Vaxt.Az

«Qızım dedi ki, yetmişcə min dollar pulumuz var»


 

Məhkəmə şahidə ad çəkməyə icazə vermədi

«Qızım dedi ki, yetmişcə min dollar pulumuz var» Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam edir.

Məhkəmə iclası «8-ci kilometr» bazarının MTN əməkdaşları tərəfindən ələ keçirilməsini iddia edən zərərçəkmiş Cəfər Səfərovun iddiası üzrə epizodun araşdırılması ilə davam etdirilib.


Şahidin halı pisləşdi


Virtualaz.org-un əməkdaşı məhkəmə zalından xəbər verir ki, epizod üzrə şahid qismində ifadə verən Zahid Nəsrullayevin sözlərinə görə, o, 2002-ci ilə qədər Rusiyanın Surqut şəhərində yaşayıb, 2002-ci ildə Bakıya qayıdıb. Elə o vaxt zərərçəkmiş Cəfər Səfərov ona müraciət edərək, müəyyən qədər pul istəyib, o da etiraz etməyib. Şahid deyib ki. həmin pula Cəfər və qardaşları bazar alıb işlədiblər, sonra isə onun pulunu qaytarıblar. Zahid Nəsrullayev başqa heç nədən xəbərinin olmadığını vurğulayıb.

Dövlət ittihamçısının suallarını cavablandıran şahid Səfərov qardaşlarına 2002-ci ildə bir dəfəyə 120 min dollar borc verdiyini, qardaşların həmin pulu bir ildən sonra qaytardıqlarını bildirdi. Zahid Nəsrullayev zərərçəkmişlərin vəkilinin sualına cavab olaraq bazarın MTN əməkdaşları tərəfindən qardaşların əlindən alındığını kənar şəxslərdən eşitdiyini dedi. Zahid Nəsrullayev əslində heç bir şeyin şahidi olmadığını qeyd etdi.

Məhkəmə prosesinə sədrlik edən hakim Həbib Həsənov şahidin istintaqa verdiyi ifadəsini oxuduqdan sonra məlum oldu ki, Zahid Nəsrullayev müstəntiqə ümumiyyətlə zərərçəkmiş Cəfər Səfərova borc pul vermədiyini deyib. Onun sözlərinə görə, pulu zərərçəkmişə «Neftçilər» metro stansiyasının yaxınlığında yerləşən «Yeganə» gözəllik salonunu almaq üçün veribmiş. Lakin vəkil Kamandar Nəsibov şahidə bir daha xatırlatdı ki, məhkəmədə verdiyi ifadəsində o, Cəfər Səfərova pulu bazarı almaq üçün verdiyini deyib.

Bundan sonra şahid oruc tutduğu üçün halının pis olduğunu bildirdi və məhkəmədən sualları oturaraq cavablandırmasına icazə verilməsini xahiş etdi. Hakim Həbib Həsənov etiraz etmədi. Lakin şahid skamyaya oturandan dərhal sonra, ümumiyyətlə, sualları cavablandırmaqdan imtina edərək, başını masanın üzərinə qoydu. Bu vəziyyət bir neçə saniyə davam etdikdən sonra prosesə sədrlik edən hakim şahidə gedə biləcəyini dedi. Vəkillər iş üzrə digər şahid Çingiz Əsədov dindirilərkən Zahid Nəsrullayevin zalda olmasını məhkəmədən xahiş etsələr də, məhkəmə şahidə çıxıb getməsini tapşırdı.


Zərərçəkmiş zorla zaldan çıxarıldı


Vəkil Kamandar Nəsibov and içməsinə baxmayaraq yalan danışdığına görə şahid Zahid Nəsurullayev barəsində müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Elə bu vaxt zərərçəkmiş Salman Səfərov vəkilə replika ataraq, onu hər gün yalan danışmaqda ittiham etdi və bundan sonra tərəflər arasında yüksək tonlarda mübahisə yarandı.

Hakim Həbib Həsənov zərərçəkmişdən ayağa qalxmasını və zalı tərk etməsini tələb etdi. Lakin Salman Səfərov sədrlik edənin göstərişinə tabe olmayaraq, zaldan çıxmaqdan imtina etdi. Hakim nəzarətçilərin çağırılmasını və zərərçəkmişin zaldan çıxarılmasını bir daha tələb etdi. Salman Səfərov isə buna qarşılıq olaraq zərərçəkmiş şəxs kimi tanınmış qardaşlarını və onların vəkillərini məhkəməni boykot etməyə və onunla birlikdə çıxıb getməyə çağırdı. Lakin sözügedən şəxslərdən heç kim yerindən tərpənmədi.

