Bu ilin aprelində Bibiheybət mədəninin ərazisində 1846-cı ildə dünyada sənaye üsulu ilə qazılmış ilk neft quyusu bərpa edilib.
Muzey mütəxəssisi Aygül Şamçıyeva deyir ki, Azərbaycanda bu quyu ABŞ-dan 13 il əvvəl qazılıb.
Dünyada daha çox ABŞ-da qazılan quyunun tanınmasının səbəbini isə o belə izah edir:
«Amerikadakı quyudan sənaye həcmində neft aşkar olunub, Bakıda isə 21 metr dərinliyindən neft aşkar olunsa da həcmi çox az idi. Ona görə bu üsula çox diqqət etmədilər. Əl üsulu ilə işləməyə davam etdilər və illər sonra yenidən bu üsula qayıtdılar».
Xanım Şamçıyeva bərpa edilmiş quyunun artıq turistlərin ziyarət etdiyi məkana çevrildiyini də qeyd edir.
Azərbaycanda sənaye üsulu ilə neft hasilatına XIX əsrin ortalarından başlanılıb.
1900-cü illərə qədər Azərbaycan dünya neftinin 50 faizini təmin edib.