Vaxt.Az

İldırımdan necə qorunmalı?


 

Ağacların yanında və açıqlıq sahədə dayanmamaq, qapalı yerdə gözləmək məsləhət görülür

İldırımdan necə qorunmalı? Artıq iyun ayının yarısı ötsə də, havanın temperaturundakı kəskin dəyişikliklər hər kəsi çaş-baş qoyub. Qəfil gah leysan yağır, gah da ki ildırım çaxır. Artıq bu təbiət hadisələri gündəlik həyatda da bəzi çətinliklərə səbəb olmağa başlayıb. Belə ki, bu günlərdə Badamdar qəsəbəsini içməli su ilə təmin edən nasosxananın elektrik təchizatı sistemini ildırım vurub. Bu barədə «Trend»ə açıqlamasında «Azərsu» Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. Qurum rəsmisi bildirib ki, bununla əlaqədar qəsəbənin içməli su təchizatında fasilə yaranıb.

Cəlilabad rayonunda da yağışla müşayiət olunan güclü külək əsib. Report-un məlumatına görə, bu zaman rayon sakini Azər Tahir oğlu Qurbanovu çöldə ildırım vuraraq öldürüb. Bununla yanaşı, güclü külək nəticəsində Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində 20-yə yaxın çoxillik ağac kökündən çıxaraq yıxılıb. Təbii fəlakətin nəticələri aradan qaldırılır. Anomal hava Qəbələ rayonunda da tələfata səbəb olub. Sözügedən bölgədə 250 qoyunu ildırım vurub. Hadisə Qəbələnin Laza kəndində baş verib. Yaylağa aparılan sürüyə ildırım düşüb, nəticədə qoyunlardan 250-si yerindəcə tələf olub. İldırımın şiddətindən çobanlar da bir müddət şok keçiriblər. Təxminən yarım saat sonra özlərinə gəldikdə isə, acı mənzərənin şahidi olublar. Son 10 gündə üç ildırım faktı müşahidə olunub. Təəssüflər olsun ki, bəzən ehtiyatsızlıq və diqqətsizlik üzündən xeyli tələfat olur. Bəs görəsən ildırım vurma zamanı hansı ilkin tibbi yardım göstərilməldir? Ümumiyyətlə, ildırımdan necə qoruna bilərik?

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov deyir ki, ildırım zamanı ağacların yanında və boş ərazilərdə dayanmaq qəti olmaz: «Çünki ildırım çaxan zaman hətta iri ağacları da vurub aşıra bilir. Çox zaman məlumatsızlıq ucbatından xeyli itkilər olur. Ona görə də yaxşı olardı ki, bu barədə maarifləndirmə işləri aparılsın və insanlar məlumatlanıdırılsın. Xüsusən kənd yerlərində yaşayanlara və məktəblilərə bu haqda məlumat verilməlidir. Çox vaxt yağışlı havada ildırım çaxan zaman insanlar mal-qara otarırlar. Bu həm insanlar, həm də heyvanlar üçün təhülkəlidir. Bu gün bir çox dünya alimləri qlobal istiləşmənin olduğunu desələr də, iyun ayında bu kimi hallara rast gəlinir. Əgər yay  ayında üç güclü ildırım faktı qeydə alınıbsa, deməli iqlimdə dəyişikliklər gedir. Artıq ekoloji problemlər iqlimə təsir edir. Bunun nəticəsində yağıntıların miqdarı  və ildırım kimi təbiət hadisələri getdikcə artır. Ekolgiyaya vurulan ziyanlar, kimyəvi silahlar bu kimi problemlərin sayını artırır. Əvvəllər bir ildə iki-üç yüz qasırğa, tufan və təbii fəlakət baş verirdisə, indi bu rəqəm üç-dörd minə qalxıb. Düzdür, ildırım və digər təbii fəlakətlər haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeroloji proqnozlar bürosu əvvəldən məlumat verir. Amma yenə də itki hallarının qarşısını almaq olmur. Adətən, dolu və leysan yağışları zamanı temperatur fərqi yaranır ki, bu zaman ildırım hadisəsi müşahidə edilir. Ona görə də belə hallarda təbliğat kampaniyası gücləndirilməli və insanlar bu haqda məlumatlandırılmaıdır. Əhaliyə  evdən çölə çıxmamaq barədə tapşırıq verilməlidir. Həmin vaxtda açıq hava şəraitində olanlar isə özlərinə qapalı yer tapıb bir müddət gözləsələr, yaxşı olar».

Həkim-terapevt Məlahət Abbasova deyir ki, ildırım zamanı açıq havada və pəncərə qabağında dayanmaq olmaz: «Çünki açıq yerlərdə ildırımın vurma ehtimalı daha çoxdur. Bu zaman mütləq qapalı yerlərdə daldalanmaq lazımdır. İldırım adətən kənd yerlərində daha çox müşahidə olunur və daha çox tələfata səbəb olur. İldırımın vurması elektrik kimi təhlükəlidir. Bu zaman ildırım vuran şəxsi mütləq şəkildə dərhal xəsətəxanaya çatdırmaq lazımdır. Çünki ildırım vuran zaman insanın ürəyi dayanır. Ona görə də ilkin tibbi yardım kimi zərərçəkmiş şəxsə süni tənəffüs vermək mütləqdir. Xəstə torpaq üzərində uzandırılmalıdır ki, bədənindəki elektriki torpaq alsın. İldırım insanın ürəyini dayandırır və  tənəffüs  iflic olur. Yaxşı olar ki, dərhal həkim müdaxilə etsin. İldırım vurmasından sonra insanın normal həyat fəaliyyətinə davam etməsi ildırımın vurmasından asılıdır. Əgər həmin şəxs ciddi xəsaət alıbsa, həyati təhlükə riski çox yüksək olur və adətən belə hallarda xəstəni xilas etmək mümkün olmur. Yüngül ildırım vurma isə müalicə edilir. Bu zaman xəstə yanıq şöbəsində müalicə alır. Çünki ildrım vurma zamanı insan bədənində yanıqlar yaranır. Müalicənin müddəti isə yanığın  dərəcəsindən asıldır».

 





15.06.2017    çap et  çap et