Vaxt.Az

Kremlin Ukrayna siyasətini müdafiə edənlər azalıb


 

«Pew Research» Mərkəzinin ruslar arasında keçirdiyi sorğu maraqlı nəticələr doğurub

Kremlin Ukrayna siyasətini müdafiə edənlər azalıb Artıq indidən söyləmək olar ki, Rusiyada 2018-ci ildə baş tutacaq prezident seçkiləri əvvəlkilər kimi sönük və maraqsız olmayacaq. Düzdür, sürpriz nəticənin üzə çıxacağı az inandırıcı olsa da, hər halda müəyyən gərginlik yaşana bilər. Seçkilərdə iştirakını qətiləşdirməsə də, proseslərin gedişi göstərir ki, indiki prezident Vladimir Putin növbəti müddətə namizədliyini irəli sürəcək. Mövcud reytinqi də onu növbəti müddətə prezident seçiləcəyini təsdiq edir. Belə baxanda ortada ona rəqib olacaq namizəd də yoxdur. Hazırda ona rəqib kimi göstərilən bloger Aleksey Navalnı Putunlə rəqabət aparmaq iqtidarında deyil.

Yeri gəlmişkən, Qərbin aparıcı analitik mərkəzləri, sorğu xidmətlərinin apardıqları tədqiqatları nəticələri ortaya bir sıra maraqlı nüansları çıxarır. «Rusiya əhalisinin böyük bir qismi prezident Vladimir Putinin xarici siyasət xəttini yüksək qiymətləndirir, diplomatiyanın uğurlarını qəbul edir. Lakin daxili siyasətlə bağlı bunu söyləmək olmur. Söhbət iqtisadiyyat və korrupsiya ilə mübarizə məsələlərindən gedir». Belə bir nəticəyə Vaşinqtonda yerləşən «Pew Research» Mərkəzinin ruslar arasında keçirdiyi tədqiqat əsasında gəlinib. «Pew»in sifarişi ilə sorğunu Prinston Sosioloji Mərkəzinin (PSRAI) ekspertləri keçiriblər. Bütün Rusiya boyu keçirilən sorğu fevral ayından aprelə qədər olan müddəti əhatə edib. Sorğu yaşı 18-i keçən təqribən min vətəndaş arasında keçirilib. Rəyi soruşulanların 58 faizi ölkədəki vəziyyəti müsbət qiymətləndirsə də, 36 faiz durumun pis olduğunu bildirib. Bu göstərici 2014-cü ilin göstəriciləri ilə eynidir. Həmin vaxt da razı olanlar 56, narazı olanlar isə 36 faiz idi. Müqayisə üçün bildirək ki, «Levada-Mərkəz»in keçirdiyi sorğunun nəticələri də bununla üst-üstə düşür. Orada qeyd edilir ki, 2017-ci ilin may ayı ərzində ölkə rəhbərliyinin siyasətindən razı olanlar 56 faiz olub. Ölkənin dalana doğru irəlilədiyini hesab edənlər isə 28 faizdir. Ümumən Kremlin daxili və xarici məsələlərlə bağlı ən müxtəlif  məsələlərlə bağlı siyasətinə dəstək 49-78 faiz arası dəyişir. Ən maraqlısı odur ki, «Pew»in iki il bundan əvvəl keçirdiyi sorğu ilə müqayisə etdikdə prezidentin reytinqinin 12-20 faiz aşağı düşdüyü müşahidə edilib. Daha çox Rusiyanın Ukrayna siyasəti müdafiə edənlərin sayında azalma müşahidə edilib. «Vladimir Putinin Ukrayna ilə münasibətlərində yürütdüyü siyasəti dəstəkləyirsinizmi» sualına cavab verənlərin göstəricisi 2015-ci illə müqayisədə 83 faizdən 63 faizə düşüb. Kreml Çin siyasətinə dəstək 12 faiz (90 faizdən 78 faizə) aşağı düşüb. Birləşmiş Ştatlara gəldikdə, ABŞ-la bağlı siyasəti dəstəkləyənlərin göstəricisi 85 faizdən 73-ə enib. Kremlin vətəndaş cəmiyyətinə münasibəti ilə bağlı sual da olub. Bu istiqamətdə prezidentin fəaliyyətini 75 faiz dəstəkləyir, 35 faiz isə müdafiə etmir. Korrupsiya məsələsində Rusiya cəmiyyəti tən yarıya bölünüb. Prezidentin korrupsiyaya qarşı mübarizəsi rusların 49 faizində dəstək tapıb. Əks mövqedə olanlar isə 45 faizdir.

