Bir vaxt Türkiyənin də can atdığı təşkilatla bağlı bu ölkənin nüfuzlu «Dünya» nəşri maraqlı bir versiya irəli sürür. Müəllifin əsas narahatçılığı odur ki, ŞƏT hazırda Mərkəzi Asiyanı mühasirəyə alan bir layihəyə çevrilir. Qəzet bu və digər məsələlərlə bağlı özbək siyasətçisi Namoz Normumin Məhəmmədin fikirlərini öyrənib. ŞƏT-i beynəlxalq praktikada nadir hallarda rast gəlinən bir qurum kimi xarakterizə edən ekspert əlavə edir ki, təşkilata üzv dövlətlər yaranışlarının ilk illərində prioritet olaraq öz ərazilərində radikal islam qruplaşmalarına qarşı mübarizəni seçdilər. Eyni zamanda, sıx iqtisadi əməkdaşlıq əlaqələri də qurmağa müvəffəq oldular: «Bura hərbi əməkdaşlığı da daxil etmək gərəkdir. Əgər ŞƏT-i Avropa İttifaqı və yaxud NATO ilə müqayisə etsək, onda görərik ki, qarşımızda bir-biri ilə rəqabət aparan, hətta düşmənçilik edən dövlətlərin ideoloji cəhətdən formalaşmayan bir qurumu var. Məsələn, Kəşmir problemi üzündən Hindistan və Pakistan müharibə vəziyyətindədir. Onlar arasında mütəmadi olaraq siyasi böhran, hətta hərbi münaqişə yaşanır».
«ŞƏT ilə ABŞ və Aİ arasında rəqabət ola bilərmi» sualına politoloq belə bir rəqabətin mövcudluğunu bildirib: «Xüsusən də Rusiyanın nöqteyi-nəzərindən. Söhbət tək rəqabətdən deyil, Qərb və Rusiya arasında yaşanan strateji müharibədən gedir. Bu, əvvəlki soyuq müharibə deyil, qarışıq müharibədir. Qərb Ukraynanı öz təsir dairəsinə salmaqla, Rusiyaya ağır zərbə vurmuş oldu. Bu ölkədə yaşanan müharibə nəticəsində 10 minə yaxın insan həyatını itirib. Rusiya da Qərbə qarşı müqavimət göstərmək üçün yeni tərəfdaş axtarışındadır. Məhz bu amil ŞƏT-in genişləndirilməsinin başlıca səbəbidir. Digər tərəfdən, söhbət Çin və Birləşmiş Ştatlar arasındakı geosiyasi və iqtisadi rəqabətin miqyasından gedir. Maraqlısı odur ki, bu ölkələr həm də bir-biriləri ilə əməkdaşlıq etmək istəyirlər. Məsələn, Çinin yeni İpək yolu layihəsi Avropa İttifaqı il əməkdaşlığı nəzərdə tutur». Özbək politoloq prosesi belə izah edir ki, hazırda bu postmodern dünyanın yeni durumunu əks etdirir. Eyni zamanda öz maraqları naminə bir-biri ilə əməkdaşlıqdan da imtina edə bilmirlər. Onun qənaətinə görə, ŞƏT-ə üzv dövlətlərin aralarındakı problemləri həll edəcəyi mürəkkəb bir məsələdir: «Yuxarıda qeyd etdiyim kimi, ŞƏT hər hansı bir ideologiyaya malik olmayan dövlətlərin birliyidir. Bu, yalnız postmodern dünyada maraqların qorunması deməkdir. Hazırda Çin və Hindistan bir-biri ilə ciddi şəkildə rəqabət aparırlar. Hindistan və Pakistanla da bağlı vəziyyət bəllidir. Burada hər bir dövlət öz maraqlarını rəhbər tutaraq hərəkət edəcək. Məsələn, Rusiyanın ŞƏT-dən böyük iqtisadi və hərbi ehtiyacları, o cümlədən silah satışı ilə bağlı gözləntiləri var».
