Vaxt.Az

«Təhsil mülkiyyətidirmizdir»


 

Novella Cəfəroğlu: «Azərbaycanın zəif cinsin nümayəndələri üçün böyük şansdır ki, birinci vitse prezidentimiz qadındır»

«Təhsil mülkiyyətidirmizdir» Gender bərabərliyi haqqında budəfəki müsahibimiz Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin rəhbəri, hüquq müdafiəçisi Novella Cəfəroğludur.


- Novella xanım, gender bərabərliyi Azərbaycanın hazırda ən aktual problemlərindən biridir. Təəssüf ki, gender bərabərliyi dedikdə biz diqqətimizi qadın hüquqlarına yönəldirik, əslində isə gender bərabərliyi dedikdə qadınların və kişilərin bərabər cəmiyyətin iqtisadi, siyasi və sosial həyatda bərabər təmsil olunmasını ehtiva edir. Amma bizdə belə deyil. Azərbaycan qadınının problemi nədədir?

- İlk əvvəl mən də bu fikirlə razıyam ki, gender bərabərliyi dedikdə həm qadınların, həm də kişilərin bərabərliyindən söhbət gedir. Amma Azərbaycan gerçəkliyində görürük ki, qadınlar hamısı sıxılırlar və yaxud sıxışdırılırlar, kişilər isə hamısı vəzifədədirlər, qadınlara yol vermirlər. Burada mentalitet rol oynamır. Birinci burada günahkar qadının özüdür. Qadınlar Azərbaycanda indi-indi özünə gəlirlər. Mən həmişə bunu deyirəm. Qadın oğlan dünyaya gətirəndə sevinir və deyir ki, oğlan dünyaya gətirmişəm. Lakin qız dünyaya gətirəndə isə qürurlanmır. Bununla bərabərsizlik bir növ bünövrədən qoyulur ki, kişi qadından üstündür. Gender bərabərsizliyi birinci qadının doğuşundan başlayır.


- Yəni burada qadın günahkardırmı? Cəmiyyətin basqısına boyun əyərək cinsiyyət ayrı-seçkiliyini salmaq və hətta buna görə hamiləliyi sonlandırmaq qadının-qadına qarşı zokalığıdırmı?

- Bəli. Yəni qadın bərabərlikdən danışanda bu problemi birinci həll etməlidir. Övladına münasibətdə cinsiyyət ayrı-seçkiliyinə ilk özü son verməlidir.


- Bu bir özünəinam əskikliyidirmi?

- Bəli. Lakin indi mən görürəm ki, Azərbaycan qadınları dəyişməkdədir. Qadınlarda, xüsusən də gənc qadınlarda özünəinam yüksəlişdədir. Bu gün bir çox qadınlar tanıyıram ki, ailələrini məhz onlar saxlaya bilirlər. İndi qızlar daha çox öz təhsilinə fikir verirlər. Bir universitet bitirməklə kifayətlənmirlər, öz üzərlərində işləyirlər. Bir sıra proqramlara qoşulur, maarifləndirmə tədbirlərinə qatılırlar. Xaricə gedib təhsillərini inkişaf etdirirlər. Son 20 ildə bu, tendensiya yüksəlişə doğru gedir.


- Mən diqqəti yönəltmək istəyirəm regionlara və xüsusən cənub regionlarına. Biz nə qədər inkişafı mərkəzdə görə biliriksə, regionlarda bu tablo başqadır. Qadınların əksəriyyəti öz hüquqlarından xəbərsizdir. Buna səbəb təhsilsizlikdirmi və yaxud erkən nikaha daxil olmaqdırmı? Reginlardakı problem nədədir?

- Mən yenə də burada bərabərsizlikdən danışardım. Təəssüf ki, problem oğlana təhsil vermək lazımdır, amma qızı isə tez-tələsik «baş-göz» etmək lazımdır fikrində yatır. Sanki qız ailədə artıq yükdür. Ailələr çalışırlar ki, qızı tez evdən çıxartsınlar ki, ailədə az çörək yeyən olsun. O, çörəkdən məhrum olsun. Bu, ailədə olan tərbiyədən və ailənin baxışından asılıdır. Bu məqamda gender bərabərliyindən söhbət belə gedə bilmir. Məsələn, mənim ulu nənələrimdən biri həmişə deyirdi, qadınlar təhsilli olmalıdır ki, onlar kiməsə möhtac yaşamasınlar. Çünki kişilər daş daşıya bilər, amma qadınlar təmizlik işlərinə məcbur olub çörək qazanmamalıdır.


- Novella xanım, əvvəllər erkən nikah problemi niyə yox idi?

- Sovet dönəmi ilə müqayisə etsək, bəli, bu, bizim problemimizə son 20 ildə çevrilib. O, dönəmdə kimsə orta təhsil ala-ala erkən nikaha daxil ola bilməzdi. Hər kəs ən azı 8-ci sinfə qədər təhsil alırdı. İndi isə nəinki qızlar, oğlanlar da təhsil almırlar. Erkən nikah problemi yalnız cənub regionlarında deyil, ölkəmizin bütün regionlarında var.


