Vaxt.Az

Göydə doğulan uşaq yerə enməyə bilər


 

«Jet Airways» uçuş zamanı dünyaya gələməyən körpəyə ömürlük təyyarə bileti verib

Göydə doğulan uşaq yerə enməyə bilər «The İndependent» xəbər verir ki, «Jet Airways» hava yolları şirkətinin təyyarəsində, 10 min metr yüksəklikdə və vaxtından əvvəl doğulmuş oğlan uşağına həmin şirkətin ömürlük aviabileti verilib.

Uşaq Səudiyyə Ərəbistanının Dammam şəhərindən Hindistanın Koçin şəhərinə uçan sərnişin təyyarəsində doğulub.

Ananın ağrıları vaxtından əvvəl başlandığından təyyarənin marşrutu Mumbay şəhərinə dəyişdirilib. Hamilə qadının bəxti onda gətirib ki, təyyarədə doğuşları qəbul etmək üçün təlim görmüş həkim də olub.

Məqalədə deyilir ki, bu, qərargahı Hindistanda olan aviaşirkətin tarixində uçuş vaxtı ilk doğuş idi və elə buna görə də körpəni dərhal ömürlük təyyarə bileti ilə təltif ediblər.

Ümumilikdə isə ötən il ərzində uçuş vaxtı beş uşaq doğulub, amma onların heç birinin bəxti bilet sarıdan belə gətirməyib.

Bundan əvvəl təyyarədə uçuş zamanı doğulan uşağa istənilən istiqamətlərə və istənilən vaxt ömürlük pulsuz bilet 2009-cu ildə «AirAsia» şirkəti tərəfindən verilib. Bu uşaq Penanq şəhərindən cəmi iki saatlıq reys zamanı doğulmuşdu.

Ümumiyyətlə isə əksər hava şirkətləri göydə doğulan uşaqlara sevinirlər, çünki bu, bir növ onlar üçün reklama çevrilir.

Buna baxmayaraq hava şirkətlərinin heç də hamısı «Jet Airways» və «AirAsia» kimi səxavətli olmur.

Məsələn, «Virgin Atlantic» hava şirkəti uçuş vaxtı doğulmuş sərnişinə o yalnız 21 yaşına çatanadək pulsuz bilet verib.

Ötən il «Cebu Pacific Air» hava şirkətinin Dubay-Manila reysində dünyaya göz açan uşağa isə pulsuz bilet yox, bir milyon mil uçuş güzəşti veriblər.

1990-cu ildə «British Airways» şirkətinin Qana-London reysində doğulmuş Çona Ouenə (Shona Owen) isə sadəcə olaraq 18-ci ad günü üçün birinci dərəcəli salona pulsuz bilet verilib.

2016-cı ildə havada doğulan başqa bir körpəyə şirkətin şərəfinə «Jetstar» adı verilsə də, «Jetstar Asia» şirkəti ona hədiyyə olaraq yalnız 1000 dollar verib.

Lakin ən böyük «simicliyi» Türk Hava Yolları şirkəti edib. Bu ilin aprel ayında şirkətin Qvineyanın Konakri şəhərindən Burkina Fasonun Uqaduqu şəhərinə uçan reysində doğulmuş körpə qəzet başlıqlarına çıxmışdı.

Amma şirkət ana və çağanın yalnız yerli xəstəxanaya aparılmasının pulunu ödəmişdi.

 





20.06.2017    çap et  çap et