Vaxt.Az

ABŞ-dan Poroşenkoya jest


 

Senat Rusiyaya qarşı yeni sanksiyaları tətbiq edəcək sənədi təsdiqlədi

ABŞ-dan Poroşenkoya jest ABŞ Senatında Rusiyaya qarşı yeni sanksiya sənədi qəbul edildi. Sənəd İrana qarşı sanksiyalar barədə qanun layihəsinə düzəliş şəklində əlavə olunub.

Düzəlişdə iki önəmli məqam var. Birincisi odur ki, Rusiyaya qarşı Obama dövründə icra hakimiyyəti səviyyəsində (prezident fərmanları ilə) tətbiq olunmuş qısamüddətli sanksiyalar qanun şəklinə salınır. Yəni, bu qanun qüvvəyə mindikdən sonra ABŞ prezidenti sanksiyaları yumşalda və ya ləğv edə bilməyəcək, bunun üçün Konqresin icazəsi lazım olacaq. Adətən qanunvericilik qaydasında tətbiq olunan sanksiyaların ləğvi çox çətin olur və bu sanksiyalar onillərlə davam edir. (SSRİ-yə qarşı 1974-cü ildə qəbul edilmiş Cekson-Venik düzəlişini xatırlatmaq yetərlidir. Bu qanun SSRİ dağıldıqdan sonra da qüvvədə qaldı və yalnız 2012-ci ildə ləğv edildi, dərhal da yerinə “Maqnitski Aktı” qəbul olundu.)

İkincisi önəmli məqam Rusiya iqtisadiyyatının indiyədək sanksiyalardan kənarda qalmış lokomotiv sahələrinə sanksiyaların tətbiqinin nəzərdə tutulmasıdır. Belə ki, düzəlişdə dağ-mədən, metallurgiya sənayesi, dəniz və dəmir yolu nəqliyyatı, ixrac neft-qaz kəmərləri, şist yataqlarının və Arktik şelfdəki neft yataqların işlənməsi ilə bağlı sanksiyaların tətbiqi əksini tapıb. Maliyyə Nazirliyinə tapşırılır ki, bu sahələrdə fəaliyyət göstərən Rusiya şirkətlərinin siyahısını tərtib etsin.

Bundan başqa, Senat Maliyyə Nazirliyinə, Dövlət Departamentinə və Milli Kəşfiyyat direktoruna tapşırır ki, insan haqları pozuntularında, Suriya rejiminə silah verilməsində, dövlət səviyyəsində kiberhücumlarda, dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsində, Rusiya kəşfiyyat və müdafiə sektorları ilə biznes aparan, sanksiyalardan yayınmağa çalışan, korrupsiya fəaliyyətində əli olan şəxslərin, o cümlədən Putinə yaxın oliqarxların (eləcə də bu məsələlərdə rolu olan qeyri-Rusiya vətəndaşlarının) siyahısını müəyyənləşdirsin. Onlara qarşı da sanksiyalar tətbiq olunacaq.

Qanun Nümayəndələr Palatasında qəbul edildikdən və prezidentin imzasından sonra qüvvəyə minəcək. Böyük üstünlüklə (97 lehinə, 2 əleyhinə) və ikipartiyalı konsensus əsasında qəbul edildiyi üçün Trampın sənədə veto qoymasının bir anlamı qalmır. Üstəlik, Rusiyaya qarşı düzəliş İran əleyhinə sanksiyalarla bağlı qanunun tərkibində olduğu üçün veto qoymaq asan deyil.

Gələn həftə Petro Poroşenko ABŞ-a rəsmi səfər edəcək. Bu qanunu səfər ərəfəsində Ukraynaya jest kimi də qiymətləndirmək mümkündür.

 





15.06.2017    çap et  çap et