Olduğum, gəzdiyim, yazdığım heç bir məkanda bu kitab ətrini duymamışdım. Buranın aurası başqadı. Əsl kitab dünyasıdır. Divarlardakı rəsmlər diqqətimi çəkdi. Elman dayı deyir 1978-ci ildə dükan açılanda gənc bir rəssam məxsusi olaraq işləyib onları. Hamısı klassik süjetlərdir. Pəncərənin qabağında iyirmi ilin fikusu da kitab qoxusuna oyanır.
Müxtəlif bölmələrdə kitablar səliqə-sahmanla yığılıb. «Poeziya», «Nəsr», «Filologiya», «Uşaq ədəbiyyatı», «Yeni nəşrlər», «Xarici ədəbiyyat», turistlərdən ötrü nəzərdə tutulmuş ədəbiyyat bölmələrində hər cür zövqə və təfəkkürə uyğun, daha çox Azərbaycan (latın və kiril qrafikasında çap olunmuş) və rus dilində, həm təzə, həm də köhnə nəşr kitablar var. Amma qiymət baxımından əlverişli olduğu üçün daha çox kiril əlifbasıyla nəşr olunmuş köhnə kitablar alınır. Elman dayı təmkin və sakitliyini pozmadan gələn oxucu – alıcılara müxtəlif məsləhətlər verir, istiqamətləndirir. Özü dediyinə görə, gəncləri daha çox klassik ədəbiyyat oxumağa dəvət edir. Öyrənmək istədiyin hər şeyi ordan öyrənərsən, deyir. Elə ümumi götürəndə dükanda ən çox satılan da klassik ədəbiyyatdır. L.Tolstoy, F.Dostoyevski, N.Qoqol, A.Düma, A.Puşkin, A.Çexovun demək olar ki, bütün əsərləri ən çox alınanlardır. Bunlarla yanaşı bizim klassiklərdən Nizami, Füzuli, Nəsimi, Sabirin kitablarına tələbat hər zaman var. Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürkün şeir kitabları da çox alınır.
«Uşaq ədəbiyyatı» bölməsində həm rus, həm Azərbaycan dilində kitablar rəflərdədir. «Altun Kitab» nəşrlər evinin uşaq seriyasından olan kitabları qiymət baxımından münasib olduğu, həm də iri həcmli əsərlərin qısaldılmış formada – sırf uşaqlarçün nəzərdə tutulduğu üçün ən çox satılanlardır.
Gənc yazıçı və şairlərin kitablarını xəfif əl hərəkətiylə göstərən Elman müəllim, onların çox az satıldığını bildirdi. Gənc yazarların kitablara qiyməti düzgün təyin etmədiyini, baha satışa qoyduğunu dedi Elman dayı. Və ümumiyyətlə, yeni nəşr kitabların baha qiymətə olduğundan narahatdır. O deyir ki, ölkədə iki şey ucuz olmalıdır: çörək və kitab.
Elman dayı tərcümə sahəsindən də xeyli gileyləndi: «Tərcüməçi olmaq asan iş deyil. Bunun üçün dili yaxşı bilmək kifayət etmir. Tərcüməçi mütləq tərcümə etdiyi dilin məxsus olduğu xalqın tarixini, mədəniyyətini, irsini bilməlidir. İndi çox vaxt tez-tələsik kitabları tərcümə edib çapa verirlər. Ona görə də, keyfiyyət aşağı düşür. Tərcüməylə bu işə ciddi yanaşan, peşəkarlar məşğul olmalıdır. Bundan başqa, yeni nəşr olunmuş kitabların çoxunun nazik cildli olduğunu, bu cür nəşrlərin oxucu kimi onda kitab təəssüratı yaratmadığını bildirdi.
Dükanda müxtəlif lüğətlər olsa da, daha çox danışıq kitabçaları – Azərbaycan-rus, Azərbaycan-ingilis, Azərbaycan-ispan, Azərbaycan-italyan danışıq kitabçaları satılır. Bir vaxtlar, az qala, hər kəsin alıb evində apardığı ensiklopediyalarısa demək olar ki, alan yoxdur.
Elman dayı hazırda gənclərin mütaliələrinin azlığından, yazıçı olmaq istəyən gənclərin kitab oxumamağından gileyləndi. Onlara ən böyük məsləhəti budur ki, klassik ədəbiyyat mütaliə etsinlər. Dostu, gözəl şairimiz B.Vahabzadə deyirmiş ki, bir cümlə yazmaq üçün mən qırx səhifə oxuyuram!
Sizə danışım həmin bu dükanın məşhur alıcılarından. Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, məşhur türk yazıçısı, Nobel mükafatçısı Orxan Pamuk burdan kitab alıblar. Elman dayı Orxan Pamukun bura gəlişini xatırlayır: O, bütün bölmələrə baxdı. Bir xeyli söhbət etdik. Çox intellektli insandır. Bakı haqqında kitablarla maraqlandığından şəhərin tarixindən bəhs edən kitablar və bizim klassik ədəbiyyatımızdan bir çanta kitab seçdi. Bir neçəsini də mən bağışladım. Onunla söhbət mənimçün çox xoş oldu. Geniş biliyə malik adamla ünsiyyət həm rahat, həm də zövqvericidir. Bundan başqa, Bakıya gələn turistlər kitab ocağı kimi bura mütləq baş çəkirlər. Elman müəlliməsə bütün oxucuların xüsusi sevgisi var.