Vaxt.Az

Ermənistanın Rusiyanı satmaq planı üzə çıxdı


 

İrəvan Moskvanın arxasınca iş çevirərək NATO-ya yaxınlaşıb, gizli müzakirələr aparılıb

Ermənistanın Rusiyanı satmaq planı üzə çıxdı Ermənistan hakimiyyətinin NATO ilə müzakirələri və bu müzakirələrdə verilən mesajlar Moskvanı qəzəbləndirib. Serj Sərkisyan hakimiyyətinin Moskvaya qarşı ikili oyunu NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi Ceyms Appaturayanın İrəvana bugünlərdə etdiyi səfəri zamanı üzə çıxıb.

Məlum olub ki, Ermənistan prezidenti və parlamentin spikeri Aro Babloyan Rusiya ilə qarşıdurma səviyyəsində olan NATO-nun rəsmisinə xeyli isti mesajlar verib. Serj Sərkisyan NATO-nun baş katibi Yens Stoltenberqi İrəvana dəvət edib ki, «gələcək planları müzakirə etsinlər».

Ermənistan hakimiyyətinin Rusiyaya qarşı planları isə daha çox parlament spikeri ilə müzakirələrdə ortaya çıxıb. Spiker NATO ilə əlaqələri daha da genişləndirmək üçün Brüsseldən hərəkətlilik istəyib. C.Appaturay isə Ermənistan rəsmisini arxayın edib ki, tezliklə NATO-nun xüsusi proqramı elan olunacaq ki, orada Ermənistanın maraqları təmin ediləcək. Bu bəyanat Ermənistan mətbuatında ciddi ajiotaj yaradıb. Mediaya açıqlamasında C.Appaturay əlavə edib ki, Ermənistanla NATO-nun münasibətləri «əladır» və İrəvanın Əfqanıstandakı sülhməramlı kontingentinin tərkibinin genişləndirilməsi gündəmdədir. NATO rəsmisi əlavə edib ki, 120 nəfərlik kontingentin tərkibinin genişləndirilməsi Ermənistanin müdafiə naziri Vigen Sərkisyanın Brüsselə səfəri zamanı müzakirə olunacaq.

NATO rəsmisi Ermənistanın KTMT üzvü kimi NATO ilə «etibarlı tərəfdaş» ola biləcəyi barədə dedikləri də mediada ciddi müzakirə mövzusu olub. Appaturay bildirib ki, Ermənistanın Rusiya ilə müttəfiqliyini anlayışla qəbul edirlər, amma İrəvanı «ya NATO, ya KTMT seçimi qarşısında qoymaq istəmirlər». Erməni ekspertlər iddia edib ki, bu, Qərbin Ermənistana qurduğu «tələdir». Çünki NATO ilə ciddi tərəfdaşlıq təkcə Ermənistan hakimiyyətinin deyil, «bütün erməni xalqının» sonunu gətirə bilər.

Ermənilər də açıq etiraf edirlər ki, Sərkisyan hakimiyyətinin bu ikili oyunu Rusiyanı qəzəbləndirəcək ki, bu da Azərbaycanla müharibə vəziyyətində olan erməni xalqının sonu ola bilər. Rusiya KİV-ləri NATO rəsmisinin İrəvan səfərinə ciddi önəm verərək bu təmasların pərdəarxası məqamlarını analiz etməyə çalışıblar.

Rosbalt.ru saytı yazır ki, NATO rəsmisi İrəvanda Rusiya və İrana mesaj göndərib, bu iki ölkənin əhatəsində olan Ermənistan üçün xüsusi proqramı olduğunu anons edib. Sayt yazır ki, Rusiya və İranla düşmən olan NATO ilə təmasları ilk növbədə ermənilərin özü üçün ciddi təhlükədir.

«Niyə bu mesaj Ermənistanla Avropa Birliyi arasında sənədin imzalanması ərəfəsində verilir? Axı Rusiya ötən dəfə olduğu kimi, Avropa Birliyi ilə İrəvan arasında sənədi əngəlləyə, Ermənistanın əsl sahibinin Moskva olduğunu yenidən sübut edə bilər. Amma indi NATO ilə Ermənistanın münasibətlərinin əla səviyyədə olduğu mesajı verilir. Bu o deməkdirmi ki, ermənilər NATO-nun çətiri altında artıq özlərin arxayın hiss etməyə başlayıblar?»

Rusiya mediası İrəvanın Moskvaya qarşı xəyanətdə yer almasından şübhələri NATO-nun Tiflisdəki ofisinin rəhbərin Ulyam Laxoyun sözlərindən gətirdikləri sitatla möhkəmləndiriblər. «Ulyam Laxyu açıq bəyan edib ki, Ermənistan, nəhayət, NATO üzvü olmağa qərar verərsə, bu əməkdaşlıq daha da genişləndiriləcək». NATO ofisinin rəhbəri Moskvanı daha da qıcıqlanıracaq bəyanatında daha sonra deyib: «Ermənistanla NATO arasında münasibətlər o qədər yüksək səviyyədədir ki, indən sonra yalnız siyasi qərar vermək qalır. NATO-nu Ermənistanın İranla və digər dövlətlərlə (burada şübhə yoxdur ki, məhz Rusiya nəzərdə tutulur - «YM».) münasibətləri maraqlı deyil, çünki Ermənistan özü taleyini müəyyənləşdirməlidir».

Rusiya mediası KTMT-nin üzvü olan Ermənistanın NATO ilə mübhəm əlaqələrinə hansı «daxili reaksiya» verəcəyini maraq edir. Ermənistan hakimiyyətinə münasibətdə qəzəb hiss olunan təhlillərdə də «ərazisində Rusiya bazası olan ölkənin» bu özbaşınalığı ciddi tənqid edilir. Ermənistan politoloqlarının da «NATO-nun havasına» girdiyi qeyd olunur.

Məsələn, David Şahnazaryan artıq bəyan edib ki, «Ermənistanın KTMT-dən çıxacağına və NATO-ya üzv olacağına şübhə etmir». Kremlin Ermənistan hakimiyyətinin onların arxasından iş çevirməsinə reaksiyası hələ ki media səviyyəsindədir. Amma bu reaksiyalardan da görünür ki, rəsmi Moskva Ermənistan hakimiyyətinin hərəkətlərindən bərk qəzəblidir. Əsrlərdir ki, arxasını Rusiyaya dayayaraq marginal bir dövlət yaratmış və rus ordusunun gücü ilə ərazilərini işğal hesabına artıran Ermənistanın Kremlin düşmənləri ilə gizli təmaslarının əlbəttə ki, cəzası olacaq. Rusiya mediasında artıq belə çağırışlar eşidilməkdədir.

«Ərazisini Rusiya hərbi bazası hesabına qarantiya altına alan Ermənistan niyə NATO ilə bu cür oyunlara həvəslənib? Rusiyanın və İranın bu məsələyə mövqeyi necə olacaq? Əlbəttə ki, çox pis. Rusiya Ermənistanın iki stulda oturmasına heç vaxt imkan verməyəcək. İrəvanın «çoxqütblü xarici siyasət» bəhanəsi isə Ermənistanın özü üçün pis qurtaracaq» deyə, rosbalt.ru yazır.

 





23.06.2017    çap et  çap et