Vaxt.Az

«Qanun layihəsi stimul yaradır»


 

Əflatun Amaşov: «Bilgisizlik bir çox hallarda vətəndaşı dövlətlə üz-üzə qoyur»

«Qanun layihəsi stimul yaradır» Milli Məclisin növbədən kənar plenar iclasında (13 iyun 2017-ci il) çox vacib bir qanun layihəsi müzakirə olundu. Güman ki, «İşsizlikdən sığorta haqqında» qanun layihəsi tezliklə qəbul ediləcək və bu sənəd ölkəmizdə əmək münasibətlərinin tənzimlənməsində müsbət rolunu oynayacaq. Çox qızğın keçən müzakirələrdə bir çox deputatlar, o cümlədən Mətbuat Şurasının rəhbəri, millət vəkili Əflatun Amaşov da iştirak edib:

«Hesab edirəm ki, bu qanun ölkəmizin əmək, ümumən sosial münasibətləri sisteminə yeni baxış, yeni nəfəs gətirəcək. Eyni zamanda qarşılıqlı məsuliyyət kateqoriyalarını dəqiqləşdirəcək. Mediadan bununla bağlı müəyyən fikirlərlə tanışam. Əmək və əhalinin sosial müdafiəsi naziri cənab Səlim Müslümovun açıqlamaları olub. Cənab nazir məsələni ətraflı izah edib».

Ə.Amaşov qanun ona görə vacibdir adlandırıb ki, əmək bazarı qlobal böhranların təsirinə ən tez məruz qalan sahədir: «Burada sabitliyin qorunması dövlətin vəzifəsidir. Əlbəttə, ölkəmizdəki məlum böhranın fəsadları müəyyən qədər aradan qalxıb. Ancaq biz uzunmüddətli effektivliyi düşünməliyik və qanun layihəsi həm də bu baxımdan zəruridir».

Ölkəmizdəki qeyri-formal əmək münasibətləri probleminə vurğulayan millət vəkili fikrini belə davam etdirib: «Nə qədər mübarizə aparılsa da, belə hallar qalmaqdadır. Az öncə bu qanunla sosial münasibətlər sisteminin, əmək münasibətlərinin yeni məcraya qədəm qoyacağını təsadüfən vurğulamadım. Bu sistem qabaqcıl beynəlxalq təcrübəyə əsaslanır. Layihədə açıq şəkildə göstərilir ki, qanun dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərinin sayı və ya ştatlarının ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir».

Deməli, hər bir işçi qeyri-formal əməyin rəsmiləşməsinə çalışmalıdır. Qanun layihəsi bunun üçün bir növ, stimul yaradır. İşçi düşünməlidir ki, üzləşə biləcəyi işsizliyin fəsadlarından qorunma immuniteti məhz bu qanunla tənzimlənəcəkdir. İşsizliyə görə dövlətdən hansısa imtiyaz tələbi də həmçinin».

Millət vəkili qeyd edib ki, bütün bunlara görə də qanun layihəsindən irəli gələn məsələlərlə bağlı ictimai müzakirələr, layihə və təşəbbüslər gerçəkləşdirilməlidir: «Bəli, sənəd fundamental yanaşmanın məhsuludur. Dediyim kimi, sosial münasibətlər sistemimizdə yenilikdir, indiyədək gedilməyən yoldur. Ancaq bunun detalları cəmiyyət üzvlərinə geniş şəkildə izah edilməlidir. Ciddi maarifləndirmə işləri aparılmalıdır. Nəzərə alınmalıdır ki, bilgisizlik bir çox hallarda vətəndaşı dövlətlə üz-üzə qoyur».

Çıxışını müzakirə edilən layihənin aktuallığı ilə yekunlaşdıran Amaşov, sənədə səs verəcəyini, ancaq layihədəki müəyyən təkrarçılıq meyllərini diqqətə çatdırıb: «Konkret olaraq 6.2.9-cu və 7.1.2-ci maddələri nəzərdə tuturam. Sığorta edənlə sığortaçının hüquq və vəzifələri təkrar gedib. Çox güman bu, texniki yanlışlıqdır. Ancaq hər bir halda aradan qaldırılmalıdır».

 





15.06.2017    çap et  çap et