Vaxt.Az

«Pulumu istəyirəm»


 

Tağı Əhmədov Çovdarovun məhkəməsində «Leyli və Məcnun»dan danışdı

«Pulumu istəyirəm» Bu gün ləğv edilmiş MTN-in idarə rəisi olmuş general Akif Çovdarovun və digərlərinin işi üzrə məhkəmə prosesi davam edib. Virtualaz.org saytının prosesi izləyən əməkdaşının verdiyi xəbərə görə bu günkü prosesin ən maraqlı hissəsi Bakı Metropoliteninin keçmiş rəhbəri Tağı Əhmədovun ifadəsi olub.

Tağı Əhmədov bu iş üzrə zərərçəkmiş kimi tanınıb, o, bundan əvvəl bir neçə dəfə ifadə verməyə dəvət olunsa da hər dəfə müəyyən problemləri çıxırdı və məhkəməyə getmirdi. Nəhayət Tağı Əhmədov Akif Çovdarovun Eldar Mahmudovun tapşırığı ilə ondan təhdid və şantaj yoluyla  3 milyon dollar qoparması epizodu üzrə danışıb.

T.Əhmədov A.Çovdarovun vəkillərinin sualını cavablandırıb. Vəkil ondan soruşub: «sizin Akif Çovdarovdan tələbiniz nədir». T.Əhmədov isə «Leyli və Məcnun» poemasına istinad edib: «Leyli və Məcnunu hamı oxuyub. Bütün dünya bilir ki, əsərdə söhbət nədən gedir. Hətta Leylinin Məcnundan nə istədiyi də məlumdur. İndi də məhkəmədə hər şey aydındır. Siz də savadlı adamsız. Bilmirsiniz ki, mən nə istəyirəm? Verdiyim pulu tələb edirəm».

T.Əhmədov ifadəsində bildirib ki, A.Çovdarov ondan MTN üçün 10 «Gelandewagen» markalı avtomobil alınmasını istəyib: «Ona «yox» cavabını verdim. Həmin vaxt sabiq nazir Eldar Mahmudova zəng elədim. Lakin o, telefonu açmadı. Daha sonra onun köməkçisi ilə danışdım. O bildirdi ki, «nazir sizin işinizi Akif Çovdarova tapşırıb». Eldar Mahmudov mənim yerlimdir. Bir-birimizi çoxdan tanıyırdıq».

Tağı Əhmədov ifadə verdikdən sonra məhkəməni tərk edib və jurnalistlərlə ünsiyyətdən yayınıb. Onlara «sağ olun» deyərək maşına oturub və uzaqlaşıb.

Məhkəmə prosesi və Tağı Əhmədovun ifadəsi barədə geniş reportaj daha sonra saytda yerləşdiriləcək.

 





21.06.2017    çap et  çap et