Vaxt.Az

Həm ucuz, həm maraqlı


 

Azərbaycanda çadır turizminin inkişafı üçün yaxşı perspektiv var

Həm ucuz, həm maraqlı Bizim ölkəmizdə «çadır turizmi», dünyada «camping» kimi məşhur olan turizm növünə get-gedə insanların marağı artmaqdadır. Turizmin bu növünə həvəs göstərənlər təkə nüfuzlu otellərdə dincəlməyə imkanı çatmayanlar deyil, həmçinin təbiətin qoynunda, sakitlikdə dincəlməyə üstünlük verənlərdir. Məsələn, Hollivud ulduzlarından Ancelina Coli ilə Bred Pitt istirahətlərində «camping»ə daha çox üstünlük verirlər. O cümlədən, ayrı-ayrı zəngin insanlar var ki, həftə sonları və ya tətillərdə şəxsi avtomobillərinə tələb olunan ləvazimatları yükləyərək dincəlmək üçün təbiət qoynuna yollanırlar. Gecələr çadırların qarşısında qalanan ocağın ətrafına yığışıb söhbətləşən, gitaranın xoşagələn musiqisi altında duyğulanan insanlar turizmin bu növünün romantikasını heç nəyə dəyişmək istəmirlər.

Son vaxtlar ölkəmizdə də çadır turizmini seçənlərin sayı artır. Hərçənd hələ bu sahədə böyük inkişafdan danışmaq tez olsa da, turizmin müxtəlif növlərini sınaqdan keçirən insanlar çadırlardan da yararlanmaq qərarına gəlirlər.

Əlbəttə, təəssüratlar və seçimlər müxtəlifdir. Çadır turizmini istirahətin bir növü kimi qəbul edənlər bu sahənin inkişafına ehtiyac görürlər.


İnsanların zövqünü oxşaya biləcək əyləncə


Çadır turizmi ilə bağlı təəssüratlarını bizimlə bölüşən Radio Antenn 101FM-in aparıcısı Əzizə İsmayılova bu ilin may ayında «Campact» klubla və bir qrup jurnalist həmkarı ilə birlikdə istirahətin bu növündən yararlandığını deyir: «Kamp istirahəti maraqlıdır. Təbii ki, onun necə olması, hansı fəsildə bu əyləncəni seçməkdən daha çox asılıdır. Fikrimcə, bu istirahət növü kollektiv şəkildə əylənmək istəyənlər üçün çox maraqlıdır. Təbiətin qoynunda bir qədər fərqli şərtlər altında yaşamaq, qidalanmaq, müxtəlif oyunlar - dama, domino, şahmat, nərd və ya mafiya oynamaq insana fərqli abı-hava bəxş edir. Kampda yeməyi də, çayı da özün hazırlayırsan, çadırda yatmalısan, gecə səhərə kimi tonqal mütləq yanır və ətrafında kimsə olur. Hər kəsin səhərə kimi deyib-gülmək həvəsi varsa və hava da buna imkan verirsə, demək ki, yaddaqalan bir günü təmin etmiş olursan. Tonqalın səhərə kimi yanmasının əsas şərti, zənnimcə heyvanların kampa yaxın düşməməsini təmin etməkdir». Çadırların şəraitindən danışan jurnalist onların hər cür hava şəraitinə davam gətirəcək formada qurulduğunu deyir: «Xüsusi yatacaq yerləri olur. Bu yerlər kimlər üçünsə heç də komfortlu olmaya bilər, məsələn soyuq havada üşüyə bilərlər. Bu, kimlər üçünsə isə çox normaldır və onlar bunu kamp həyatının bir atributu kimi qəbul edirlər». Jurnalist təhlükəsizlik baxımından bizim düzənlik yerlərdə ciddi narahatçılıq olacağını düşünməsə də, əraziyə hər hansı bir vəhşi heyvanın daxil olacağı təqdirdə kamp sahibində mütləq ov silahının olmasını vacib hesab edir. Ə.İsmayılova çadır turizmini ümumilikdə maraqlı və yalnız kollektiv şəkildə insanların zövqünü oxşaya biləcək əyləncə hesab edir: «Uşaqlar üçün uyğun deyil. Bəlkə səhv etmiş olaram, amma şəxsi baxışımda bu, ancaq 16 yaşdan yuxarı insanlar üçün seçim olmalıdır. Kamp həyatını heç olmasa bircə gün yaşamayan seçim edə bilməz. Hər kəs ən azı bir gün yaşamağı məsləhət görürəm, yekun qərara gəlmələri üçün...»


