Təhsil Nazirliyindən verilən son məlumatda artıq ölkənin 5 şəhər və 36 rayonunu əhatə edən 182 məktəbdə təmayüllü siniflərin fəaliyyət göstərdiyi bildirilir. Təmayül istiqamətləri üzrə tədris planlarında həftəlik 30 dərs saatı müəyyən olunub.
Növbəti tədris mövsümündə məktəblərdə təmayülləşmənin tətbiqi daha da genişləndiriləcək, təmayüllü siniflər şagirdlərin sayı minimum 20 nəfər olmaqla komplektləşdiriləcək.
Təhsil ekspertləri təmayüllü siniflərin yaradılmasının müsbət və mənfi tərəflərini müzakirə edir və yeniliyə münasibət hələ də birmənalı deyil. Tənqid olunan məqamlardan biri də müəyyən fənlərin tədris planından çıxarılmasıdır. Xüsusilə, informatika və texnologiya əsrində informatika fənninin tədrisinin dayandırlması narazılıqla qarşılanıb.
Təhsil Nazirliyi informatika fənninin tədrisdən çıxarılmasını uşaqların əlavə yüklənməsi ilə izah edir. «Şagirdlərə digər fənlər də tədris olunacaq. Şagirdlərin həddən artıq yüklənməməsi üçün fənlərin sayının azaldılmasına qərar verilib», - nazirliyin açıqlamasında bildirilir.
Orta məktəblərin birində dərs deyən Arzu Məmmədova virtualaz.org saytına informatika fənninin ləğv edilməsinin yanlış olduğunu deyib. «Təmüyüllü siniflərdə informatika fənninin tədrisdən çıxarılması düzgün addım hesab edilə bilməz. İnformatika, texnologiya durmadan inkişaf edir, bütün dövlət müəssisələri kompüter sisteminə keçid edib, Elektron hökumət qurulub. Əksinə, ölkəmizdə yüksək bilik və bacarıqlara malik mütəxəssislərə ehtiyac var, gənc nəsil texnologiyadakı yenilikləri bilməlidir. Bütün dünyada informatika fənninə xüsusi diqqət yetirildiyi halda, bizdə şagirdlərin yüklənməsi bəhanə edilərək fənnin tədrisdən çıxarılması başa düşülən deyil», - A.Məmmədova deyib.
Onun fikrincə, bir yandan orta məktəblər kompüterləşdirilir, electron dərsliklər yaradılır, digər yandan informatika dərsliyi sıradan çıxarılır. Bu isə düzgün idarəetmənin olmadığından xəbər verir.
Təhsil eksperti Kamran Əsədov da informatika fənninin tədrisdən çıxarılması qərarını təhsilə ciddi zərb kimi qiymətləndirib. «Təhsil Nazirliyinin qeyri-rəsmi qərarı ilə hazırda 30 məktəbdə təmayüllü siniflərdə informatika fənni ləğv edilib. Bu, Azərbaycan təhsilinə kifayət qədər ciddi zərbə vuran bir qərardır. Artıq informasiya dövrüdür, bütün əsaslı məlumatlar, biliklər informasiya texnologiyalarından istifadə edilərək alınır. Artıq bütün dərsliklər texnoloji vasitələrlə həyata keçirilir. İnformasiya əsrində informatika dərsindən imtina olunması yaxşı nəticələr verməyəcək», - ekspert virtualaz.org saytına açıqlamasında əlavə edib.
K.Əsədovun fikrincə, Azərbaycanda tətbiq olunan təmayüllü siniflər ali məktəblərə qəbul üzərində qurulub. Ali məktəblərə qəbul zamanı isə informatika fənninin imtahana salınmaması səbəbindən nazirlik bu fənni «əlavə yüklənmə» kimi qiymətləndirib. «Qanunvericilikdə strateji fənlər müəyyənləşdirilib, qəbul imtahanlarına salınmasa belə, bu fənlər mütləq şəkildə tədris olunmalıdır. Məsələn, fiziki inkişafa görə bədən tərbiyəsi, şagirdlərin əmək bacarıqlarının inkişafı üçün əmək dərsi, psixoloji rahatlıq üçün rəsm dərsləri tədris olunur. Təmüyüllü siniflərdə isə yalnız qəbul imtahanlarına salınmış dərslər tədris olunur. Halbuki, orta məktəblərin funksiyası ali məktəblərə uşaq hazırlamaq deyil, sağlam, mənəviyyatlı şagird yetişdirilməlidir», - K.Əsədov qeyd edib.
Təmayüllü siniflər nəticəyönümlü məktəb prinsipinə əsaslanır. K.Əsədov deyir ki, təmayüllü sinifləri ali məktəblərə şagird hazırlığının üzərində qurublar, I-IV qruplar üzrə informatika fənni imtahana salınmayıb: «Mən bu qərara kəskin etirazımı bildirmişəm, bu qərar ciddi nöqsandır və tezliklə informatika fənninin tədrisi bərpa edilməlidir».
Qeyd edək ki, qərara əsasən, texniki fənlər təmayüllü siniflərdə Azərbaycan dili, xarici dil, riyaziyyat, fizika, kimya, ədəbiyyat, Azərbaycan tarixi, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı fənləri tədris ediləcək. Tədris rus dilində olan belə siniflərdə isə rus dili ilə yanaşı, Azərbaycan dili də dövlət dili kimi tədris ediləcək. Beləliklə, texniki fənlər üzrə təmayüllü siniflərdə şagirdlərə 9 fənn keçiriləcək.
Riyaziyyat-iqtisadiyyat təmayüllü siniflərdə şagırdlərə Azərbaycan dili, xarici dil, riyaziyyat, coğrafiya, Azərbaycan tarixi, ədəbiyyat, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı fənləri olmaqla 8 fənn tədris olunacaq.
Humanitar fənlər təmayüllü siniflərdə isə Azərbaycan dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, təbiət fənləri keçiriləcək.