Vaxt.Az

Vaxt qızıldır


 

Pullu yoldan istifadə edənlər mənzil başına daha tez çatacaqlar

Vaxt qızıldır «Azərbaycanda ödənişli avtomobil yolu olacaq». Bu barədə açıqlamasında «Azəravtoyol» Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Qurum rəsmisi bildirib ki, artıq pullu olacaq yolun biri müəyyənləşib: «Həmin yol Bakı-Ələt-Astara-İran sərhədi yoludur. Bu yolun pullu olması ilə bağlı aidiyyəti qurumlara müraciət etmişik. Hazırda həmin yolun tikintisi aparılır. Amma bu o demək deyil ki, həmin istiqamətdə hərəkət edən sürücülər yalnız bu yoldan məcburi istifadə edəcək. Alternativ yol da olacaq. Hal-hazırda istifadə olunan yol pulsuzdur və bu yol pullu yola alternativ olacaq. Hazırda həmin yolun vəziyyəti normal deyil. Nəzərdə tutulub ki, Ələt-Astara-İran sərhədi avtomobil yolunun tikintisi yekunlaşandan sonra həmin alternativ yol da əsaslı şəkildə yenidən qurulsun. Alternativ yolun əsaslı tikintisi başa çatandan sonra yeni tikilən Ələt-Astara-İran sərhəddi yolu pullu ola bilər».

A.Nəcəfli deyir ki, ödənişli yolun kilometri minik və yük avtomobillərindən asılı olaraq 4-7 qəpik müəyyənləşdiriləcək: «Yeni yol alternativ yoldan qısa olacaq. Bundan başqa, bu yol kənd, qəsəbə və digər yaşayış massivindən keçə bilər. Amma həmin ərazidə yol tam qapalı olmalıdır. Çünki həmin magistral sürət yolu olacaq. Bu yola kənar müdaxilələr də olmamalıdır. Ola bilsin böyük yaşayış məntəqələrindən hansısa yol bura birləşsin, amma bu xüsusi təhlükəsizlik şərtləri ilə olacaq. Yolda sürət həddi hələlik saatda 110 km/saat təklif edilib. Çünki Azərbaycanda avtomobil yollarında ən yüksək sürət həddi bu qədər müəyyənləşib. Yol istifadəyə veriləndən sonra bu məsələyə də baxıla bilər».

Qurum rəsmisinin dediyinə görə, həmin yolla alternativ yol arasında heç bir fərq olmayacaq: «Əslində vaxt və məsafə baxımından yeni yaradılacaq pullu yol çox sərfəli olacaq. Bu yolun pullu olması da o qədər nəzərəçarpacaq dərəcədə deyil. Yəni, pulsuz yolda avtomobilin yanacağı pullu yola nisbətən daha çox sərf ediləcək. Həm sürət həddinə görə, həm yaşayış məntəqələri ərazisindən keçməklə, eniş-yoxuşlu olmaqla. Həmin məbləği hesablayanda, pullu yoldan istifadəyə daha çox üstünlük veriləcək. Bu yol həm də pulsuz yoldan 40 km qısa olacaq».

A.Nəcəfli qeyd edib ki, gələcəkdə digər ödənişli yolların da tikilməsi mümkündür: «Məsələn, investor olsa, Quba-Şamaxı yolu tikilə bilər. Həmin yol Bakıdan keçməklə Qubadan Şamaxıya gedən yoldan 200 kilometr qısa olacaq».

«Azəravtoyol» rəsmisinin sözlərinə görə, ödənişlərdən əldə edilən gəlir həmin yolun saxlanmasına xərclənəcək.

Bu qərarın nə qədər effektiv olacağını, vətəndaşlar tərəfindən necə qarşılanacağını öyrənməyə çalışdıq.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyir ki, təkcə bizim ölkədə yox, dünyanın bir çox ölkələrində ilklər birmənalı qarşılanmır. «Ya narazılığa səbəb olur, ya da xoş qarşılanır. Amma bu yolun pullu olması artıq neçə müddət idi ki, müzakirə olunurdu. Ona görə bu qərarın həyata keçirilməsi gözlənilən idi. Düşünürəm ki, bu, turizmin inkişafı baxımından əlverişli bir addımdır. Həmçinin burada bir məcburiyyət də yoxdur. Heç kimi məcbur etmirlər ki, həmin yoldan istifadə etsin. O yolun alternativi, yəni pulsuz olanı da var. Amma yeni yol daha rahat, təhlükəsizdir. Burada məsələ ondan ibarətdir ki, sürücü çox ziyana düşmür. Əgər o, ödəniş edərək bu yoldan istifadə edirsə, mənzil başına daha tez çataraq yanacağa qənaət etmiş olur. Yəni bəlkə də pulsuz yolda əlavə benzinə sərf edilən məbləğ, ödənişli yola verilən puldan daha çox olacaq. Bu sistem bir sıra xarici ölkələrdə çoxdan mövcuddur. Və çox da gözəl effekt verir. Aeroport yolunda olan  kartla ödəniş sistemi yəqin ki, burada da tətbiq ediləcək. Bu baxımdan düşünürəm ki, müsbət nəticələri olacaq. Xüsusilə də, alternativ yol kimi sürücülər tərəfindən yaxşı qarşılanacaq».

Yol təhlükəsizliyi üzrə ekspert Azər Allahverənov bildirir ki, ödənişli yollar çoxdan mövcud olan məsələlərdəndir. Bunun həm tərəfdarı, həm də əleyhinə olanların öz arqumentləri var idi: «Birmənalı demək olmaz ki, cəmiyyət bunu tam müsbət qarşılayır və ya qəbul etmir. Burada beynəlxalq təcrübədən istifadə edilir. Çünki indi dünyanın bir çox ölkələrində bu cür ödənişli yollar var. Həmçinin bu ödənişli yoldan istifadə məcburi deyil. Başqa ölkələrdə ödənişsiz olan yollar da var. Amma bu zaman sürücü daha çox məsafə qət etməyə, vaxt itkisinə məruz qalır. İkinci bir məsələ isə budur ki, ödənişsiz yollar da ödənişli yollar kimi istifadəyə yararlı olmalıdır, diqqətdən kənarda qalmamalıdır. Yəni insanlar pullu yollardan keçməyə məcbur olmamalıdır. Pulsuz yollar da kifayət qədər keyfiyyətli, beynəlxalq standartlara cavab verməlidir. Amma kimsə gedəcəyi yerə daha tez çatmaq, vaxtından səmərəli istifadə etmək istəyirsə, bu zaman pullu yollardan istifadə edə bilər».

 





22.06.2017    çap et  çap et