Çadır turizmi – planlar sırasında


Turizmin bu növünü inkişaf etdirmək üçün əlaqədar sahədə hər hansı planlar cızılırmı?

Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadənin sözlərinə görə, çadır turizminin də yeni turizm növü kimi inkişaf etdirilməsi nəzərdə tutulub. Hərçənd ki, turizmin bu növü Azərbaycanda mövcuddur, ancaq o qədər də inkişaf etməyib: «Bundan öncə ölkədə beşulduzlu otellərin tikilməsinə üstünlük verilib. Bu, bir növ bahalı turizm idi. İndi isə alternativ turizmin yaradılması qarşıya məqsəd qoyulub. Bu hostellərin və daha az ulduzlu otellərin yaradılmasıdır. Həmçinin çadır turizminin yaradılması da bu qəbildən olan planlar sırasındadır». K.Quluzadə qurum tərəfindən turizmin bu növünün inkişafı və tanıdılması üçün rok festivalı keçirilməsinin planlaşdırıldığını deyir: «Dünyanın hər yerində bu cür festival keçiriləndə çadır şəhərciyi yaradılır. Onlarla ölkədən gənclər həmin festivala qatılırlar. Bu, fərqli auradır». K.Quluzadə həmçinin, müxtəlif regionlara gedən turistlərin də çadırlar qurub istirahət etmələri üçün şərait yaradılacağını bildirir: «Əsas odur ki, qayda-qanun pozulmasın». K.Quluzadə ölkədə turizmin inkişafı üçün seçilən əsas istiqamətlər üzrə çadır turizminin də inkişafının həyata keçiriləcəyini qeyd edir: «Xüsusən Qəbələ, Balakən, Quba, Lənkəran, Gəncə və s. regionlara turistlər daha çox üstünlük verirlər. Bu, təbii olan prosesdir ki, turistlər daha çox hara maraq göstərirlərsə, həmin istiqamətlərdə də şərait yaradılmalıdır».


Həm ucuz, həm münasib


Turizm Assosiasiyasının müşaviri Müzəffər Ağakərimov çadır turizminin həm aztəminatlı insanlar, həm də tələbə və gənclər üçün münasib olduğunu deyir: «Bu turizm növünə üstünlük verən insanlar adətən təbiətin qoynunda dincəlməyə üstünlük verənlərdir. Sovet dönəmində çadır turizmi çox inkişaf etmişdi. Xüsusən, Nabran zonasında, Şamaxının Cəngi meşəsində və digər regionlarda çadır turizmində dincəlmək istəyənlər kifayət qədər idi. Nədənsə sonralar turizmin bu növünə maraq azaldı». Çadır turizminin müsbət cəhətlərindən danışan ekspertin fikrincə, bu, həm qiymət baxımından ucuz, həm də təbiətin qoynunda özünü əsl turist kimi hiss etmək üçün sərfəlidir. Ekspertin sözlərinə görə, turizmin bu növünü inkişaf etdirmək üçün ilk növbədə bəlli standartlar hazırlanmalıdır. Belə ki, həm Mədəniyyət və Turizm Nazirliyi, həm turizm qurumları, həm də turizm mütəxəssisləri tərəfindən təkliflər verilməli, müəyyən regionlarda bələdiyyələr, icra orqanları bu işə yaxından kömək göstərməlidirlər: «Çadır turizmini yaratmaq və inkişaf etdirmək üçün çox iş görmək lazımdır. İlk növbədə ormanlarda, meşə sahələrində yerlər ayrılmalıdır. Xüsusən Nabran, Şamaxı, Quba meşələrində turizmin bu növünü genişləndirmək olar. Bu baxımdan, ərazilərin ayrılmasına böyük ehtiyac var. Bildiyiniz kimi bir çox ərazilər hasarlanıb və ya istifadəsiz qalıb. Turizmin inkişafında meşə zonası böyük rol oynayır. Bəzən meşə zonalarının da müəyyən sahələrini hasarlanmış görürük». Ekspert hesab edir ki, çadır turizmini yaratmaq üçün müasir dövrdə bütün şərait mövcud olsa da, bundan düzgün istifadə olunmur: «Məsələn, bio tualetlərdən istifadə etmək olar. Həmçinin turizmin bu növünü seçənlər üçün müxtəlif ölçülü çadırlar sifariş etmək lazımdır. Çindən münasib qiymətə çadırlar gətirmək olar. Təbii ki, bu standartları həyata keçirmək üçün sanitar-gigiyenik normalara da üstünlük verilməlidir. Elə çadırlar var ki, insanlar orada çarpayıda deyil, yerdə yata bilərlər. Bunun üçün də müxtəlif ləvazimatlar var. Həmçinin yanğından mühafizə qaydalarına önəm verilməlidir». M.Ağakərimovun fikrincə, çadır turizmi özbaşına həyata keçirilməməlidir. Əgər bu xidmət meşə ərazisində həyata keçirilirsə, yanğından mühafizə qaydalarına ciddi əməl olunmalıdır. Bu məsələyə kompleks şəkildə riayət olunmalıdır. Əgər sanitar-gigiyenik və təhlükəsizlik qaydalarına riayət olunmasa, meşələr bərbad hala düşə, ekologiyaya zərbə dəyə bilər». Ekspert hesab edir ki, çadır turizmi qrup halında və turizm şirkətləri tərəfindən həyata keçirilməlidir: «Çünki turizm şirkətləri təşkil etdikləri xidmətə görə məsuliyyət daşıyırlar. Onlar bələdiyyələrlə müqavilə bağlaya bilərlər. Bələdiyyələr də öz növbəsində onlara yer ayırar. Ancaq hər kəs özbaşına özünə meşədə istirahət təyin etsə, bu, müəyyən problem yarada bilər. Kimsə qaladığı tonqalı söndürməyə və ya kiminsə atdığı siqaretdən ətrafda yanğın baş verə bilər. Və yaxud turistlərin  istifadə etdiyi məhsulların tullantılarının ətrafa atılması halı yaşanar».


