Fermerlər şikayətlənirlər ki, son illər havaların havaların qeyri-sabit keçməsi, aramsız yağışlar və digər amillər nəticəsində ziyanverici və xəstəlik törədiciləri artıb. Onlarla mübarizə də çətinləşib. Çünki kimyəvi pereparatların qiyməti qalxıb, üstəlik bir çox hallarda keyfiyyəti aşağı düşüb.
Ziyanvericilərlə mübarizəyə hər il dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır. Hərçənd rəsmi statistik məlumatlarda və hesabatlarda bu sahəyə məhz nə qədər vəsaitin yönəldildiyi haqda rəqəmləri tapmaq müşkül məsələdir. Və belə görünür ki, bu vəsaitlərin nə dərəcədə düzgün xərcləndiyini də müəyyən etmək qəliz işdir. Qeyri-rəsmi məlumatlara əsasən isə ziyanvericilərlə və bitki xəstəlikləri ilə mübarizə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq strukturlarının məmurları üçün varlanmaq və münbit korrupsiya mənbəyidir.
Bəlkə də buna görədir ki, uzun illərdir mübarizə aparılmasına baxmayaraq əkin sahələrində, təsərrüfatlarda ziyanvericilərin kökünü kəsmək mümkün olmur. Hələ üstəlik idxal məhsulları vasitəsilə ölkəyə ziyanverici və xəstəlik törədiciləri daxil olur. Ekspertlər hazırda pestisidlərdən istifadə olunmasa, məhsul istehsal etməyin qeyri-mümkünlüyünü iddia edirlər.
Virtualaz.org saytının ziyanvericilərlə mübarizədə istifadə olunan dərmanların keyfiyyəti, hazırda yayılmış zərərverici və xəstəlik törədiciləri, o cümlədən mübarizə tədbirləri ilə bağlı araşdırma aparıb.
Mövsümü ziyanvericilər çoxalıb
Havanın yağıntılı keçməsi nəticəsində Quba-Xaçmaz bölgəsində şaftalı, ərik, gilas bağlarına xəstəlik düşüb, taxıl, pambıq, qarğıdalı sahələrində Mərakeş çəyirtkələri yayılıb, Tovuz, Gədəbəy bölgəsində kartof güvəsinin çoxaldığı da xəbərlər sırasındadır. Bundan əlavə, fermerlər yovşanyarpaqlı ambroziya kimi alaq bitkisinin üzüm, tarla bitkilərində məhsuldarlığı aşağı salmasından şikayətçidirlər. Taxıl böcəyi isə əsasən dağlıq və dağətəyi rayonlarının əkin sahələrində geniş yayılıb. Həmçinin havanın yağıntılı keçməsi bəzi bölgələrdə üzümdə Mildiu xəstəliyinin yaranmasına səbəb olub. Qeyd edək ki, yağışlı, sərin hava xəstəliyin uzun müddət şiddətli yayılmasına səbəb olur. Törədici nəticəsində yarpaqlar üzərində yağlı dairəvi sarımtıl ləkələr əmələ gəlir, tənəyin xəstəliklə yoluxmuş yaşıl hissələri qonurlaşır, quruyur, yapaqlar tökülür və zoğlarda boy artımı getmir. Sirayətlənmiş qönçələr yarpaqlardan qururyub tökülür.
Xüsusi təhlükəli Mərakeş çəyirtkələri
Ziyanvericilər arasında Mərakeş çəyirtkələri xüsusi təhlükəli hesab edilir. Neçə illərdir xüsusilə Aran bölgəsində əkin sahələri Mərakeş çəyirtkələrinin hücumuna məruz qalır, nəticədə məhsuldarlıq ciddi azalır. Mərakeş çəyirtkəsi becərilməyən dövlət fond torpaqlarında artaraq çoxalır, bir yerə toplaşaraq sürü əmələ gətirir, qanadlanana qədər yaxın ərazilərə miqrasiya edir. Yetkin fərdləri isə daha uzaq məsəfələrə miqrasiya edə bilir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Damət Sultanovun sözlərinə görə, mayın əvvəlindən sürü halında yaşayan Mərakeş çəyirtkələrinə qarşı mübarizə tədbirlərinə başlanılıb. «Havaların yağmurlu keçməsi xəstəliklərin artım dinamikasını təsir edib. Yəni mövsümü xarakterli ziyanvericilərin artımı müşahidə edilir. Artıq respublika ərazisində sürü halında yaşayan Mərakeş çəyirtkələrinə qarşı mübarizə aparılır. Bu ziyanvericilər kənd təsərrüfatı bitkilərinin bütün növlərinə, xüsusilə də taxıl, pambıq, qarğıdalının əkin sahələrinə ciddi zərər vurur», - D.Sultanov virtualaz.org saytına açıqlamasında deyib.
