Vaxt.Az

«Pulları kimlər oğurlayıb?»


 

Əkrəm Həsənov: «Dövlət bütün banklarda hərtərəfli yoxlama aparmalıdır və müəyyən etməlidir ki, ...»

«Pulları kimlər oğurlayıb?» «Antikollektor» şirkətinin rəhbəri Əkrəm Həsənov «Amerikanın Səsi»nə müsahibəsində Azərbaycanın maliyyə bazarında hazırki durum və perspektivlərdən danışıb. Müsahibəni tədim edirik.


- Azərbaycanın maliyyə bazarında hazıki durum necədir? Perspektivdə nə gözləmək olar?

- Azərbaycanın bank sistemində günü-gündən problemli kreditlər artır. Banklardan çıxarılan əmanətlərin həcmi də artır. Son nəticədə bu, bank sistemini pusluz qoyur. Bank sisteminin isə pulsuz qoyulması son nəticədə ona gətirir ki, Azərbaycanda kredit fəaliyyəti demək olar ki, donub. Kredit fəaliyyətinin donması da son nəticədə biznesin, qeyri-neft sektorunun inkişafının qarşısını alır. Bu isə son nəticədə iş yerlərinin bağlanması (biz artıq bunu görürük), əhalinin gəlirlərinin kəskin şəkildə düşməsi və iqtisadi tənəzzülün daha da dərinləşməsi deməkdir.


- Azərbaycan bank sektorunu sağlamlaşdırmaq üçün nə etməlidir?

- Bank sektorunun əsas problemi problemli kreditlərdir. Yəni, qaytarılmayan kreditlərdir. Bu problemin həlli üçün üç addım atmaq lazımdır. Birinci növbədə, dövlət bütün banklarda hərtərəfli yoxlama aparmalıdır və müəyyən etməlidir ki, bank sistemindən pulları kimlər oğurlayıb və o pullar haradadır. Əslində bank sisteminin bu vəziyyətə düşməsinin əsl səbəbi iqtisadi böhran deyil, vəsaitlərin oğurlanmasıdır. Oğurlanmış vəsaitlərin heç olmasa əksəriyyəti qaytarılmalıdır. Bundan sonra, bütün dünyada olduğu kimi borcunu ödəyə bilməyən şəxslərin borcları bağışlanmalıdır. Borcunu ödəyə bilən, lakin borc şərtlərini ədalətsiz hesab edən şəxslərə isə güzəştlərin tətbiq edilməsi nəzərdə tutulmalıdır. Bu da əsasən oğurlanmış pulların qaytarılması hesabına edilməlidir. Bu əsnada da əgər, yenə də bankın pulu çatmasa, bank yenə böhran içində olarasa dövlət tərəfindən həmin banka kömək edilməlidir.


- Bu günlərdə Modys beynəlxlaq reytinq agentliyi Azərbaycanda 4 bankın, o cümlədən Respublika Bankının reytinqini aşağı salıb. Ölkədə hansı bankları Beynəlxalq Bankın taleyi gözləyə bilər?

- Bu gün, hesab edirəm ki, əksər banklarımız o gündədir. Yəni, faktiki olaraq ödəniş qabiliyyətləri yoxdur. Sadəcə, Beynəlxalq Bank üzərində gedən proses indi bir eksperimentdir. Yəni, bu eksperiment ondan ibarətdir ki, faktiki bankın kreditorlarına deyirlər ki, ya siz borcun bir hissəsini bizə güzəşt edirsiniz və biz borcunuzun digər hissəsini sizə qaytarırıq, ya da bankı tam bağlayırıq və sizə ümumiyyətlə heç nə vermirik. Böyük ehtimalla yaxında digər banklarda da bu yola üstünlük veriləcək. Yəni, formal olaraq deyəcəklər ki, heç bir bank bağlanmadı. Amma, son nəticədə o banklar sahibkarların vəsaiti hesabına düzdə qalacaq. Çünki, faktiki sahibkarların vəsaitlərini əllərindən alacaqlar. Bu da ona gətirəcək ki, Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərin sayı kəskin azalacaq (onsuz da azdır, Azərbaycana pul qoymaq istəyənlər yoxdur). Bu da son nəticədə əlbəttə ki, ölkədə sosial gərginliyi artıracaq. Borc problemləri daha da artacaq və onu da nəzərə almaq lazımdır ki, qədim əsirlərdən başlayaraq bütün sosial gərginliklər, inqilablar əsasən borc və torpağın (əmlakın) bölünməsi uğrunda olub.


- Azərbaycanın milli valyutası hazırda milli iqtisadiyyatı müdafiə edə bilirmi? Valyuta bazarında sabitliyi saxlamaq üçün Mərkəzi Bankın atdığı addımları necə qiymətləndirirsiniz?

- Xeyr, mən hesab edirəm ki, bu gün Mərkəzi Bank milli valyuta üzərində olan funksiyanı yerinə yetirmir. Bildiyimiz kimi, milli valyuta kütləsi son iki ildə iki dəfədən çox azaldılıb. Yəni, Mərkəzi Bank milli valyutanın devalivasiyaya uğramaması üçün, bu yolla mübarizə aparır. Son nəticədə iqtisadiyyatı pusluz qoyub. Pulsuz qoyma hətta ona gətirib ki, bəzi nazirliklər aylardır ki, öz işçilərinə əmək haqqı verə bilmir. Hətta, buna kimi gəlib. Əgər, dövlət də əmək haqqını verə bilmirsə, bu məhz onun göstəricisidir ki, milli valyuta öz funksiyasının öhdəsindən gəlmir. Milli valyuta bu günləri real iqtisaiyyatda deyil, maliyyə sektorunda fırlanır. Çünki, Mərkəzi Bankın sıxdığı pul kütləsi də bu gün elə bankları faktiki məcbur edir ki, banklar gəlib həmin vəsaiti Mərkəzi Bankda 14 faizlə əmanət kimi qoysun. Bu da əslində o deməkdir ki, milli valyuta kütləsi reallıqda iki dəfə də yox, bəlkə də üç-dörd dəfə azalıb.


- Valyuta bazarındakı hazırki durum hansı risklər yarada bilər?

- Bu ilk növbədə borc probelmlərinin daha da dərinləşməsinə aparacaq. Həm vətəndaşların banklar qarşısında olan borcları, həm də ki, dövlət borclarının artmasına aparacaq. Yəni, dövlət də o borcları qaytarmaq üçün vergiləri artıracaq və bu da son nəticədə yenə də cəmiyyətdə sosial gərginliyi artıracaq və ictimai-siyasi sabitliyə də çox mənfi təsir göstərə bilər.

 





21.06.2017    çap et  çap et