Əgər maraq olsa...


Rəhbərlik etdiyi turizm şirkəti tərəfindən əvvəllər çadır turizmi ilə bağlı xidmətlərin təklif edildiyini deyən «Happy Travel» turizm şirkətinin direktoru Ülvi Abbasov artıq bu xidmətin həyata keçirilmədiyini bildirir. Belə ki, şirkət Şəkidə yerləşən «Marxal Resort & Spa» oteli ilə birlikdə çadır turizmi xidmətlərini həyata keçirib. Xidmət bir nəfər üçün 65-70 manat civarında başa gəlib: «Çadırda qalacaqları üçün turistlər özlərinə lazım olan ləvazimatları götürmüşdülər. Onlar üçün diskotekalar və digər əyləncələr də təºkil olunurdu. Bütün standartlara otel tərəfindən riayət edilirdi. Çünki hər hansı narazılıq olarsa, otelin adına xələl gələ bilərdi». Direktorun sözlərinə görə, əvvəllər turizmin bu növünə maraq çox olub: «Sifarişlərimiz də çox idi. Müəyyən insanlar bu xidməti maraqla qarşılayırdılar. Bir qrup insan isə «istirahətə gedirsənsə, niyə çadırda qalmalısan?» - düşüncəsi ilə yanaşırdı. Bu cür fikirlərdən turizmin bu növünə maraq nisbətən zəiflədi. Biz də bu turları daha təşkil etmədik». Direktor hesab edir ki, çadır turizmi bu sahədə yeni məhsul olduğundan inkişafına ehtiyac var. Sadəcə, sifariş olmalıdır: «Biz daxili turlar həyata keçiririk. Bunlar daha çox həftə sonu turlarıdır. Əgər hər həftə 40-45 nəfər rayonlara yola düşürdüsə, indi Ramazan ayı ilə əlaqədar 15-20 nəfər turist olur. Əgər turistlər tərəfindən çadır turizminə maraq olsa, onu geniş şəkildə həyata keçirmək olar».

Turizm sahəsini inkişaf etdirmək üçün görülən işlər sırasında çadır turizminin də adı keçirsə, bu sahədə addımlar atmağa ehtiyac var.  Təbii ki, bu sahədə görüləsi işlər çoxdur. Ancaq ən önəmlisi insanların maddi durumunun nəzərə alınmasıdır. Məsələn, imkanların çadır turizmi ilə ölçülməsi kimi...

 





22.06.2017    çap et  çap et