Vaxt.Az

Ermənistan avropalı diplomatı hədələyir


 

Rəsmi İrəvanla Avropa İttifaqının bu ölkədəki xüsusi nümayəndəsi arasında qalmaqal səngimək bilmir

Ermənistan avropalı diplomatı hədələyir Ermənistan hakimiyyət orqanları ilə Avropa İttifaqının bu ölkədəki xüsusi nümayəndəsi Petr Svitalski arasında qalmaqal səngimir. Belə getsə, hakimiyyət xüsusi nümayəndəni ölkədən qovacaq. Rəsmi İrəvan onu ölkənin daxili işlərinə qarışmaqda ittiham edəndən sonra gözlənilirdi ki, xüsusi nümayəndə fikirlərini geri götürəcək, hətta verdiyi açıqlamaları təkzib edəcək. Lakin belə olmayıb. Ötən gün avropalı diplomat növbəti dəfə bəyan edib ki, «mən çox şadam ki, ermənilər Ermənistanın suverenliyinə təhlükənin bizim dost münasibətlərdən deyil, başqa yerdən gəldiyini anlayırlar». Səfir açıq şəkildə bildirməsə də, onun Rusiyanı nəzərdə tutduğunu bildirənlər var. Svitalski eyni zamanda, Ermənistan vətəndaşlarına viza rejiminin liberallaşdırılması məsələsində dözümlülük nümayiş etdirməyə çağırıb. Onun sözlərinə görə, heç kim viza rejiminin liberallaşdırılması ilə bağlı məsələni gündəlikdən çıxarmayıb: «Bunu ermənilər özləri müəyyən etməlidir. Gürcüstan və Ukraynanın təcrübəsi göstərir ki, bunun üçün ciddi hüquqi razılaşmalar gərəkdir».

Avropa İttifaqının xüsusi nümayəndəsi Ermənistanın seçki sistemi ilə bağlı səsləndirdiyi bəyanatları da bir daha təsdiq edib. Səfir növbəti dəfə bildirib ki, Ermənistanda son parlament seçkiləri göstərdi ki, Mərkəzi Seçki Komissiyası demokratik kriteriyalardan nə qədər uzaqdır. Aİ-nin Ermənistanda Seçki Məcəlləsinin yenidən qurulması üçün 7 mln. avro ayrılması barədə qərar qəbul etdiyini bildirən diplomat rəsmi İrəvanı bütün bu təklifləri qulaqardına vurmaqda günahlandırıb. Diplomatın qənaətincə, problemin aradan qaldırılması üçün MSK-nın tərkibi dəyişdirilməli və ora vətəndaş sektorunun nümayəndələri salınmalıdır. Diplomat bəyan edib ki, Ermənistan hakimiyyəti Seçki Məcəlləsini öz maraqlarına uyğun formalaşdırmaq istəyir. «Lakin dünyada Seçki Məcəlləsi ayırıcı məsələ olmur. Belə bir halı Ermənistanda müşahidə etmək olur. Mənim sizə məsləhətim – Seçki Məcəlləsini yaxşılaşdırın. Seçkilər göstərdi ki, qaydalar təkmilləşdirilməlidir və ermənilər üçün ən əsası, seçki institutlarına etibarın formalaşdırılmasıdır. Ümumiyyətlə, ermənilər üçün Mərkəzi Seçki Komissiyası çox əhəmiyyətli məsələdir. Mən adıçəkilən qurumun işini bəyənirəm. Lakin bu struktur böyük ictimai etibar qazanmalıdır. Söhbət hamı tərəfindən qəbul olunmaqdan gedir», - deyə o bildirib. Avropa İttifaqının xüsusi nümayəndəsi Ermənistanda indiyə qədər keçirilən seçkilərlə də bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, heç kim Ermənistanda keçirilən seçkiləri keyfiyyətli, tam saya bilməz: «Ermənistanın can atdığı demokratik standartlara çatdığını söyləmək olmaz. Bu, hələ prosesdir. Biz deyə bilərik ki, yolun yarısındayıq. Bu məqsədə çatmaq üçün 25 il gərək oldu». Avropalı diplomat onu da qeyd edib ki, gələcəkdə keçiriləcək seçkilərin standartlara cavab verəcəyini söyləmək çətindir.

Ardınca da rəsmi İrəvan onu ölkənin daxili işlərinə qarışmaqda ittiham edib. Avropalı diplomatın fikirləri Ermənistan hakimiyyətində növbəti dəfə kəskin narazılıq doğurub. Hakim Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov səfirin Rusiyanı nəzərdə tutması barədə fikirləri şərh edib. O, bununla bağlı hər hansı bir fikir söyləyə bilmədiyini deyib. Avropa İttifaqının xüsusi nümayəndəsini ölkəsinin daxili işlərinə qarışmamağa və siyasi korrektəni saxlamağa çağırıb. Parlamentin vitse-spikeri vəzifəsində çalışan Şarmazanov P.Svitalskinin diqqətinə çatdırıb ki, Ermənistan suveren dövlətdir. «Biz etiraf edirik ki, Avropa İttifaqı üzrə tərəfdaşlarımız təkliflər verə, qiymətləndirmələrlə çıxış edə bilərlər. Lakin bu təkliflər və iradlar korrekt, diplomatik dillə ediləndə daha yaxşı olur. Hərdən insanlar yaddan çıxararlar ki, Ermənistan suveren dövlətdir və Mərkəzi Seçki Komissiyasının tərkibi ilə bağlı məsələ, reytinq sistemi, seçkilər Ermənistan parlamentində təmsil olunan siyasi qüvvələrinin monopoliyasıdır».

 





22.06.2017    çap et  çap et