Zərərçəkmiş Salman Səfərov məhkəmə nəzarətçilərinin müşayiəti ilə zaldan çıxarkən fürsət taparaq «son söz»ünü dedi və gözlənilmədən saytımız barədə danışmağa başladı.

Zərərçəkmiş Virtualaz.org saytını məhkəmədə olanları hecabaheca yazmaqda «günahlandırdı».

Növbəti şahid Qələmzər Qəhrəmanlı ifadə verərək bildirdi ki, «8-ci kilometr» bazarını idarə edən «Nəzrin E» MMC-də baş mühasib vəzifəsində işləyir. Şahidin sözlərinə görə, məlum hadisələrdən sonra şirkətin 5 illik fəaliyyəti Vergilər Nazirliyi tərəfindən yoxlanılıb və akt tərtib olunub.

Q.Qəhrəmanlı Akif Çovdarovu tanımadığını, işə Elşən Hüseynov tərəfindən təyin edildiyini deyib. Belə ki, MMC-nin direktoru E.Hüseynov onun bacısı oğlu Rəşadla dostdur.

Zərərçəkmişlərin vəkilinin suallarını cavablandıran şahid mühasibatlığı Akif Əzimovdan təhvil aldığını, sonradan isə Akif Əzimovun yoxa çıxdığını, vergi orqanlarının keçmiş mühasibi axtardıqlarını, 4 il ərzində tez-tez ona zəng edilib Akif Əzimovu soruşduqlarını bildirib.

Zərərçəkmişlərin vəkili may ayının 23-də iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə verdiklərini bildirdi, lakin prosesə sədrlik edən hakim Həbib Həsənov ərizənin onlara daxil olmadığını dedi.


Məhkəmə şahidə ad çəkməyə icazə vermədi


İş üzrə növbəti şahid ifadəsini Çingiz Əsədov verdi. Onun açıqlamaları, gözlənildiyi kimi, uzun və maraqlı olması ilə yadda qaldı. Çingiz Əsədovun səhhətində problemlər olduğunu nəzərə alan hakim şahidin oturaq vəziyyətdə ifadə verməsinə icazə verdi. Çingiz Əsədov sərbəst ifadəsində bildirdi ki, bazarı 1990-cı ildə Moskva elm-istehsalat birliyinin nəzdində açıb, 1991-ci ildə qeydiyyatdan keçirib, 2001-ci ildə isə şəhadətnamə alıb.

«Moskvada bir neçə yerim vardı, fikirləşdim gəlim Bakıya. Bakıda şirkət açdım - «Maral-Veqa» elm-istehsalat birliyini. Naxçıvanski küçəsində boş yerim vardı, dərə idi. 1991-in dekabrında ərizə yazdım, ancaq 1992-ci ilin mayında Bakı meriyasının sərəncamı ilə icazə verdilər. 74 sot idi, ora 2 min maşın torpaq töküb hündürlüyünü 1,5 metr qaldırdım. İstəyirdim restoran tikim, sonradan fikrimi dəyişib, bazar tikmək qərarı verdim. «Baksovet»lə razılaşdırıb 1992-də tikintiyə başladım, 1993-də tikib qurtardım. Mən oranı kimdənsə almamışam, sıfırdan özüm tikmişəm. Bu qardaşlar da bazarda alver edirdilər.

Kiçik qardaşım 2001-də cinayət törətdi. Həmin məsələ ilə bağlı günahım olmadığı halda, məni də 3 aylıq həbs etdilər, ancaq 10 gün «yatandan» sonra çıxdım. Gördüm ki, ancaq problemlərlə qarşılaşıram. Cəfər təklif etdi ki, bazarı onlara icarəyə verim. Mən də bazarın bir hissəsini qardaşlara icarəyə verdim. Sonra bütün bazarı aylıq 12 min dollara icarəyə verdim. Cəfər gəlib dedi ki, gəl sənin şirkətinə oxşayan bir şirkət açaq, mən də dedim ki, açaq. Tam ortaqlı bir şirkət açdıq. Ancaq bazarı buna (C.Səfərova – red.) vermək barədə, ümumiyyətlə, söhbətimiz olmayıb. Bir ildən sonra çağırdım, soruşdum ki, bazarı yenidən bir illik istəyirsən? Dedi ki, bazar mənimdir. Dedim, bazar sənin necə ola bilər? Mən sənə bazar satmamışam axı», - şahid bildirib.


Hakim Həbib Həsənov: 12 minə illik icarəyə vermişdiniz, yoxsa aylıq?

