Rusiyanın Roskosmos dövlət şirkəti iyunun 14-də Beynəlxalq Fəza Stansiyasına yollanan «Progress MS-06» yük raketinin Baykonurdan buraxılışını texnoloji uğur kimi dəyərləndirib.
Lakin TASS agentliyi hadisədən sonra Soyuz-2 1a raketi pilləsinin yerə düşdüyü ərazidə əmələ gəlmiş yanğını söndürmək cəhdi vaxtı Rusiya şirkətinin əməkdaşının öldüyünu bildirib.
Qazaxıstanın «Tengrinews» vebsaytı yazır ki, Baykonurdan 600 km aralıda yerləşən Jeskazqan şəhəri yaxınlığındakı səhrada baş verən yanğına səbəb yerə düşən raket hissələri olub.
Mübahisənin səbəbi
İşçinin həlak olması barədə xəbər Qazaxıstanın sosial mediasında geniş reaksiya doğurub.
«Rusiya öz raketlərini buraxır bizim adamlar isə öz torpaqlarında ətrafı dolaşaraq yanğınları söndürür. Bu cəfəngdir», - istifadəçilərdən biri bildirir.
Daha bir nəfər ölümdə Rusiyanı təqsirləndirir: «Raket Kremlə düşsəydi daha yaxşı olardı».
Rusiyanın Baykonur kosmodromunun mövcudiyyəti bəzi qazaxıstanlılar tərəfindən mübahisəyə səbəb yaradan amil kimi dəyərləndirilir.
Baykonur ölkənin mərkəzində yerləşir.
Bu isə o deməkdir ki, təsadüf və yaxud da qəza nəticəsində göydən düşən hər bir hissə məhz Qazaxıstan ərazisinə düşəcək.
2013-cü ildə 600 ton toksik yanacaq daşıyan Proton raketi buraxılışdan bir neçə saniyə keçmiş partlayaraq yanmışdı.
O vaxt «İnterfax» agentliyinə danışan yerli ekoloq demişdir ki, ölkəsi Rusiya kosmik uğursuzluqlarının altını çəkir və bunun səbəblərindən biri də «Qazaxıstan hökumətinin arxayın olması»dır.
«Onlar kosmodromu bir tövlə kimi icarəyə verdikdən sonra heç nə etməyiblər», - Mels Eleusizov deyib.
«Bu, ölkəmizin rüsvayçılığıdır».
Gözlənilir ki, növbəti on il ərzində Rusiyanın Uzaq Şərqindəki yeni Vostoçnıy kosmodromu Baykonurdan asılılığı azalda bilər.