Bundan əlavə, rusların təqribən 59 faizi hesab edir ki, ölkənin dünya arenasında vəziyyəti son 10 ildə möhkəmlənib. Yalnız 21 faiz bu halın əvvəlki qaydada qaldığını düşünür.

Politoloq Aleksandr Kınev hesab edir ki, Moskvanın xarici siyasət kursunun populyarlığının sabit qalmasının məntiqi izahı var: «Daxili vəziyyətin qiymətləndirilməsi daha önəmlidir. Çünki insanlar öz şəxsi təcrübəsində bununla daha tez-tez üzləşirlər. Xarici siyasətlə bağlı xəbərlər KİV-dən əldə edilir. 2012-ci ildən dünyada Rusiyaya hörmətlə yanaşıldığı fikrində olanların göstəricisi iki dəfə artıb (16 faizdən 34 faizə)». 2015-ci illə müqayisədə SSRİ-nin ləğv edilməsini Rusiya üçün pis hadisə hesab edənlərin sayı 69 faizdən 59 faizə enib. Bu müddət ərzində NATO ilə də münasibətlər ürəkaçan olmayıb. Lakin daha çox rusiyalı alyansı özləri üçün təhlükə hesab etməməyə başlayıb. Bu göstərici 2015-ci illə müqayisədə 50 faizdən 41-ə enib. Bundan əlavə, rəyi soruşulanların 52 faizi hesab edirlər ki, Moskva ölkə xaricində rusların hüquqlarının pozulması ilə bağlı hallara reaksiya verməlidir. Yalnız 25 faiz hərbi müdaxiləni mümkün sayır. 65 faiz istəyir ki, Rusiya başqalarının problemlərinə qarışmaqdansa, əvvəlcə öz problemlərini həll etməyə çalışmalıdır. Suriya probleminə münasibətdə rusların böyük əksəriyyəti orta mövqedədir. Suriya prezidenti Bəşər Əsədin ruslar arasında nüfuzu elə də yüksək deyil - 45 faiz. 21 faiz ona neqativ münasibət bəsləyir. 11 faiz Suriyada hərbi əməliyyatların keçirilməsini dəstəkləyirlər.

O da qeyd edilir ki, əsas problem iqtisadiyyatdadır. Rusların 2015-ci il böhranından sonra milli iqtisadiyyatlarına münasibəti sabit olaraq qalır. Cəmiyyətin bu məsələdə mövqeyi tam bərabərdir. 49 faiz bu fəaliyyəti müsbət, 46 faiz isə mənfi qiymətləndirir. Özlərinin sosial iqtisadi durumlarını yaxşı qiymətləndirənlərin göstəricisi 51 faizdir. 2015-ci ildə isə bu rəqəm 44 faiz idi. Beynəlxalq sanksiyaların iqtisadiyyata təsirinin güclü olduğu fikrində olanlar 43 faizdir. 37 faiz onu sanksiyaların elə də effekt doğurmadığı qənaətindədir. Əhali arasında Putinin iqtisadi kursunu dəstəkləyənlərin də sayı azalıb. Rəyi soruşulanların 53 faizi hesab edir ki, ölkədə iqtisadi vəziyyət yaxın illər ərzində nə pisləşəcək, nə də yaxşılaşacaq. Əks fikirdə olan respondentlər 43 faizdir. Bununla yanaşı, əhalinin böyük bir qismi qiymətlərin artmasından narahatlıq keçirir və bunu Rusiyanın başlıca problemi hesab edir.

Düzdür, sorğunu Birləşmiş Ştatlar hakimiyyətinə yaxın mərkəz keçirib və nəticələr tam şəkildə obyektivliyi əks etdirməyə bilər. Lakin məsələ ondadır ki, elə Rusiyanın özündə keçirilən müstəqil sorğuların nəticələri də bu göstəricilərə yaxın olur. Yəni söhbət ondadır ki, rusları getdikcə daha çox iqtisadi və sosial vəziyyətləri maraqlandırır.

 





22.06.2017    çap et  çap et