Bakı küçələrində yenə də yüksək texnologiyalar və sürətlər həyəcanı yaşayır: müasir dövrün ən mürəkkəb və sürətli yürüş maşınları artıq Azərbaycanın paytaxtına gətirilib. Bir qədər sonra pit-bildinq ərazisində komandaların avadanlığı olan konteynerlərin yerində iştirakçıların boksları və pilotların bolidləri görünəcək. Artıq indinin özündə küçə trasının bokslar kompleksi tam hazır vəziyyətdə yürüşlərin başlanmasını və ilk qonaqları gözləyir, amma trasın infrastrukturu və pit-bildinq aysberqin yalnız görünən hissəsidir.
Qran-Priyə hazırlıq prosesi minlərlə insanın titanik əməyinin məhsuludur
Yarış təşkilatçılarının əsas vəzifələrindən biri yürüşün keçirilməsinin təhlükəsizliyini təmin edəcək heyət hazırlamaqdır. Söhbət tədbirin tam iştirakçıları olan hakimlərdən və marşallardan gedir. Pilotların həyatı və sağlamlığı bəzən onların qərarlarından asılıdır. Yürüşlər zamanı qaydaların bütün nüanslarından və trek marşalının davranışından baş çıxarmaq üçün Bakıda silsilə seminarlar keçirilib. Seminarlarda təcrübəli mütəxəssislər bayraq siqnalizasiyası sistemi, maşının evakuasiyası üsulları və işdə tələb olunan digər nüanslar barədə həmkarlarına ətraflı məlumat veriblər.
Təcili xidmətlərin, yanğınsöndürənlərin və xilasedicilərin, habelə ilkin yardım komandasının hazırlanması daha intensiv olub. Pilotlar qəzaya düşən zaman hadisə yerində birinci məhz həmin insanlar olurlar. Xidmətlərdən hər biri onlarca seminar və yüzlərlə praktik məşğələ keçirib.
Pilotların çıxışları marşal və hakimlərin işindən asılıdırsa, azarkeşlərin rahatlığı üçün könüllülər lazımdır. 2017-ci ildə Azərbaycan Qran-Prisində yüzlərlə könüllü, o cümlədən başqa ölkələrdən könüllülər iştirak edirlər. Könüllülər üçün də təlim-seminarlar və treninqlər keçirilib. Axı onlar trasın əsas nöqtələrinin və onun infrastrukturunun yerini, obyektlərin hər birinin iş rejimini, həftəsonu cədvəlini və azarkeşlərin «Böyük mükafatlar» dünyası ilə tanış olmasına kömək edən minlərlə digər nüansı dəqiq bilməlidirlər.
Azarkeşlər trasa yürüş həftəsonunun ilk günü – iyunun 22-də gəlməyə başlayıblar. Məhz bu gün «F1 Village»də Qran-Pri qonaqları üçün əyləncə yerləri – yürüş simulyatorları, şou-animatorlar, habelə Formula-1 komandalarının eksklüziv məhsullarının satıldığı mağazalar açılıb.
İyunun 24-də «F1 Village»də ilk avtoqraf sessiyaları başlayacaq. Axşam Azərbaycan Qran-Prisi konsertləri seriyasından birinci konsert olacaq. Konsert Tarkanın çıxışı ilə açılacaq. Hazırda bulvarda möhtəşəm səhnə ucaldılıb. Bu səhnə yürüşlər başa çatandan sonra azarkeşlər üçün cazibə mərkəzinə çevriləcək. Həftəsonu proqramında Tarkanla bərabər, «Black Eyed Peas» qrupunun və Nikol Şerzingerin konserti, habelə Meraya Kerinin solo çıxışı nəzərdə tutulub.
Azərbaycan Qran-Prisini işıqlandıracaq jurnalistlərin iş zonalarının - mətbuat mərkəzinin və TV-kompaundun fəaliyyətinin təşkili sahəsində son günlərə qədər gərgin işin getməsi kənar müşahidəçi üçün bir o qədər də nəzərəçarpacaq olmayıb. Bu həftəsonu Bakıya dünyanın hər yerindən yüzlərlə KİV nümayəndəsi gəlib.
Beynəlxalq Avtomobil Federasiyasının və Formula-1 iştirakçılarının yüklərinin qəbul edilməsi şəhərin yürüşlərin startına hazırlığında sonuncu ştrix olub. Yüzlərlə ton avadanlıq, o cümlədən yürüş maşınları və onlar üçün dəstləşdirilən məmulat, habelə mexaniklər üçün yüz min alət vahidi dəniz və hava yolu ilə xüsusi konteynerlərdə Bakıya gətirilib ki, iyunun sonuncu həftəsonu planetin 20 ən yaxşı yürüşçüsü müasir təqvimin ən parlaq və qeyri-adi traslarından birində Azərbaycanın böyük mükafatı uğrunda mübarizə aparsın.
İkiqat dünya çempionu Fernando Alonso deyib: «Bakı möhtəşəm şəhərdir. Ötən il debüt yürüşü müvəffəqiyyətlə keçdi. Azərbaycana qayıtmağı səbirsizliklə gözləyirəm. Mən Bakı mərhələsinin səfiri kimi, şəhərdə həmkarlarımdan çox vaxt keçirmişəm və deyə bilərəm ki, bura Formula-1 üçün əla məkandır. Biz Formula-1 üçün yeni ölkədə onun keçirilməsinə unikal atmosfer yaradan qədim divarların əhatəsindəki tarixi mərkəzdə yürüşə çıxırıq».