafədən» görünüb və bina onuncu mərtəbədən başlayaraq «nəzarətdən kənar yanırdı».

London Yanğınsöndürmə Briqadasının köməkçi komissarı Dan Deyli (Dan Daly) bildirib ki, «yanğınsöndürənlər çox çətinliklə və ağır şəraitdə yanğının söndürülməsi üçün çalışır».

London Təcili Tibbi Yardım Xidmətinin xüsusi təlim keçmiş xilasetmə tibbi yardım işçiləri də hadisə yerinə göndərilib.

«A40 Westway» hər iki istiqamətdə bağlanıb. London Metrosu bildirib ki, bəzi xətlər dayandırılıb.

 





14.06.2017    çap et  çap et