Ölkəmizin Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu bildirən dövlət başçısı əlaqələrimizin strateji xarakter daşıdığını və uzun illərə hesablandığını qeyd edib, əməkdaşlığımızın sabitlik və təhlükəsizlik şəraitində davam etdirildiyini diqqətə çatdırıb. Ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığının gündəliyində siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji və digər sahələri əhatə edən geniş məsələlərin durduğunu qeyd edən prezident İlham Əliyev Azərbaycan tərəfinin əlaqələrimizin daha da genişləndirilməsi üçün səylər göstərməyə hazır olduğunu bildirib.
Avropa İttifaqının genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Han Azərbaycan prezidentini Qurtuluş Günü münasibətilə təbrik edib. Prezident İlham Əliyevin Brüsselə son səfərinə toxunan qonaq səfərin uğurlu keçdiyini, məhz bu səfərdən sonra Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi üzrə danışıqların başlandığını qeyd edib və danışıqların konstruktiv ruhda davam etdirildiyini bildirib. Avropa İttifaqı ilə Azərbaycanın ikitərəfli münasibətlərə təsir göstərə biləcək məsələlərin həlli yollarını müəyyənləşdirməsinin vacibliyini vurğulayan Yohannes Han əlaqələrimizin gələcəkdə daha da inkişaf etdirilməsi üçün qarşılıqlı marağın olduğunu qeyd edib. O bildirib ki, Avropa İttifaqı qonşu ölkələrdə sabitliyin mövcud olmasında maraqlıdır və Azərbaycan regionda və daha geniş məkanda bu baxımdan mühüm rol oynayır.
Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi, həmçinin enerji və nəqliyyat sahələrində əməkdaşlığın hazırkı vəziyyəti ilə bağlı məsələlər müzakirə olunub, bu sahələrdə yaxşı perspektivlərin olduğu vurğulanıb.
Görüşdə, həmçinin regional məsələlər ətrafında fikri mübadiləsi aparılıb.
***
10:53
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Avropa İttifaqının genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Hanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə dövlət başçısının saytı xəbər yayıb.