Kənd Təsərrüfatı Nazirliyindən isə əlavə ediblər ki, Aran rayonlarında dövlət ehtiyat fondu torpaqlarında müşahidə işləri aparılıb. Mübarizə tədbirləri «Pikap» tipli, ultra kiçik həcmli müasir və yüksək manevr qabiliyyəti olan «AU 8115 M» çiləyici aqreqatlar və yerüstü çiləyicilər vasitəsi ilə həyata keçirilir. İyunun sonunadək mübarizə tədbirləri davam etdiriləcək. Hələlik Mərakeş çəyirtkələrinin kökünü kəsmək mümkün olmur.
Xaricdən kartofla gələn bəla
Şəmkir, Tovuz, Qazax, Ağstafa və Gədəbəy fermerləri isə kartof sahələrində kartof güvəsinin yayılmasından şikayətçidirlər. Məhsuldarlığın qəniminə çevrilən təhlükəli ziyanvericilərin xaricdən gətirilən toxum və kartofla ölkəyə daxil olduğu iddia edilir. Kartof güvəsi Nazirlər Kabinetinin 44 saylı qərarı ilə karantin obyekti kimi siyahıya alınıb.
Kənd təsərrüfatı üzrə ekspertlər iddia edirlər ki, uzun müddət toxum və məhsulun gətirilməsi nəzarətdən kənarda qalıb. Nəticədən xaricdən gətirilən kartoflarla kartof xərçəngi və kartof güvəsi ölkəmizdə yayılıb. Kartof güvəsi məhsuldarlığa ciddi zərbə vurur. Fermerlər nə qədər çalışsalar da, əvvəlki kimi keyfiyyətli, bol məhsul əldə edə bilmirlər. Kartof güvəsinin də kökünü kəsmək mümkün olmadığından hələ uzun illər bu ziyanvericilərlə mübarizə aparmaq lazım gələcək.
Xidmət rəisi D.Sultanov isə kartof güvəsi ilə mübarizənin artıq nəticə verdiyini deyib. «2010-cu ildə kartof güvəsinin dinamikasında artım müşahidə olunurdu. 2013-cü ildə kartof güvəsi ilə mübarizə tədbirləri üçün dövlət büdcəsindən vəsait ayrıldı, bütün əkin sahələrində mübarizə aparıldı. Hazırda kartof güvəsinin iqtisadi ziyanlıq həddi çox deyil. Tovuz, Cəlilladab bölgəsində mübarizə tədbirləri həyata keçirilib, ciddi yayılma ehtimalı yoxdur», - xidmət rəisi vurğulayıb.
D.Sultanov toxum və məhsullarla xəstəlik törədicisi və ziyanvericilərin gətirilməsi iddiasına da münasibət bildirib: «Xaricdən gətirilən toxum və məhsullar karantin nəzarətindən keçirilir, ziyanverici və ya xəstəlik aşkarlandığı halda ya geri qaytarılır, ya da məhv edilir».
Meyvə bağlarında xəstəlik, yarpaqlar qaralır, tökülür
Fermerlər meyvə bağlarında əvvəllər rastlaşmadıqları xəstəliklər müşahidə etdiklərini deyirlər. Ağaclarda yarpaqların üstündə ləkə əmələ gəlir, yarpaq qaralıq və ya saralaraq tökülür.
D.Sultanov havaların bu il normadan artıq nəmli keçməsinin xəstəliklərin inkişaf dinamikasına təsir etdiyini deyir. Meyvə bağlarında nəmişlikdən, yağıntıdan və bölgədən asılı olaraq xəstəlik törədici yarana bilər: «Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Karantin Ekspertiza Mərkəzi var. Problemlə rastlaşan fermerlərə dərhal xidmətə müraciət etməlidirlər, xəstəliyin törədicisi və mənşəyi müəyyən olmalıdır. Bundan sonra mübarizə tədbirlərinə dair tövsiyələr verilə bilər".
Dərmanlar keyfiyyətsizdir?