- Bu problemin qarşısını almaq üçün qanunlar qəbul edilsə də, niyə yenə də qarşısını almaq olmur?

- Baxmayaraq ki, Azərbaycan BMT konvensiyasına qoşulub, qanunlar qəbul edilib, ancaq qanunun icrası yerinə yetirilə bilmir, çünki qanunun icra mexanizmi yoxdur. Məsələn, biz bir müddət öncə Şamaxıda olduq. Tədbirə həm din xadimləri, həm də polis dəvət edilmişdi. Onlar hamısı bir ağızdan dedi ki, bizdə erkən nikah yoxdur. Lakin biz ucqar kəndlərə getdikdə 15 yaşında ana olan yeniyetmə qızlar gördük. Bundan əlavə, ailədə zorakılıq görən, evdən qovulan qızlar bizə hüquqlarının müdafiəsi üçün müraciət edirlər və bu sayədə də biz nə qədər erkən nikahın olduğunu müşahidə edirik. Erkən nikaha girənlər rəsmi nikah bağlamır, heç bağlaya da bilməzlər. Qanunla 18 yaş tamam olmalıdır. Bu da öz növbəsində qızları bir sıra hüquqlarından məhrum edir. Qızlar ortada qalır. Qızlar təhsilsizdirlər və işsiz qalırlar. Burada məsuliyyət ailələrindir. Ailə bu məsələləri birinci bilməlidir. Qızlarını erkən nikaha məcbur etməməlidirlər, ailə qurarkən rəsmi nikahını tələb etməli, nikah müqaviləsi bağlanmalıdır.


- Qanundan əlavə, burada problem həm də maarifləndirmənin zəif olmasıdırmı?

- Bəli, nə media, nə ədəbiyyat və digər strukturlar maarifləndirmə işlərini doğru-düzgün etmirlər. Məsələn, telekanalların heç birində qadın saatı yoxdur. Telekanallar ancaq şou proqlamlar hazırlamaqla məşğuldurlar. Biz təşkilat olaraq Dövlət Qadın Komitəsinə telekanallarda qadın saatının açılması ilə əlaqədar müraciət etmişik. Qadın saatı məsələsinə ciddi yanaşılmalıdır, qadınların problemlərinin həll olunmasına çalışılmalıdır. Burada telekanallara böyük rol düşür, onlar qadınların hüquqları barədə verilişlər hazırlamalıdırlar, açılan mərkəzlərdən reportajlar aparmalıdır. Bu vasitə ilə qadınların xəbəri olacaq, təşkilatlana biləcəklər.


- Başqa problem nədədir?

- Qadınların özlərindədir problem. Qadınlar cəsarətli olmalıdırlar. Bələdiyyələrin hazırda 27%-i qadınlardır. Bu qadınlar özləri də digər qadınları irəliyə çəkməli, bələdiyyə sədrliyinə seçilməsi üçün çalışmalıdırlar. Çünki qadın bələdiyyəsi çox şey edə bilər. Qadın qərar qəbuletmədə iştirak etməlidir. Bu cəmiyyət üçün, onun inkişafı üçün vacibdir. Məsələn, Azərbaycanın birinci vitse-prezidenti qadındır. Qadınlarımız bundan nümunə götürməlidirlər. Birinci vitse-prezidentə məktub yazılmalıdır, müraciət edilməlidir ki, qadınlar parlamentdə, hakimiyyət strukturlarında, bələdiyyələrdə kişilərlə bərabər sayda təmsil olunsunlar. Bu gün bir addım atılıb və bu addımdan qadınlar istifadə edib gender bərabərsizliyini ortadan qaldıra bilər, istədikləri mövqeyə gələ bilərlər və bunun üçün çalışmalıdırlar. Bu, Azərbaycan qadını üçün böyük şansdır ki, birinci vitse prezidentimiz qadındır.


- Novella xanım, bu barədə təklifləriniz nə olardı?

- Qadın hərəkatı, təşəbbüsü başlanmalıdır. Məsələn, Amerikada məhz qadınlar üçün seçki liqası yaradılmışdı. Bizdə bu hərəkat olmalıdır, qadınlar birləşməlidirlər və mübarizə aparmalıdırlar. Məsələn, qadınlar toplaşıb tələb edə bilər ki, parlamentdə qadınlar və kişilər bərabər sayda təmsil olunmasalar, seçkilərdə iştirak etmirlər. Boykot edə bilərlər. Azərbaycan qadını bunu edə bilər. Qeyd edim ki, bizim ölkədə qadınlar kişilərə nisbətən daha çoxdur. Yəni gender bərabərliyi özümüzün birləşməsindən, bir-birimizə dəstək olmasından və birgə fəaliyyətimizdən asılıdır.


