VAXT.AZ «Trend»ə istinadən bildirir ki, tədbirdə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, gənclər təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən A.Rəhimov Qurtuluş gününün Azərbaycan üçün əhəmiyyətindən danışıb. O qeyd edib ki, Qurtuluş günü Azərbaycançılıq tarixinin önəmli günüdür:
"Zaman keçdikcə, bu günün dəyəri daha da artır. Bu gün Azərbaycanın bütün sahələrdə inkişafına, beynəlxalq aləmdə tutduğu mövqeyə baxanda 15 iyun tarixinin xalqımız və ölkəmiz üçün nə qədər əhəmiyyət daşıdığı aydın görünür".
Nazir bildirib k, Ümummilli lider Heydər Əliyev bütün sahələri dərindən mənimsəyən və inkişafına nail olmuş bir fenomendir: «Heydər Əliyev ölkəni xilasetmə kimi böyük və məsuliyyətli vəzifəni üzərinə götürdü və uğurla icra etdi».
A.Rəhimov bildirib ki, ulu öndər Heydər Əliyev gənclər siyasətinə xüsusi diqqət yetirmiş və bu siyasət bu gün də uğurla davam etdirilir.
Daha sonra çıxış edən Y.Məmmədəliyev bildirib ki, 1993-cü ildə Azərbaycan dövlətinin ən çətin bir mərhələsində xalqın istəyi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev gənclərin vətənpərvər ruhda tərbiyə edilməsinə, müasir biliklərə yiyələnməsinə hər zaman önəm verib, gənclər üçün əlverişli şəraitin yaradılması dövlət siyasətinin əsas prioritetlərindən biri olub.
Y.Məmmədəliyev vurğulayıb ki, ulu öndərin gənclərə qayğısı bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O bildirib ki, Prezident Administrasiyasında Gənclər siyasəti və idman məsələləri şöbəsinin yaradılması Prezidentin gənclərə diqqət və qayğısının bilavasitə göstəricisidir: «Biz bütün gənclər bir araya gələrək bu etimadı doğruldacağıq. Məqsədimiz Azərbaycan gənclərini sağlam, vətənpərvər və milli dəyərlərə sadiq görməkdir».
Y.Məmmədəliyev vurğulayıb ki, gənclərimiz torpaqlarımızın işğaldan azad edilməsinə hər zaman hazır olmalıdır: «Müharibə yalnız cəbhə xəttində deyil, KİV-də, sosial mediada, vikipediyada da aparılmalıdır».
PA rəsmisi əlavə edib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonda Azərbaycan tarixində yeni və parlaq səhifə açıldı: «Son 25 ildə Azərbaycan bütün sahələrdə uğurla inkişaf edib və regionun lider dövlətinə çevrilib. Azərbaycanın inkişafına gənclərin də rolu böyükdür. Gənclərimizin intellektual və yaradıcılıq potensialının üzə çıxarılması, aktivliyinin artırılması istiqamətində fəaliyyət bundan sonra da geniş şəkildə həyata keçiriləcək».
Y.Məmmədəliyev vurğulayıb ki, ölkə başçısı İlham Əliyev və Birinci-vitse prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən siyasət sayəsində uğur qazanan məhz gənclik olacaq.
Tədbirdə çıxış edən F.Hacıyev deyib ki, əgər 15 iyun 1993-cü ildə Ulu öndər Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlməsə idi, Azərbaycanı 1920-ci il 28 apreldəki fəlakətdən daha böyük fəlakət gözləyirdi: «Əgər 1920-ci ildə biz Zəngəzuru, Göyçəni itirdiksə, bu dəfə tamamilə bütün Azərbaycanı itirəcəkdik. Vətəndaş müharibəsi, xaos, separatizm və siyasi böhranla qarşılaşan Azərbaycan xalqı yeganə çıxış yolunu məhz böyük vətənpərvər, siyasətçi, xalqını, millətini sevən Heydər Əliyevdə gördü. Müasir müstəqil Azərbaycan Heydər Əliyevin siyasəti nəticəsində dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Heydər Əliyevin irsi daim yaşayacaq. Əgər biz varıqsa, bu ölkə varsa, Heydər Əliyev də olacaq».
F.Hacıyev bildirib ki, Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib, məhz onun rəhbərliyi ilə dövlət gənclər siyasətinin təməli qoyulub və bu gün bu siyasət uğurla reallaşdırılır.
Daha sonra çıxış edən T.Süleymanov bildirib ki, 1990-cı illərdə Azərbaycanda xaos hökm sürürdü. O qeyd edib ki, Azərbaycan parçalanmaq, yox olmaq ərəfəsində idi: «Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan bu təhlükələrdən xilas oldu. Heydər Əliyev 1993-cü ildən 2003-cü ilə qədər gənclərlə 43 dəfə görüşüb, 20-ə qədər sərəncam, fərman imzalanıb. Bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heç bir ölkədə Prezident Administrasiyasında Gənclər siyasəti və idman məsələləri şöbəsi yoxdur. Bu, gənclər siyasətinə diqqətin təzahürüdür».
Tədbirdə çıxış edən Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Fuad Muradov, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov, «İrəli» İctimai Birliyinin sədri Mirhəsən Seyidov və digər çıxışçılar Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı üçün gördüyü işlərdən danışıb, gənclər siyasəti sahəsində görülən işlərdən bəhs edib. Qeyd olunub ki, Azərbaycanın inkişafı və uğurları Ümummilli liderin adı ilə bağlıdır.