Vaxt.Az

Şagirdlər nə oxusun?


 

Yay tətili dövründə şagirdlərin mütaliəsinin təşkili ciddi problem olaraq qalır

Şagirdlər nə oxusun? İki il əvvəl yay tətili dövründə şagirdlərin mütaliəsinin təşkili ilə bağlı təhsil naziri tərəfindən ümumtəhsil məktəblərinin rəhbərlərinə verilən tapşırıq, həmçinin ədəbiyyat siyahısının tələbi bu istiqamətdə təkcə müəllimlərin deyil, o cümlədən valideyn və şagirdlərin də məsuliyyətini xeyli artırdı. İndi də nazirin tapşırığını unutmayan məktəb rəhbərləri yox deyil. Eyni zamanda, mütaliə məsələsini yada salmayanlar da...

Digər problem isə şagirdə mütaliə siyahısı veriləndə, valideynin «kitabı haradan tapmalı?» sualı ilə üzləşməsidir. Yəni yay dövründə məktəb kitabxanası bağlıdırsa, kitab mağazalarından hər hansı əsəri almağa valideynin maddi imkanı çatmırsa, onda kitabı haradan əldə etməli?

Valideynlərin və uşaqların qayğısını yüngülləşdirmək baxımından anoloji problem artıq Rusiyada həllini tapıb. Belə ki, kitabxanaların bu istiqamətdə təklif etdikləri xidmətlər müsbət qarşılanıb. Kitabxanlar internet vasitəsilə pulsuz kitablar paylamağa başlayıblar. Yəni uşaq sayta daxil olmaqla qeydiyyatdan keçir və hansı kitabı axtardığını qeyd edir. Portal uşağın yaşadığı ünvana yaxın kitabxalanaların xidmətini təklif edir. Qeydiyyatdan keçən uşaqlar istədikləri kitabı sifariş verir, sonra kitabxanaya yaxınlaşaraq əldə edirlər. Maraqlısı odur ki, 6 iyun tarixində elanı verilən xidmətdən artıq 6000-dən çox insan yararlanıb. Ümumilikdə portalda 250 min kitab adı yer alıb. İstəyənlər həmin kitabları pulsuz əldə edə bilirlər. Əksər kitablar da 1970-ci illərə məxsusdur. Bu xidmət təkcə yay tətili dövründə şagirdlərin mütaliədən uzaq düşməməsi üçün deyil, həm də kitabxana fondunun yenilənməsi, köhnə nəşrlərdən xilas olması məqsədi daşıyır. «Hər il uşaqlara mütaliə ilə bağlı kitablar təklif etməklə onların oxumaq həvəslərini artırmağa çalışacağıq» - deyə kitabxana rəhbərləri bildirirlər.

Artıq ölkəmizdə yay tətilinə start verildiyi ərəfədə «uşaqlar yay dövründə nə oxuyacaq?» sualı bizim valideynləri qayğılandırmağa başlayıb. Həm kitab axtarışı, həm şagirdlərin həvəssizliyi, həm də mütaliəyə yönəlik layihələrin olmaması problemi daha da dərinləşdirir.


Əyləncəli mütaliə


Baxmayaraq ki, Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova uşaqlarla kitabxana arasında sıx əlaqələr qurulduğunu, bu istiqamətdə müxtəlif layihələr həyata keçirildiyini deyir, bu heç də mütaliənin şagirdlər arasında kütləviləşməsinə bəs eləmir: «Kitabxana tərəfindən yaxın ərazilərdə oxu zalları təşkil edilir. Zabitlər bağı, Zorge parkı və Atatürk parkında təşkil edilən səyyar oxu zallarına çoxlu uşaqlar maraq göstərir. Kitabxananın işçiləri skamyalar üzərində kitabları düzürlər. Müxtəlif yaş dövrünü əhatə edən kitabları valideynlər də, uşaqlar da oxuyurlar. Bu, bir növ əyləncəli mütaliədir. Ərazidə yaşayanların çoxu, həmçinin kitabxananın fəaliyyətindən də xəbər tuturlar. Həmçinin uşaq sanatoriyalarında da bu cür kitab mütaliələrini təşkil edirik. Təəssüf ki, iki il əvvəl yüzdən çox kitab verdik, ancaq sanatoriyanın təmirindən sonra həmin kitablar it-bata düşdü».