- Siz təşkilat rəhbəri olaraq 30 ildən artıqdır ki, Azərbaycan qadınlarının hüquqları uğrunda mübarizə aparırsınız. Azərbaycan qadınlarının cəmiyyətə inteqrasiya olunmasında, gənc qadın liderlərin yetişdirilməsində əvəzsiz rolu olan məktəbsiniz. Buna necə nail oldunuz?

- Birinci mənim qadınlara, gənclərə olan məhəbbətim buna nail olub. Bu cəmiyyətdən çoxlu lider qadın çıxıb. Mənim özüm və ətrafımdakı qadınlar azad olub. Onlarla birlikdə bu cəmiyyətdən çoxlu liderlər çıxıb. Hər dəfə də bizim cəmiyyətdə işləmiş qızımız özü müstəqil təşkilat qurub cəmiyyət üçün xeyirli işlər görməyə başlayanda mən çox sevinirəm, qürürlanıram. Digər tərəfdən qeyd edim ki, mən heç vaxt rəqabətdən qorxmamışam. Mən gənclərin özlərindən hər zaman yeni bir şey öyrənmək istəmişəm. Biləndə ki, həmin gənc savadlıdır, bacarıqlıdır, ingilis dilini bilir, gedib xaricdən nəsə öyrənib. Mən də ondan yeni bir bilik əldə etmək istəmişəm. Öyrənmək və öyrətmək mənim prinsipimdir. Bu, məni də, mənim ətrafımdakı şəxsləri də irəliyə aparan şərtdir. Sənlə bərabər gedəni özün kimi qəbul etməlisən, ona önə getməkdə dəstək durmalısan. Mənim məktəbim budur.


- Novella xanım, digər tərəfdən işləyən qadınlar da müəyyən problemlərlə üzləşirlər. Qanunla qadınlara verilmiş hüquqlar vardır ki, bundan bəzən qadınlara qarşı da istifadə olunur, xüsusən də özəl sektorda bu müşahidə edilən faktordur. Məsələn, işəgötürmə zamanı qadının evli olub-olması, uşaqlı olub-olmaması diqqətə alınan faktorlardır. Qadınların rəhbər vəzifələrə təyin olunmasında bu faktorlar rol oynayır və nəticədə balans pozulur. Bu istənilən qurumda rast gəlinən problemdir. Qadınlara qarşı bu münasibətin qarşısını necə almaq mümkündür?

- Qanunların icra mexanizmindədir problem yenə də. Bizim hüquqşünaslarımız, xüsusən də qadın hüquqşünaslarımız bir yerlə toplaşmalıdırlar və qanundakı boşluqları araşdırmalı və onların ortadan qaldırılması üçün təkliflər irəli sürməlidir. Bununla da qanunların işlək olmasına nail olmaq olar. Biz QHT-lər qrant layihəsi ilə işlədiyimiz üçün imkanlarımız məhduddur. Bu problemlə Dövlət Qadın Komitəsi məşğul olmalıdır. Qeyd edim ki, Dövlət Komitəsi regionlarda qadınlar üçün mərkəzlər açır. Bu mərkəzlərdə kitabxana olacaq, qadınların problemlərin həll olunması ilə əlaqədar işlər görüləcək. Biz QHT-lər də birləşib Qadın Komitəsinə müraciət etməliyik, məsələləri qaldırmalıyıq və həllinə nail olmalıyıq.


- Qərar qəbuletmədə qadınlarını rolunu artırmaq üçün nə etmək olar?

- Qadın sahibkarların sayı çox olmalıdır, bizneslə məşğul olan qadınlarının sayı çox olmalıdır. Qadınların iqtisadi müstəqilliyi vacib şərtdir. Vəsaiti olan qadın güclüdür. O, bu vasitə ilə qanunların da icrasına nail ola bilər. Yəni şərt deyil ki, qadın hakimiyyətdə olsun, bir qadının elə güclü işi və vəsaiti ola bilər ki, hakimiyyət ona müraciət edər ki, ona köməklik göstərsin. Bunun üçün qadınlar bir-birinə dəstək durmalıdır. İşinin professionalı olan qadınlar toplaşmalıdır və təşkilatlanmalıdır.


- Azərbaycan qadınlarına, gənc qızlara tövsiyələriniz nə olardı?

- Həmişə bir-birinizə kömək edin, çalışın bir-birinizi irəliyə çəkəsiniz. Cılız adamlar qorxaq olurlar, rəqabətdən qaçırlar. Təmiz rəqabət insanı geriyə yox, irəliyə aparar. Gənc qızlarımıza deyərdim ki, təhsil almaq, yaxşı təhsil almaq lazımdır. Təhsil qadının mülkiyyətidir. Ancaq təhsil qadınlarımızı irəliyə apara və problemlərimizi həll etməyə kömək edə bilər.


P.S.: Yazı «Demokratiya və Qadın Təşəbbüsləri» İctimai Birliyinin «Bərabərlik haqqımızdır» mövzusunda həyata keçirdiyi layihə çərçivəsində hazırlanıb.

P.P.S.: Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyə dəstəyi ilə həyata keçirilib.

 





19.06.2017    çap et  çap et