Şahid: Yox, aylıq 12 minə vermişdim. İllik 144 min dollar edirdi. Onun 140 minini verdilər, hələ 4 mininə də Cəfərin qardaşı Qəhrəmana 07 (VAZ-2107 – red.) alıb bağışladım. 2003-cü ildə Cəfər dedi ki, bazar mənimdir, dedim ki, mən sizə bazar satmışam? Həmin vaxt bazarın ən azı 3 milyon dollar qiyməti vardı. Özü də bu pulu mən özüm qoymuşdum bazara. Bir var sözlə, bir də var əməllə. Sonra mübahisə etdik, bunlar (Səfərovlar – red.) məni qovdular. Dedim, neyləmişəm sizə? Çörək vermişəm də…

Mən də bunları verdim məhkəməyə. Bunların «krışa»sı Fərhad Əliyev idi. Bir şey olan kimi onun adını bayraq edirdilər. Məhkəmə qərar çıxardı ki, Səfərovlar bazarı boşaltmalıdırlar. İcraçılar gəlib bazarı yenidən mənə təhvil verdilər. Ertəsi gün Cəfər bazara - yanıma gəldi, az sonra bir BMW avtomobili də yaxınlaşdı. Maşındakı adam pəncərədən dedi ki, sən mənim qohumuma niyə sataşırsan? Dedim, axı bu yer mənim ola-ola, niyə sataşmalıyam. Halal yerimi götürmüşəm də. Pərdəni aşağı salanda gördüm ki, bu Rafiqdir, «Azpetrol»un keçmiş yiyəsi. Söyüş söydü, mən də cavabını verdim. Sonra Cəfərgilə əmr etdi ki, tutun, bunları döyün. Cəfərgil 30-40 nəfər idilər, bizi döydülər. Mən bunlarla heç cür bacara bilmirdim.


Adam oğurluğunun Azərbaycan versiyası


Şahid Çingiz Əsədov ifadəsini davam etdirdi: «Əli adında oğlan gəldi, indi ona Əlisa deyirlər, mən onu Əli kimi tanımışam. Dedilər ki, «Xətai» metro stansiyasının yaxınlığında səni bir nəfər gözləyir. Gəl, bu bazar məsələsini sülhlə qurtaraq. Gəldim ki, bir nəfər oğlan gözləyir. Mənə dedi ki, sən bazarı qaytar, iddianı da məhkəmədən geri götür. Dedim niyə geri götürməliyəm. Cavab verdi ki, götürməsən, səni elə burda güllələyəcəyəm. Əlisanın yanında yerə bir-iki dəfə atəş açdı. Dedim ölsəm də dönən deyiləm. Mən nə yer satmışam, nə də fikrim var yerimi sizə verim. Bir az mübahisə edəndən sonra həmin oğlan dedi ki, mən bu işdə yoxam. İki gündən sonra Əli bir də gəldi ki, səni «Qəbələ» restoranında gözləyirik. Gəldim gördüm ki, Cəfər, Seyid və Qəhrəman oturublar. Salman orda deyildi. Təklif etdilər ki, gəl adama 33 faiz olmaqla 3 yerə bölüşdürək. Deməli, 33 mənə, 33 Cəfərə, 33 faiz də Seyidə, yəni Zahidə - «Səbinə» şadlıq evinin yiyəsinə. 150 min də pul verəcəkdilər. Mənə dedilər ki, məhkəmədə işi dayandır. Mən getdim, məhkəməyə ərizə yazdım ki, işi dayandırsınlar. İşi dayandırandan sonra mənə nə 150 mini verdilər, nə də bazara daxil olmağa icazə verdilər.

Bir müddət sonra mənə zəng gəldi ki, evimə hücum ediblər. Mən də evimi dəyişmişdim ki, bunlardan uzaq qaçım. Evimə hücum edəndə qardaşım Əsrəddini tutub aparmışdılar. Getdim Bakı Şəhər Baş Polis İdarəsinə. Məndən ərizə qəbul etmədilər. Cavadağa Sultanov məni qəbul etdi. Mənə polis əməkdaşı qoşdular ki, bəlkə bunlar geri çəkilə. Axşam 5-ə kimi gözlədik, ancaq heç kim gəlmədi. Ertəsi gün getdim Bakı Şəhər Baş Polis İdarəsinə ərizə yazdım. Ancaq ondan əvvəl bibim oğlu Elçin gəldi, mənə telefon nömrəsi verdilər ki, zəng edim. Zəng etdim, Cəfər götürdü telefonu. Dedi ki, qardaşın bizdədir. «Şuba Mamed»dir, nə Mameddir, bilmirəm, «Yeganə» şadlıq evinin yiyəsi. Sən demə, mənim evimdə olan şeyləri də bunlar oğurlayıb. Gəldim yenidən Cavadağa Sultanovun yanına, yaxınlaşıb dedim ki, qardaşım bu nömrədədir. Dedilər ki, get çayxanada otur, həll edərik. Mən «Qorotdel»dən aşağı çayxanaya düşəndə Cəfər zəng etdi ki, axı sənə dedik, polis kömək etməyəcək. Cəfər verdi telefonu «Şuba Mamed»ə, Mamed mənə dedi ki, əgər istəyirsənsə qardaşını tez buraxım, 1 milyon pul verməlisən.