Z.Dadaşova hesab edir ki, xüsusən yay dövründə uşaqların kitablardan yararlanması üçün onların mütaliəsini təşkil etmək lazımdır: «Əvvəllər yay pioner düşərgələrində bu cür oxu zallarını təşkil etmək daha rahat olurdu. İndi artıq bu cür düşərgələr olmadığından, biz açıq havada oxu zalları təşkil etməyə üstünlük veririk». Z.Dadaşovanın fikrincə, ilboyu oxuyan uşaq yay tətilində də mütaliə edir: «Mütaliə vərdişi uşaqdan asılıdır. Uşaq var ki, valideyni məcbur edir, oxuyur, uşaq da var ki, müəlliminin qorxusundan əlinə kitab alır. Burda valideynin də, müəllimlərin də, kitabxanaçıların da rolu olmalıdır. Uşaqlara mütaliə vərdişlərini aşılamaq lazımdır». Uşaq kitabxanasının elektron virtual xidmətinin olduğunu qeyd edən Z.Dadaşova saytda tam mətnli elektron kitabların yerləşdiyini bildirir: «Düzdür, mütaliə zamanı çap məhsulu kimi həmin zövqü almaq olmur. Ancaq elə uşaqlar var ki, internetdən oxumaq istəyirlər. Ona görə də virtual oxucularımız çoxdur. Gün ərzində 60-70 oxucumuz sayta daxil olur».


Kitabın uşağın əlində olması


Uşaqların internet vasitəsilə mütaliəsinin tərəfdarı olmayan Təhsil Şurasının sədri Əjdər Ağayev«Tədris prosesində də elektron sistemlərdən istifadə olunur. Yay dövründə də elektron vasitələrdən istifadə uşaqların fiziki baxımdan zəifləməsinə, görmə qabiliyyətinin pisləşməsinə səbəb ola bilər. Buna görə də uşaqların sağlamlaşması istiqamətində addımlar atılmalıdır» - deyir: «Hər bir məktəb şagirdlərinə ədəbiyyat siyahısı verməlidir ki, kitabxanalardan alıb oxusunlar. Kitabın uşağın əlində olması mühüm amildir. Çünki o, kitabxanalarla da ünsiyyətdə olur». Ə.Ağayevin fikrincə, mütaliəni təşkil etmək üçün, həmçinin valideynlərin də rolu olmalıdır. Belə ki, onlar övladları üçün müvafiq nəşrləri kitab dükanlarından almalıdırlar: «Uşaqların kitabxanalara da getmələri vacibdir. Kitabxanaların hamısı uşaqlarla layihələr həyata keçirməlidir. Kompleks halda uşaqların mütaliəsi istiqamətində tədbirlər həyata keçirilsə, bu, öz bəhrəsini verər».


Kitabxanalarda kifayət qədər kitab olsa...


Yazıçı Reyhan Yusifqızının fikrincə, uşaqlar maraqlı və müasir kitablar oxumaq istəyirlər. Həmin kitabları isə uşaqlara böyüklər təklif etməlidir: «Problem ondadır ki, hazırda bazarda keyfiyyətli kitablar həddindən artıq çoxdur. Valideynlər də onların arasından seçim etməyi bacarmırlar. Ona görə də vaxtilə Təhsil Nazirliyi mütaliə üçün uşaqlara kitablar təklif etdi. Hesab edirəm ki, uşaqlara xarici ədəbiyyatdan, klassikadan və müasir yazıçıların əsərlərindən kitablar tövsiyə etmək lazımdır». Yazıçı hesab edir ki, xüsusən müasir yazıçıların əsərləri uşaqlara daha yaxındır. Belə ki, onlar həmin əsərlərdə öz həyatlarını, sinif yoldaşlarını, ətraflarını görürlər: «Həmin əsərlərdəki mühit uşaqlara tanışdır. Bu baxımdan, o əsərlər uşaqlara çox maraqlı görünür».

Uşaqların elektron kitabxanalardan istifadəsinə gəlincə, yazıçının fikrincə, bizdə elektron kitabxanalar o qədər populyar deyil: «Valideynlər hesab edirlər ki, elektron vasitələr uşaqların  səhhətinə ziyandır. Uşaq bütün günü kompyuterin qarşısında otura bilməz. Bu baxımdan, uşaqlara internet üzərindən kitab oxutdurmaq o qədər yayılmayıb. Ola bilsin ki, bu vasitələrlə də oxuyan olacaq, ancaq hesab edirəm ki, bu, geniş kütləni əhatə etməyəcək. Bizim kitabxanalarda da internet vasitəsilə xidmət ola bilər. Yəni uşaq kitabı seçsin, sonra da gedib götürsün. Uşaq pulsuz kitabı kitabxanlardan alıb oxuyacaq». R.Yusifqızı kitabxanaların məktəblərlə və ümumən şagirdlərlə əlaqələrinin sıxlaşmasına ehtiyac olduğunu bildirir: «Məktəb kitabxanalarında demək olar ki, maraqlı kitablar çox azdır. Bir neçə köhnə kitab və ya jurnal ancaq tapmaq olur. Əgər məktəblərin kitabxanalarında kifayət qədər kitab olsa və müəllimlər də uşaqları yönəltsələr, onda müsbət nəticə əldə etmək olar. Məsələn, bir həftə dedektiv əsərlərin mütaliəsi həftəsi keçirilə bilər. Uşaqlar bu janrda əsərləri oxuya və müzakirə edə bilərlər. Və yaxud bir həftə «Andersenin nağılları həftəsi» keçirilsin. Amma bunun üçün gərək məktəbin kitabxanalarında kitablar olsun. Ən yaxşı yol məktəb kitabxanalarını zənginləşdirməkdir». Yazıçı bir neçə il əvvəl Təhsil Nazirliyi tərəfindən şagirdlər üçün ədəbiyyat siyahısı tərtib edildiyini və nəşriyyatlardan kitabların alınaraq məktəblərə paylandığını müsbət nümunə kimi xatırlayır: «Təəssüf ki, kitabxanalar olsa da, orada kitab satmağa icazə verilmir. Belə çıxır ki, məktəbdə ərzaq məhsulları satmaq olar, ancaq kitab satmaq olmaz. Kitab satılsa, hansı uşaq istəyirsə pulunu verib alacaq. Burada pis heç nə yoxdur. Hesab edirəm ki, məktəblərdə həm də uşaqlara aid kitablar satılmalıdır».


