Vaxt.Az
«Bakı» Maltanı ayağa qaldırdı
Mənsimovun gülləyə tutulan tankeri haqda son məlumat
Malta hökuməti və bu ölkənin Nəqliyyat Agentliyi azərbaycanlı milyarder Mübariz Mənsimovun «Palmalı» şirkətlər qrupuna məxsus neft tankerinin Liviya sahillərində atəşə tutulması faktını araşdırır. Virtualaz.org saytının xəbərinə görə, «Bakı» tankeri artıq Maltaya yan alıb.
Qeyd edək ki, tanker bu ölkənin bayrağı altında üzürdü və Liviyanın yaraqlıların nəzarətində olan «əs-Sider» limanına yan alarkən hərbi dəniz qüvvələrinin gəmiləri tərəfindən atəşə tutulmuşdu.
«Palmalı» şirkəti isə gəminin limandan oğurluq neft yükləməyə cəhd etdiyi haqda xəbərləri təsdiq etmir və insidentin beynəlxalq sularda baş verdiyini bildirir.
Malta hökumətinin yaydığı bəyanatda bildirilir ki, hadisələrin başladığı vaxtdan etibarən tankerin sahibi və Liviya hökuməti ilə daimi təmas saxlanılıb. İntensiv səylər nəticəsində Malta hökuməti Liviya tərəfinin gəmini batırmasının qarşısını alıb və bəyanatda bildirilir ki, yalnız bu müdaxilə sayəsində tanker Maltanın ərazi sularına qədər təhlükəsiz üzə bilib. Malta hökuməti bəyan edir ki, hadisələr başlayan andan etibarən ekipajın və gəminin təhlükəsizliyinin təmin edilməsi birinci dərəcəli vəzifə olub.
Bəyanatda deyilir ki, Malta hökuməti bu insidentlə bağlı Liviya hökuməti ilə təmasları davam etdirəcək və ölkənin maraqlarının beynəlxalq dəniz hüququ əsasında təmin olunmasına çalışacaq. Malta hökumətinin bildirdiyinə görə, insident zamanı tankerin beynəlxalq sularda olduğunu və heç vaxt Liviyanın ərazi sularına daxil olmadığı haqda məlumatlandırılıb. Tanker ekipajının icazə almadan «əs-Sider» limanına daxil olmaq niyyəti olmayıb.
Xatırladaq ki, bundan əvvəl Liviyanın baş naziri Əli Zeydan insidentlə bağlı mətbuat konfransı keçirərək yaraqlıların nəzarətindəki limanlara daxil olmağa cəhd edən istənilən xarici gəminin batırılacağı haqda xəbərdarlıq edib.
09.01.2014 çap et