Öz adındakı «tobacco» sözünü 18 ay bundan əvvəl silmiş Imperial yeni istehsalat sahəsi üzrə direktor vəzifəsinə tibb məqsədli kənaf eksperti Simon Langeliri (Simon Langelier) dəvət edib.
Karyerasının 30 ilini rəqib «Philip Morris» şirkətinin sədri vəzifəsində keçirmiş bu ekspert həm də Kanadanın «PharmaCielo» firmasının rəhbəridir. Bu firma tibbi kənaf yağının istehsalı ilə məşğul olur.
Bu arada ABŞ boyunca müxtəlif ştatlarda narkotik bitki olan kənaf və ondan istifadəyə dair yeni qanunların qəbulu davam edir.
Onlarca ştat anaşadan tibbi məqsədlərlə istifadəyə icazə verir və bir neçə ştatda anaşadan fərdi istifadə qanuniləşdirilib.
Beləliklə, ABŞ-da kənafın federal səviyyədə qanuniləşdirilməsi indi reallıq kimi görünür.
Bununla belə, Imperial şirkətinin sədri Mark Uillamson (Mark Williamson) öz bəyanatında hələlik kənafın kommersiya məqsədilə istehsalından bir söz deməyib.
Belə söhbətlər də var ki, tütün şirkətləri öz təcrübələrindən istifadə etməklə gələcəkdə kənafın yetişdirilməsinə və kütləvi anaşa istehsalına keçəcəklər.
«Cowen & Co.» firmasının təxminlərinə görə istehlakçılar bu onillikdə 50 milyard dollarlıq anaşa alacaqlar. Hesablamalara görə bu narkotik bitkinin kütləvi becərilməsi Kaliforniya ştatına ildə 5 milyard dollar əlavə gəlir verə bilər.
Məqalədə deyilir ki, cənab Langelir yaxın gələcəkdə İmperialın elektron siqaretlərin və başqa nikotinsiz məmulatların istehsalına keçməsinə kömək edə bilər.
Imperial bu vaxtadək elektron siqaret istehsalına investisiya yatırsa da, tütün qızdıran başqa avadanlıq sahəsinə baş vurmayıb.
Məsələn, «Philip Morris» tütünqızdıran vasitələrin yeni nəslinin istehsalına başlayıb.
Imperial şirkəti hazırda bu texnologiyanın Yaponiya xaricində nə qədər sərfəli olacağı üzərində araşdırma aparır. Yaponiya elektron siqaretlərin və tütünqızdıran ləvazimatın ən böyük bazarıdır.
Ümumiyyətlə isə, bu nikotinsiz məmulatlar, onların istehsalına başlandığı 2 ildə siqaret bazarının 7, 1 faizini təşkil edib.