Dedim axı siz mənim evimdə olan 123 min pulumu, 12 karatlıq kolyeni götürmüsüz. Dedi ki, onda 400 min çıxıram, 600 min gətir. 600 mini düzəltmək üçün Moskvada olan 2 dənə milyon yarımlıq obyektimi 370 minə satdım, qalanını da borc tapdım. Həm bazarımı aldılar, həm evimi oğurladılar, həm də qardaşımı buraxmaq üçün 600 min pulumu aldılar.

Mən bunlardan hara şikayət edirdimsə, baxmırdılar. Bir şey olan kimi deyirdilər ki, sənin həyat yoldaşın ayrı millətdəndir. İndi neyləməliydik, özümüzü öldürməliydik? Qaçmırdı, Azərbaycanı satmırdı. Namiq Abbasova yazdım, Baş prokurora yazdım, heç kim mənə kömək etmədi. Hara yaxınlaşırdım, Fərhad Əliyev məni qabaqlayırdı.

2005-ci ildə Fərhad Əliyev tutulandan sonra getdim Milli Təhlükəsizlik Nazirliyinə. Orada ərizə yazdım və hər şeyi danışdım, qardaşımı da, evimi də oğurlamaqlarını danışdım. Yoldaşım başqa millətdən olduğundan şikayətlərimə baxılmadığını dedim. Orada məni Akif Çovdarovun yanına apardılar.

Akif Çovdarov dedi ki, sən bunları danışırsan, ancaq bura nə polis deyil, nə də başqa idarə deyil, yalan danışsan, sənə qulaqburması verəcəyəm. Mən də dedim ki, əgər yalan danışsam, lap vurun öldürün məni. Mən danışandan sonra təxminən 1 saat başqa otaqda gözlədim, 1 saatdan sonra məni yenidən Akif Çovdarov çağırdı, gördüm ki, kabinetində Cəfər oturub. Akif müəllim mənə dedi ki, sən indi de görüm, bundan (Cəfər Səfərovdan) nə almısan. Bildirdim ki, ona bazar satmamışam, mənə ancaq 140 min icarə haqqı veriblər, o da hissə-hissə. Bu isə deyirdi ki, guya mənə 240 min pul verib. Cavab verdim ki, vermisənsə, mənə de. Başladıq bir-bir yazmağa. Deməli, 138 minə qədər çatdıq. Cəfər başladı mənimlə qırğına, çünki 2 mini tapa bilmirdi. 3 min, 5 min, 8 min - nə veriblərsə, bircə-bircə yazırdım. Cəmi 138 min çıxırdı. Akif müəllim qayıtdı buna (Cəfər Səfərova – red.) dedi ki, bəs deyirdin Çingizə 240 min vermişəm? Cəfər cavab Verdi ki, guya 100 min də qardaşıma - Ələddinə verib. İndi o qardaşım rəhmətə gedib.

Akif Çovdarov qardaşım Ələddinə zəng edib soruşdu ki, Cəfər sənə 100 min verib? O da telefonda bildirdi ki, nə 100 min? Həmin vaxt Cəfər üzünü Akif Çovdarova tutaraq dedi ki, o 100 mini çıx. Akif müəllim də dedi ki, sən 2 minə görə saat yarımdı başımızı ağrıdırsan, onda bəs bu 100 mini niyə çıxırsan? Akif Çovdarov sonra soruşdu ki, bunun (Çingiz Əsədovun – red.) qardaşını kim oğurlayıb? Cəfər dedi ki, bunun qardaşını «Yeganə»nin yiyəsi Mamed oğurlayıb. Sonra Akif Çovdarov mənə qayıtdı ki, sən dəhlizdə gözlə. 5 dəqiqədən sonra içəri girdim, Akif Çovdarov mənə dedi ki, bu (Cəfər Səfərov) kişi malını sənə geri qaytarır, mən də gördüm malımı geri qaytarır, şikayət vermək fikrimi dəyişdim. Ancaq bircə tələbim o oldu ki, ailəmlə işləri olmayacaq. Cəfər buna söz verdi.