Kəndli-fermerlər əvvəl 2-3 dəfə dərmanlamaqla kifayətləndiklərini, indi isə 10-12 dəfə dərmanlamaqla belə nəticə əldə edə bilmədiklərini söyləyirlər. Xidmət rəisi dərmanlamaqla bağlı problemlərin mövcudluğunu etiraf edir, amma bu, hər zaman preparatların keyfiyyəti ilə bağlı olmur. «Ölkəyə gətirilən dərmanlar keyfiyyətinə nəzarət edilir və dövlət qeydiyyatı aparır. Dövlət qeydiyyatına alınmış dərmanların keyfiyyətinə təminat verilir. Amma bəzən fermerlər bu və ya digər yollarla respublikaya gətirilmiş, qeydiyyatdan keçməyən, mənşəyi bəlli olmayan dərmanlardan istifadə edirlər, sonra isə effektiv təsir etmədiyindən şikayətlənirlər. Biz dəfələrlə fermerlərə dərman almadan əvvəl qeydiyyat şəhadətnaməsinin tələb etmələrini tövsiyə edirik. Dərmanın yararlılıq tarixinə, təlimatına nəzarət etmək lazımdır. Dərmanın sınaq müddətini keçib-keçmədiyinə diqqət yetirmək lazımdır. Hazırda xidmətin mütəxəssisləri tərəfindən Ağcabədi və Beyləqanda pambığın zərərvericiləri, alaq otu olan tikanlı quşüzümünə qarşı mübarizə tədbirləri həyata keçiririk. Fermerlərlə danışıqlar aparırıq, məlum olur ki, onlar dərmanlardan istifadə təlimatına düzgün riayyət etmirlər», - D.Sultanov deyir.
Xidmət rəisi əlavə edir ki, dərmanlama, zərərvericilər və xəstəliklərlə mübarizə xüsusi peşəkarlıq tələb edir. Çünki hər bölgənin özünəməxsus əkin sahələrinə uyğun xəstəlik və zərərvericiləri var, fermerlər bundan məlumatlı olmalıdırlar. Hər hansı bir neqativ hal aşkarlanarsa dərhal mütəxəssisə müraciət edilməlidir, məsləhət alınmalıdır: «Digər tərəfdən, hər bir zərərvericinin, xəstəliyin inkişaf dinamikasını, biologiyasını bilmədən dərmandan istifadə etmək olmaz, fermerlər ya vaxtından əvvəl, ya vaxtından gec dərmanlama aparırlar. Bilməlidirlər ki, hər bir pestisidlərin özünün suda həll olma qabiliyyəti var. Hansı suda, turş və ya qələvi mühütdə olması əhəmiyyətlidir. Burda vaxt da xüsusi əhəmiyyətlidir. Yararlılıq müddəti bitmiş və ya təlimata uyğun hazırlanmayan dərmanlar effekt vermir».
Dərman bahalaşıb
D.Sultanov deyir ki, karantin və xüsusi təhlükəli ziyanvericilərə qarşı mübarizə tədbirləri dövlət vəsaiti hesabına aparılır. Yerdə qalan ziyanvericilərə qarşı mübarizədə isə fermerlərə güzəşt edilir. «Taxıl və pambıq əkini ilə məşğul olan fermerlərə pestisidlərin və aqrokimyəvi maddələrinin, bitkinin inkişafı üçün lazım olan qida komponentləri güzəştli şərtlərlə satılır», - xidmət rəisi deyib.
Baytarlıq apteklərində satılan dərmanların qiymətinə gəldikdə isə, devalvasiyadan sonra dərmanlar 80 faiz bahalaşıb. Amma Damət Sultanov nazirliyin özəl sahibkarların qiymət siyasətinə qarışmadığını söyləyir. Yəni qiymətləri sahibkarlar özü təyin edir.
Mübarizə tədbirlərinə nə qədər vəsait ayrılır?
Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəsmi səhifəsində zərərvericilər və xəstəliklərə mübarizə çərçivəsində görülən işlərlə bağlı hesabatlar yer alıb. Neçə hektar ərazidə, hansı zərərvericinin məhv edildiyi, ölkəyə gətirilən məhsullarda tapılan zərərvericilər və ya keçirilən görüşlər yerləşdirilsə də, zərərvericilərlə mübarizə üçün ayrılmış vəsaitin məbləği göstərilmir. Xidmətdən rəhbərliyin ezamiyyətdə olduğu deməklə kifayətləniblər. Ölkə mətbuatında isə ölkənin kənd təsərrüfatının zərərvericilərdən və xəstəliklərdən mühafizəsinə 10 milyon manatdan artıq vəsait ayrıldığı bildirilir...