Vaxt.Az

Niyə Nobel alanımız yoxdur?


 

Yaxud Kasparov və Ter-Tadevosyanın bizdən qopardıqları

Niyə Nobel alanımız yoxdur? Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin məzunu Arkadi Ter-Tadevosyan və Bakı Şahmat Məktəbinin məzunu Qarri Kasparov. Hər ikisinin milliyyəti ermənidir. Bizim məktəbləri bitiriblər.

General-mayor Ter-Tadevosyan Şuşanın işğalında fərqləndiyinə görə qondarma respublikanın Milli Qəhrəmanı adını alıb. Qarri Kasparov isə şahmat üzrə dünya çempionu olub. Demək ki, bizim məktəblər sərkərdə yetişdirə bilir, dünya çempionu yetişdirə bilir, o zaman sual oluna bilər ki, bəs biz niyə bu məktəblərdən yetişmirik?

İndicə bir xəbər oxudum ki, bir artistə pullu məmurlardan biri ikiotaqlı mənzil bağışlayıb. Hansısa pullu məmur hansısa işvəkar xanıma xərclədiyi pulun cüzi bir hissəsini bir elm adamına, bir yüksək istedadlı tələbəyə, imkansızlıqdan əziyyət çəkən bir istedadlı hərbçiyə, yüksək zəkalı bir yazara xərcləsə, o zaman bir yerlərə ucalan adamlarımızı görmək mümkün olar.

Nə olardı, həmin ikiotaqlı evi illərdir aspirantlar yataqxanasında, yaxud kirayə zirzəmidə ailəsi ilə birlikdə zillət çəkən bir fizik, bir kimyaçı, bir geoloq alimə bağışlasaydın! Bunlar yoxdursa, hələ intellekt oyunlarında çempionlar da olmayacaq, qalib gəlməyə qadir komandirlər də olmayacaq, Nobel alan alim də olmayacaq!

İnsanın ortasının qiyməti başından yuxarı olan cəmiyyətlərin payını daha hazırlıqlı kimliklər əlindən qoparıb ala bilir. Təəccüblənməyin, Kasparov və Ter-Tadevosyanın uğurları bizim əlimizdən qoparıb aldıqlarıdır.

 





22.06.2017    çap et  çap et