Vaxt.Az
Deputatdan qaydalara etiraz
«Mən Oqtay Əsədovun qərarına məhəl qoymayacam»
«Bu anormal qərardır. Onu qəbul edənlərin qanunlardan xəbəri yoxdur». Bunu Virtualaz.org-a açıqlamasında Milli Məclisə heç kimin telefon keçirməsinə icazə verilməyəcəyi ilə bağlı qərara münasibət bildirərkən deputat Fazil Mustafa deyib.Onun sözlərinə görə, deputatlara qarşı heç kim bu cür tələb, şərt irəli sürə bilməz: «Şəxsən mən bu qərara əməl etməyəcəyəm. Əgər mənə mane olsalar, məhkəməyə müraciət edəcəyəm».
Xatırladaq ki, 2014-cü il yanvarın 1-dən Milli Məclisə smartfon və android tipli telefonla giriş qadağan olunub.
Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğu «Turan»a bildirib ki, Milli Məclisin binasına daxil olan bütün şəxslər bu modellərdən olan mobil telefonlarını girişdə mühafizəçilərə təhvil verməlidir: «Bu, Milli Məclisə daxil olan hər kəsə aiddir. Burada vəzifə bölgüsü aparılmayacaq. Deputatlardan tutmuş Milli Məclisə gələn qonaqlar və jurnalistlərin hamısı həmin modeldən olan bütün telefonları binaya daxil olarkən girişdə təhvil verməlidir. Təhlükəsizlik baxımından və standartlara uyğun olaraq bu avadanlıqların Milli Məclisə keçirilməsi qadağandır».
Qeyd edək ki, Milli Məclisə smartfon və androidlərin keçirilməsinə qadağa parlamentin payız sessiyası zamanı plenar iclasda deputatların bir-birinin əvəzinə səs verməsi ilə bağlı Virtualaz.org saytı əməkdaşının lentə aldığı fotoların mediada və sosial şəbəkələrdə yayılmasından sonraya təsadüf edir. Fotolarda bir çox deputatların digərlərinin əvəzinə də səs verməsi əksini tapmış və bu, geniş diskussiyalara, tənqidlərə səbəb olmuşdu.
Bizə elə gəlir ki, məlum qadağa əslində bununla bağlıdır.
09.01.2014 çap et