Cəfər dedi ki, mənə 300 min pul ver, mən də Akif Çovdarova dedim ki, məndə hardandı 300 min, nəyim var, aldılar əlimdən. Akif Çovdarov mənə dedi ki, sənə kömək edərəm, mən də razılaşdım. Sonra da getdik notariusa, 300 mini öz adımdan verdim Cəfərə.

Bazardan mənə aylıq 5 min manat maaş ayırıblar, indiyə qədər alıram. Vallah, o bazar mənim yadıma düşmür. Əgər bir-iki dənə Akif Çovdarov kimi adam olsa, 50 belə obyektimi də verərəm. Amma bunlar qədrini bilmədilər çörəyin. 5 milyonluq yeri 240 minə kim satardı? Cənab hakim, zərər çəkən mənəm, bunlar necə zərər çəkiblər? Bu oyundan heç baş açmadım».


Hilal Əsədovun «yetmişcə min» dolları


Şahid Qulu Cəfərov ifadəsində qeyd etdi ki, «Nəzrin-E» MMC-nin direktoru, çoxdan tanıdığı Elşən Hüseynovdan ona bazarın adına rəsmiləşdirilməsi təklifi gəlib. Q.Cəfərov təqsirləndirilən Akif Çovdarovla bir yerlisi kimi tanış olduğunu qeyd edib.

Dövlət ittihamçısının suallarına cavab verən şahid deyib ki, notariat kontorunda imzaladığı müqaviləni oxumayıb. Zərərçəkmiş Cəfər Səfərov şahidi heç vaxt görmədiyini desə də, şahid onu yaxşı xatırladığını vurğuladı.

Növbəti şahid qismində prosesdə Ənvər Məmmədov ifadə verdi. Qeyd edək ki, Ə.Məmmədov keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun qayınatasıdır. Şahidin sözlərinə görə, ona məlumat verilib ki, Çingiz Əsədov bazarı satır. «Mənə bildirildi ki, bazar 450 min dollar satılır. Elşənlə şərikli girdik bu işə. Hərəmiz 225 min dollar verdik və bazarı aldıq. Elə orada Çingiz Cəfərə bildirdi ki, pulun gəldi, götürə bilərsən», - şahid deyib.

Dövlət ittihamçısının suallarını cavablandırarkən şahid bildirib: «Kürəkənim Hilal zəng etdi ki, bazar satılır, mənim pulum yoxdur, istəyirsənsə al. Mən də pulu düzəltdim. Heç mənim də pulum çatmırdı, qızımgilə getdim, qızım mənə dedi ki, yetmişcə min dollar pulumuz var – yeməyimiz də budur, içməyimiz də, dolanışığımız da. Həmin məbləği pulun üstünə qoydum, bazarın yarısını aldım».

Şahid qismində ifadə vermiş Əsədova Nüşabə bildirdi ki, keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun həyat yoldaşıdır. Şahidin sözlərinə görə, bazarı atası alıb və günlərin birində yaşlı olduğunu bildirərək, öz payının böyük hissəsini N.Əsədovanın adına keçirib. Bundan sonra bazarın 49 faizi N.Əsədovaya məxsus olub, 1 faiz isə Ə.Məmmədovun payında qalıb.

Zərərçəkmiş Əyyub Novruzov prosesdə ifadə verərək qeyd eydi ki, 1994-cü ildən bu günə qədər «8-ci kilometr» bazarında director müavini vəzifəsində çalışır və onu bu vəzifəyə Çingiz Əsədov təyin edib. Ə.Novruzov Sosialist Əməyi Qəhrəmanı, SSRİ Ali Sovetinin üzvü olduğunu vurğuladı.

Dövlət ittihamçısının suallarını cavablandırarkən zərərçəkmiş qeyd edib ki, Ç.Əsədov xəstələnəndən sonar bazarı Cəfər Səfərov idarə edib. Zərərçəkmiş dəfələrlə qeyd etdi ki, bazarı şəxsən o idarə edir. Onun sözlərinə görə, Çingiz Əsədovdan sonra bazara Ənvər Məmmədov və Elşən Hüseynov rəhbərlik ediblər. «Mən heç bir zərər çəkməmişəm, zərərçəkən də deyiləm», - Ə.Novruzov bildirib.

 





15.06.2017    çap et  çap et