ŞƏT-in regionda sabitliyə öz töhfəsini verə biləcəyinə gəldikdə, ekspert bunun mürəkkəb bir məsələ olduğunu düşünür. Onun qənaətinə görə, əsas problem Əfqanıstandır. Hazırda ŞƏT öz nüfuz dairəsi baxımından onu mühasirəyə alıb. Lakin bu ölkə həm də Qərbin regionda bazası hesab edilir. NATO-nun son samitində bu təşkilatın üzvləri Əfqanıstanda hərbi kontingentin artırılması barədə qərar qəbul ediblər. Yəni Qərb Əfqanıstandan imtina etmək niyyətində deyil. Beləliklə də belə bir nəticəyə gəlmək olar ki, ölkədə iri dövlətlərin maraqları toqquşur və münaqişənin güclənəcəyi qaçılmazdır.
Özbək ekspert Mərkəzi Asiyanın dörd ölkəsinin (Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan) ŞƏT üzvü olmasına da diqqət çəkib. Onun sözlərinə görə, ŞƏT radikalizmə qarşı mübarizə adı altında bölgədə islamın genişlənməsini, güclənməsini nəzarət altında saxlamağa və buna mane olmağa çalışır. «ŞƏT mahiyyət etibarilə Mərkəzi Asiyanın mühasirəsi layihəsidir. SSRİ-nin dağılmasından sonra Mərkəzi Asiyada gözəl hadisələr baş verib. Bura islam sivilizasiyasının mərkəzidir. İndi regionun müsəlman əhalisi yenidən dirçəlir. Əsas odur ki, bu proses sülh, düşünülmüş yol ilə gedir və ŞƏT kimi təşkilatlara qarşı yönəlməyib. Son görüşlərin birində Özbəkistan prezidenti Şövkət Mirzoyev Qırğızıstanı sərhədləri açmağa çağırıb. Bu çox əhəmiyyətli addımdır. Bu səbəbdən də Mərkəzi Asiya dövlətləri öz aralarında əməkdaşlıq və birliyi qoruyub saxlamaları çox vacibdir», - deyə o bildirib. Ekspert əlavə edir ki, əks təqdirdə ŞƏT öz strukturunda onları əridib məhv edəcək: «Konkret olaraq Şərqi Türküstanda baş verənlər buna əyani misaldır».
Özbək diplomat diqqəti ŞƏT daxilində qəbul edilən və terrorizmə qarşı mübarizəni nəzərdə tutan Konvensiyaya da yönəldib. Rusiyanın təkidi və tələbi ilə qəbul edilən sənəddə əsas olan «rəngli inqilablar»la mübarizə ilə bağlı bənddir. Moskvanın israrlı tələbi ilə ora hakimiyyətin zorla dəyişdirilməsinə qarşı bənd salınıb. Kreml strateqlərinin qənaətincə, bu tip inqilablar hazırda Mərkəzi Asiya ölkələrində aktualdır. Nəzərə alaq ki, regionun əsas dövləti Qazaxıstanda belə bir təhlükə ötən il aktuallaşmışdı. Analoji hal Qırğızıstanda da var. Bu səbəbdən də Moskvanın narahatçılığını başa düşmək olar. Rusiya öz sərhədləri yaxınlığında, eləcə də, onun nəzarəti altına olan ölkələrdə belə qüvvələrin hakimiyyətə gəlməsinə qarşıdır. Ən əsası, Rusiya rəhbərliyi dəfələrlə bəyan edib ki, İŞİD adlandırılan terrorçu qrup daxilində Mərkəzi Asiya və Qafqaz ölkələrindən minlərlə insan döyüşür. Moskva da onların qarşısını almaq üçün hər cür vasitələrdən istifadə edir. Bu səbəbdən də Rusiya ŞƏT-dən belə bir təhlükələrin qarşısını almağa səy göstərəcək.
Xatırladaq ki, ŞƏT 2001-ci il iyunun 15-də Şanxayda 6 ölkənin (Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan) prezidentlərinin birgə görüşü zamanı yaradılmış, daimi əsaslarla fəaliyyət göstərən regional beynəlxalq birlikdir. Burada Əfqanıstan, İran, Monqolustan və Belarus müşahidəçi statusuna malikdir, Azərbaycan, Türkiyə, Kamboca, Nepal, Ermənistan və Şri-Lanka «dialoq üzrə tərəfdaş»dır. Onun məqsədi iştirakçı dövlətlər arasında mehriban qonşuluq və dostluq, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsidir.