Vaxt.Az
«Gİ-də Qarabağ Azərbaycana...»
Rusiyalı politoloq münaqişənin dinc həll variantının olduğuna inanmır, ancaq onun fikrincə, «2014-cü ildə Bakı...»
Siyasi təhlilçilər 2014-cü ildə də Dağlıq Qarabağ probleminin həlli yönündə sanballı irəliləyiş vəd etmirlər, çünki bundan ötrü üfüqdə əlverişli regional və qlobal şərtlərin yetişməsini görmürlər. Şübhə yox ki, turist vasitəçilər yenə bölgəyə gəlib-gedəcək, iş görüntüsü yaradacaq, prezidentlər və xarici işlər nazirləri səviyyəsində təmaslar yenə də davam edəcək. Ancaq ötən 20 ilin acı təcrübəsi göstərir ki, bütün bunlar ədalətli sülhə nail olmaq üçün yetərli deyil.
Bununla belə, 2014-cü ildə konflikt ətrafında situasiyada bəzi maraqlı gəlişmələr də gözlənilir. Onlardan biri Rusiyanın SSRİ-nin reanimasiyası yönündə böyük layihəsi olan Gömrük İttifaqına konflikt tərəflərini - Ermənistan və Azərbaycanı qoşmaqla bağlıdır.
Ermənistanın məsələsi faktiki surətdə həll olunub - 2014-cü ildə işğalçı ölkənin quruma üzvlüyü tam rəsmiləşəcək. Azərbaycana isə bu yöndə təzyiqlərin artacağı təxmin edilir.
Qeyd edək ki, ölkəmiz daxilində Gömrük İttifaqına üzvlüyün milli maraqlarımız, Qarabağ məsələsi üçün faydalı ola biləcəyini düşünən çevrələr var. Hətta bu arada konfliktin ədalətli həllinə yardımçı olarsa, Rusiyanın Azərbaycanda hərbi bazasının bərpası mümkünlüyünü dilə gətirənlər olub.
Bəs belə ümidlər nə dərəcədə əsaslıdır? Doğrudanmı Bakı Kremlin layihəsinə «hə» desə, münaqişənin həlli yönündə xeyrimizə yeni situasiya yarana və bu, Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyinin bərpasına gətirə bilər? Reallıq, yoxsa ilğım? Əfsus ki, daha çox ilğım.
«Gömrük İttifaqının qapıları hamının, o cümlədən Azərbaycanın üzünə açıq olsa da, Bakı hazırda bu quruma qoşulmaqdan uzaqdır. Azərbaycan hakimiyyəti bunu heç perspektivdə də görmürlər. Ancaq fikrimcə, Azərbaycan ittifaqa qoşulsa belə, bu, onun Dağlıq Qarabağ üzərində suverenliyinin bərpasını yaxınlaşdırmayacaq».
Bu sözləri rusdilli vesti.az saytına müsahibəsində Siyasi Sosiologiya İnstitutunun direktoru, rusiyalı politoloq Vyaçeslav Smirnov deyib. Politoloqa görə, ixtilafın dinc yolla həlli mümkün deyil: «Lakin düşünmürəm ki, Azərbaycan problemi öz xeyrinə yoluna qoymaq üçün 2014-cü ildə böyük regional savaşa girsin».
Yada salaq ki, ötən ilin dekabrında Ermənistana etdiyi səfər çərçivəsində prezident Vladimir Putin İrəvanda «Rusiya Güney Qafqazdan çıxmayacaq» bəyanatını vermişdi. Bəyanatı şərh edən ekspert bildirib: «Bu, o deməkdir ki, Moskva Qafqaz jandarması rolunu öz üzərinə götürüb və ABŞ və Avropa Birliyindən xahiş edir ki, onun həyati vacib maraqlar zonasına girməsinlər».
«Bəs Azərbaycan savaşa qərar verərsə, Kremlin reaksiyası necə olacaq, Moskvanın Bakını cəzalandırması mümkündürmü» sualına politoloqun cavabı bu cür olub: «Belə bir istəyə görə cəza siyasi səhv olardı. Ancaq əgər Azərbaycan müharibəyə qərar versə, onda onu BMT Təhlükəsizlik Şurası cəzalandıra bilər, çünki dünyanın qlobal gücləri ədalətli və ya qeyri-ədalətli olmasından asılı olmayaraq müharibələrin onların izni olmadan başlamasını heç sevmirlər».
Son fikirlə razılaşmaq bir qədər çətindir. Məsələ ondadır ki, Təhlükəsizlik Şurasının qərarlarına təsir edən onun 5 daimi üzvü - ABŞ, Rusiya, Fransa, İngiltərə və Çin arasında da çox vaxt hansısa qlobal məsələ ilə ilgili anlaşma baş tutmur. Suriya müharibəsi, Fələstin məsələsi buna əyani sübutdur. O səbəbdən bəzən Rusiyaya əl verən müharibə Qərbin maraqlarına cavab vermir və ya əksinə.
Azərbaycana gəlincə, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağa dair 4 qətnamə qəbul edib. Həmin sənədlərdə işğalçı qüvvələrin ərazilərimizdən çıxması birmənalı şəkildə tələb olunur. Həmçinin, Avropa Şurası və Avroparlament, NATO Parlament Assambleyası analoji qərarlar çıxarıb. Amma qətnamələr indiyədək yerinə yetirilməmiş qalır. Halbuki konfliktin dinc həlli məqsədilə yaradılan Minsk Qrupunun həmsədrləri (ABŞ, Rusiya, Fransa) eyni zamanda BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir.
Sual meydana çıxır, nizamlama prosesində 20 ildir ortaq mövqeyə gəlməyi, dil tapmağı bacarmayan böyük güclər Azərbaycan müharibəyə başlayarsa, doğrudanmı vahid mövqe sərgiləyəcəklər? Bunu bacaracaqlarsa, yəni bölgədə yeni qanlı müharibənin alovlanmasında onlar maraqlı deyillərsə, bunu öz regional maraqlarına təhlükə sayırlarsa, o zaman niyə illərdir ortaq mövqeyə gəlib sülh prosesinə sanballı töhfə vermir, problemi tarixin arxivinə göndərmirlər?
10.01.2014 çap et