Uşağı yayda da çalışdırmaq lazımdır


6 saylı məktəbin Ana dili və ədəbiyyat müəllimi Əminə Səfərova dərs dediyi bütün siniflərdə şagirdlərə yay tapşırığı verdiyini deyir: «Uşaqlarda yay tətilinə çıxanda həmişə ədəbiyyat siyahısı olub. Azərbaycan və dünya ədəbiyyatından ən vacib hesab etdiyim nümunələri həmin siyahıya daxil etmişəm. Təəssüf ki, onlar sentyabrda dərsə qayıdanda bunu onlardan yüz faiz ala bilməmişəm. Mütaliə mədəniyyəti uşaqlıqdan formalaşır. Bu, ailədən gələn mədəniyyətdir. Sonra bu mədəniyyət ibtidai sinifdə formalaşır, yuxarı siniflərdə isə daha da təkmilləşir. Bünövrəsi olmayan uşaqla işləmək çox çətindir. Ancaq onlar buna məcburdurlar ki, ədəbiyyat oxusunlar. Çünki bilirlər ki, ədəbiyyat oxumaq, onların həyat haqqında təfəkkürlərini formalaşdırmaq deyil, eyni zamanda, nitq mədəniyyətinə, ünsiyyətinə xidmət edən vasitədir». Müəllimə bütün siniflərdə «Kitabi Dədə Qorqud», «Koroğlu» dastanları, «Azərbaycan nağılları», «Şifahi xalq ədəbiyyatı nümunələri», «Kiçik həcmli hekayələr», Süleyman Rəhimovun, Mirzə İbrahimovun, Mircəlalın hekayələrini və s. əsərləri oxumaq üçün verdiyini deyir: «Uşaqlar üçün daha çox anlaşılan, onların psixologiyasına uyğun olan əsərləri siyahıya daxil edirəm. Hər yaş dövrünün öz marağı var. Çalışıram ki, onların yaş səviyyəsinə uyğun olan əsərləri təqdim edim. «5» almaq istəyənlər mütləq bu ədəbiyyatı oxumalıdırlar. Onlar yaxşı bilirlər ki, həmin əsərləri oxumaqla nə qazanacaqlar. Biz, həmçinin sinifdə əsərlərin müzakirəsini də keçiririk. Təəssüf ki, bizim proqram saatımız buna tam kifayət eləmir. Valideynlərimizin də mənfi xüsusiyyəti odur ki, «uşağa tətil istirahət üçün verilir» deyirlər. Ancaq uşağı yayda da çalışdırmaq lazımdır. İndi elə zamandır ki, uşaqları kompyuterdən qoparmaq mümkün deyil. Düzdür, kompyuterlə də məşğul olmaq lazımdır, inkişafdan geri qalmaq olmaz. Çox mütaliə edən uşağın təfəkkürü ilə heç mütaliə etməyən uşağın təfəkkürü dərhal fərqlənir».

Ə.Səfərova hesab edir ki, kitabxanaların zənginləşməsinə də ehtiyac var. «Uşaq kitab üçün müraciət edəndə, kitabxana onun tələblərinə cavab verməlidir. Həm də uşaqların kitabxanalarla əlaqələrini möhkəmləndirmək lazımdır ki, onlar kitab axtaranda həmin ünvana gedə bilsinlər».

Hələlik isə bizim məktəblərlə valideynlər və şagirdlər arasındakı əlaqə uşaqların mütaliəyə aludə olmasını təmin edə bilmir. Nəzərə alsaq ki, kitabxanalar da bu məsələdə aktiv deyillər, onda problem uşağın öz həvəsinin ümidinə qalır. Əlbəttə, heç olmasa ailədən gələn həvəs olsa...

 





16.06.2017    çap et  çap et