Həqiqətən də bu adların verilməsi məsələsində olan ədalətsizlik başqa sahələrdəkindən daha bariz görünür. Ümumiyyətlə bu mənasız adpaylamadan ya imtina etmək lazımdır, ya da layiq olmayanların gözünə heç olmazsa bir-iki layiq olanı da qatmaq lazımdır ki, ədalətsizlik açıq-aşkar görünməsin. Tanıdığım bir sənət adamı var. Olduqca təvazökar insandır. 40 ildir fortepianonun arxasında əyləşib ən mötəbər tədbirlərdə saatlarca gözəl musiqi ifaçılığı nümayiş etdirir. Neçə illərdir «Dan ulduzu» ansamblının solistidir. Fəridə Hüseynova - tanınmış pianoçudur. Tədbirlərin birində soruşdum ki, yəqin ki, siz ən azı Azərbaycanın əməkdar artistisiniz. Cavabı məni heyrətləndirdi: «Siz nə danışırsınız, mənim kimim var ki, hansısa ad da verilsin! Ancaq təsəllim budur ki, tələbələrimin çoxusuna adlar verilib, elə bu da mənim bəsimdir».
Hələ bizim tanımadığımız neçə belə peşəkar insanlar var ki, adamsızlıqdan, pulsuzluqdan belə adlara əlləri çatmır.
İndi deyirlər bu Əli Mirəliyev çox sərt danışır. Adam daha necə danışmalıdır? Sənətlə bağlı baş verənlər gözünün qabağındadır, görünür söyləməmək mümkün deyil.