Virtualaz.org xatırladır ki, həmin ərəfədə Hafiz Məmmədovun biznesinin çökməsi və müflis olması ona klubu almaq üçün nəzərdə tutulan 50 milyon avronu ödəməyə imkan vermədi. Nəticədə klub bir müddət sonra tailandlı biznesmen Deyfon Çansiriyə satıldı.
«Mən bu möhtəşəm klubu almaq üçün sövdələşmə bağladığıma görə çox razıyam və fəxr edirəm», - Britaniyanın «The Star» qəzetinin yazdığına görə tailandlı biznesmen indi belə deyir.
Qəzetin idman yazarı Kris Holt yazır: «Düz üç il əvvəl, elə bu vaxtlarda biz bu sözləri bir dəfə eşitmişdik, amma başqa adamdan. Bu adam Hafiz Məmmədov idi. Azərbaycanlı biznesmen, Fransanın «Lens» klubunun sahibi o vaxt «Sheffield Wednesday»i də aldı. Lakin sonra bəlli oldu ki, Məmmədovun klubu Mandariçdən almaq üçün pulu çatmayıb. Əslində onun pulu yox idi, yaxud pulu vardı, amma onları gözdən düşmüş yüksək vəzifəli məmurlardan heç cür geri ala bilmirdi, bütün gücüylə çalışırdı ki, pullarını qaytarsın. Ona görə də müqavilənin bağlanmasından sonra pulların köçürülməsi dörd ay uzandı, klubun oyunçuları öz köynəklərinə «Azərbaycan-Odlar Yurdu» sözlərini yazdırası olmadı və Mandariç müqaviləni bir kənara atıb yeni alıcı axtarmağa başladı».
Müəllif xatırladır ki, o vaxtdan bəri Məmmədov bütün mülkiyyətini və biznesini itirib, indi «Lens» klubu da «Atletico Madrid»in sahibinə məxsusdur. Hərçənd son məlumatlara görə Məmmədov klubu geri almaq üçün mübarizəyə hazırlaşır.
Xatırladaq ki, virtualaz.org Hafiz Məmmədovun biznesinin onun keçmiş ortaqları, o cümlədən Beynəlxalq Bankın hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev tərəfindən necə müflis edildiyi barədə araşdırmalar dərc edib. Məmmədovun biznesinin çökdürülməsi onun keçmiş nəqliyyat naziri Ziya Məmmədovla ortaqlığının pozulmasından sonra başlamışdı.