Vaxt.Az

Şimal bölgəsində müəmmalı gərginlik


 

MTN Qubada həbsləri davam etdirir; bu dəfə yerli hüquq müdafiəçisinin əmisi oğlu tutuldu

Şimal bölgəsində müəmmalı gərginlik Milli Təhlükəsizlik Nazirliyi Azərbaycanın şimal bölgəsində səbəbi məlum olmayan həbslər aparır. “Azadlıq” radiosu xəbər verir ki, bu gün səhər saatlarında Qubada xüsusi xidmət əməkdaşları tərəfindən daha bir nəfər saxlanılıb. O, yerli hüquq müdafiəçisi Aftandil Məmmədovun əmisi oğludur. Məlumatı hüquq müdafiəçisi verib. Saxlanan şəxsə - 25 yaşlı Vəfadar Məmmədova rəsmi ittiham irəli sürülməyib.
“Onunla birgə əmim Qeybulla Məmmədovun bu gün Quba Rayon Məhkəməsində keçiriləcək prosesinə gedirdik. Mülki geyimdə olan bir neçə nəfər məni kənara itələyərək əmim oğlu Vəfadarı zorla qara rəngli maşına basıb apardılar. Dəfələrlə niyə həbs olunduğunu soruşsam da heç bir söz deməyib ərazidən uzaqlaşdılar. Bir gün əvvəl gecə yarısı əmimin o biri oğlunu – Vəfanur Məmmədovu evlərindən aparıblar. Onları ittiham edirlər ki, guya evlərindən silah-sursat çıxıb. Hamısı yalan söhbətlərdir və bu adamların evlərinə bir kisə un almağa da pulları yoxdur” - deyə hüquq müdafiəçisi bildirib.
Aftandil Məmmədovun sözlərinə görə, bir gün öncə mülki geyimlilərin apardıqları əmisi oğlu hazırda Bakıda Milli Təhlükəsizlik Nazirliyində saxlanır: “Əmim oğluna nazirlik tərəfindən artıq vəkil də təyin edilib. Vəkil yanvarın 8-də mənə zəng etmişdi. Əmioğlum MTN-də saxlanıldığını bildirdi və dedi ki, ona pal-paltar gətirmək lazımdır”.
Vəkil Eyyub Ələkbərov Vəfanur Məmmədovun MTN-də saxlandığını təsdiqləyib, ancaq müdafiəsinə yeni cəlb olunduğu şəxslə hələ görüşə bilmədiyini deyib: “Hələ onunla görüşə bilməmişəm. Hələ ittiham da irəli sürülməyib”.
Xəbər verildiyi kimi MTN yanvarın 8-də də Qubada bir neçə nəfəri saxlayıb. Saxlanılanların sayının azı dörd nəfər olduğu bildirilir. Rəsmi qurumlar hələlik bu həbslərlə bağlı məlumat yaymayıb. Sosial şəbəkələrdə həbslərin radikal dini qruplarla bağlı aparıldığı və saxlanan şəxslərin, ola bilsin, məhkəməsi gedən Qeybulla Məmmədovu qaçırmağı planlaşdırdığı yazılır.
Qeybulla Məmmədov 2012-ci ilin noyabrında həbs olunub, o, dələduzluqda ittiham olunur. Lakin Q.Məmmədov özü hesab edir ki, həbsi dindar olması ilə bağlıdır və bundan əvvəl də dəfələrlə polis təqiblərinə məruz qalıb.
Xatırladaq ki, ötən ilin payızında Qusar rayonunda valyuta dəyişmə məntəqəsinə basqınla başlayan atışmalar yaşanmışdı və radikal dinçilərlə atışmalarda bir polis zabiti də həlak olmuşdu. Azərbaycanın şimal bölgəsində xüsusi xidmət orqanlarının vəhhabi təriqətinə mənsub olduğu deyilən şəxslər arasında apardığı növbəti həbslər Rusiyada bir-birinin ardınca baş vermiş terror aktlarının ardınca baş verir. Belə narahatlıqlar var ki, Şimali Qafqazda fəaliyyət göstərən radikal qruplaşmalar Soçidə keçiriləcək olimpiya yarışlarını pozmaq üçün terror hücumlarını artıracaqlar. Hazırda radikal qruplaşmalar Azərbaycanla həmsərhəd Dağıstanda daha fəaldır.
 





09.01.2014    çap et  çap et