Məsələn, Almaniya və Avstriya ABŞ Senatında Rusiya üzərinə sanksiyaları möhkəmləndirən qanunun bir neçə maddəsinə ciddi şəkildə etiraz bildiriblər. Berlin və Vyana bildirir ki, bu qanun Avropanın Rusiya qazı ilə təchizatına əngəl yarada bilər. Avstriya və Almaniya bu qanunun daha çox «Şimal axını - 2» kəmərinə aid hissəsi ilə razı deyillər. Yenilənmiş qanunvericilik aktında bildirilir ki, ABŞ Baltik dənizinin dibi ilə çəkiləcək bu kəmərə qarşıdır. Sözügedən kəmər Rusiya qazını Avropaya Ukraynadan yan keçərək nəql etməlidir. Ukraynadakı siyasi vəziyyətə görə, bu ölkə vasitəsilə qazın Avropaya verilməsində əvvəllər fasilələr yaranıb. Avstriya kansleri Krisitan Kern və Almaniya xarici işlər naziri Siqmar Qabriel verdikləri bəyanatla Birləşmiş Ştatları Avropanın qaz təchizatını Ukraynadakı vəziyyətə bağlamamağa çağırıblar. Kern və Qabriel bildiriblər ki, Avropanın qaz təchizatı Birləşmiş Ştatların yox, Avropanın işidir. Bəyanatda «Şimal axını - 2» layihəsinə daxil olan Avropa şirkətlərinin qanundankənar vəziyyətə salınması tənqid edilir. «Şimal axını-2» layihəsinin yarı xərcini Rusiyanın «Qazprom» şirkəti çəkir. Pulun qalan hissəsini «Royal Dutch Shell», Fransanın «Engie», Avstriyanın «OMV», habelə Almaniyanın «Uniper» və «Wintershall» şirkətlərinin daxil olduğu Avropa qrupu ödəməlidir. Birləşmiş Ştatlar əvvəllər Avropadakı müttəfiqlərini «Şimal axını - 2» layihəsinə girişməməyə çağırıb. Vaşinqtonun fikrincə, bu, Avropanı Rusiyadan daha dərin qaz asılılığına salır. Avstriya və Almaniya rəsmilərinin bəzi ehtimallarına görə, ABŞ sadəcə olaraq öz şirkətlərinin xeyrinə Rusiyanı bazardan çıxarmağa çalışır. Birləşmiş Ştatlar bu yaxınlarda Polşaya maye qaz ixracına başlayıb. Qabriellə Kern deyiblər ki, Senatın son qərarı Avropa-Amerika münasibətlərində daha bir mənfi aspektin yaranmasına səbəb ola bilər.
Sanksiyalara Rusiya prezidenti Vladimir Putinin reaksiyası maraqlı olub. O, bildirib ki, Rusiyanın ümumi daxili məhsulu Qərbin sanksiyaları ucbatından cəmi 1 faiz azalıb. Putin Rusiyanın bu sanksiyalardan 50-52 milyard dollar, onu tətbiq edənlərin isə 100 milyard dollar itirdiyini bildirib: «Rusiya hər zaman sanksiyalar altında yaşayıb. Bizə qarşı sanksiyaları, hər zaman rəqabətə hazır olduğumuzu hiss edən kimi tətbiq ediblər. ABŞ Senatında qəbul edilən sanksiyalarda qeyri-adi heç nə yoxdur».
V.Putinin qənaətinə görə, ruslar ABŞ-ı öz düşmənləri saymırlar: «Biz ABŞ-la iki dünya müharibəsində də bir yerdə döyüşmüşük. Rusiya Suriyada əvəzolunmaz təcrübə qazandı. Biz burada yeni silahlarımızı sınaqdan keçirdik. Rusiyanın Suriyadakı əməliyyatları müdafiə sənayesi kompleksinə böyük fayda verdi». Rusiya prezidenti onu da deyib ki, ABŞ Rusiyada keçirilmiş prezident seçkilərinə müdaxilə edib. V. Putin ABŞ-ın Rusiyada keçirilən prezident seçkilərinə daim müdaxilə etdiyini və 2012-ci ildə bunun daha aqressiv hal aldığını söyləyib: «Həm 2000-ci, həm də 2012-ci illərdə bunlar baş verib. 2012-ci ildə bu, xüsusilə aqressiv şəkildə olub«. Rusiya prezidentinin sözlərinə görə, bu məqsədlə ABŞ Rusiyadakı diplomatlarından istifadə edib: «Bizim amerikalı tərəfdaşlarımız bu barədə xəbərdardır. Mən Con Kerri və Barak Obamaya bunu demişəm. Biz heç təsəvvürümüzə gətirə bilməzdik ki, diplomatik işçilər Rusiyanın daxilində seçkiqabağı kampaniyaya aqressiv şəkildə qoşulacaq. Onlar müxalif qüvvələri toplayır, maliyyələşdirir və müxalifətin mitinqlərinə gedirdilər. Halbuki diplomatik xidmət başqa işlə məşğul olmalıdır».
Rusiyanın digər rəsmiləri də sanksiyalara münasibət bildirib. «Rusiya ABŞ-ın sanksiyalarını cavabsız qoymayacaq». Bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədr müavini Vladimir Cabarov deyib. Rusiyalı digər senator Andrey Klimov isə ABŞ-da baş verənləri «absurd teatr» adlandırıb. O, hazırda ABŞ prezidentinin faktiki olaraq Ağ Evdə ev dustağı olduğunu deyib. «ABŞ-ın bizə qarşı yeni sanksiyalarının qüvvəyə minməsindən sonra öz ehtiyatlarımızı qorumaqdan ötrü tədbirlər görəcəyik». Bunu isə Rusiyanın ABŞ-da Ticarət İşləri üzrə nümayəndəsi Aleksandr Stadnik söyləyib. Onun fikrincə, Rusiyaya qarşı yeni sanksiyalar Rusiyanın qazını və neftini dünya bazarından çıxarmağa cəhd edən ABŞ-dakı enerji şirkətləri lobbisinin işi kimi görünür.