Vaxt.Az

Mən niyə müsəlmanam?


 

Hüquqşünas peşəsi dini baxışlarla necə uzlaşır?

Mən niyə müsəlmanam? Dini baxışlarımla bağlı mənə tez-tez sual verirlər. Adətən sualların əsas mahiyyəti ondan ibarət olur ki, guya din, xüsusilə İslam hüquq peşəsinə ziddir. Bəziləri hətta məndən xahiş edir ki, İslamdan yazmayım, guya dini baxışlarım mənim ekspert və vəkil statusuma yaraşmır və s. və i.a. Təbii, belə müraciətləri əsasən ateistlər, deistlər, panteistlər, liberallar və islamofoblar edir. Əksər hallarda da İslamdan heç xəbərləri yoxdur. Din haqqında bütün bilikləri xristianlıqla məhdudlaşır və həmin bilikləri bütün dinlərə şamil edirlər. Nə bilim, din elmə ziddir, alimləri yandırıblar, dini zorla qəbul etdiriblər və s. Əvvəllər ateist olmuş adam kimi bütün bu müraciətlər və baxışlar mənə çox yaxşı tanışdır və onları eşidəndə imanım daha da artır (bəzi insanların necə böyük zəlalətdə olduğu fonunda Allahın lütf edərək mənə iman bəxş etdiyinə görə sevinir, Ona həmd edirəm). Əlbəttə, nəinki bir, heç min yazıda İslamın möhtəşəmliyini göstərmək mümkün deyil. Bu yazıda İslamın 3 hüquq sahəsi üzrə konkret məsələyə münasibətinə toxunmaq istəyirəm:


1) mülki hüquq (borclunun məsuliyyəti və sələmçilik misalında);

2) ailə hüququ (hicab misalında);

3) konstitusiya hüququ (dövlət hakimiyyəti misalında).


1. Mülki hüquq. Hüquqşünas kimi fəaliyyətim son illər ərzində əsasən (ən azı daha çox ictimailəşən) borclu vətəndaşların müdafiəsindən ibarətdir. Borcu ödəyə bilməyənin (müflisin) qanuna görə borcunu sadəcə ödəməməsi və buna görə heç bir məsuliyyət daşımadığını deyir, bu sahədə qanunsuz həbslərə qarşı mübarizə aparıram. Bu zaman həm milli və xarici qanunvericiliyə, həm də beynəlxalq konvensiyalara istinad edirəm. Əslində, XIX əsrin yarısınadək bütün dünyada müflis borclunun başına olmayan oyunlar açılıb: ailəsi ilə birlikdə kölə də olub, bədən orqanları da kəsilib, həbs də edilib və s. Yəni borca görə başı ilə cavab verməli olub. Yalnız XIX əsrdə Avropa borclunun borca görə yalnız əmlakı ilə məsul olduğu qənaətinə gəlib. Amma İslam dünyasında bu yanaşma VII əsrdən, yəni dinimizin yaranması anından mövcuddur! Avropa sadəcə 12 (!!!) əsr sonra Şəriətin ədalətinə və humanistliyinə, onun səviyyəsinə gəlib çata bilib. Hazırda Qərbdə sələmçiliyin də əleyhinə çağırışlar güclənir. Çünki müasir iqtisadi problemlərin kökü sələmçilikdir. İslam isə yer üzündə yeganə təlimdir ki, sələmçiliyin bütün növlərini qətiyyətlə və sistemli halda yasaq edir.


2. Ailə hüququ. İslama qarşı əsas iradlardan biri qadının hicabda olması tələbidir. Deyirlər ki, guya bu tələb qadın hüquqlarını pozur, qoy nə istəyir geyinsin. Düzdür, heç vaxt dəqiqləşdirmilər ki, konkret olaraq hicab qadınların maraqlarına necə zərər vurur. Ümumi sözlər deyilir, mifik ümumbəşəri dəyərlərə istinad edilir! Əslində isə müasir dünyəvi elm, ilk növbədə də psixologiya artıq çoxdan sübut edib ki, kişi və qadın arasındakı fizioloji fərqlər, cinsi münasibətlərdə fərqli rolları onların sosial statusuna, ailədəki mövqeyinə də ciddi təsir edir. Yəni mifik gender bərabərliyi haqda istənilən qədər danışıla bilər, amma mövcud reallığı da danmaq olmaz: kişi və qadın fərqlidir! Belə ki, məsələn, bir neçə il bundan əvvəl Brüssel universitetindən Filipp Bernardın rəhbərliyi ilə Belçika və ABŞ alimlərinin tədqiqatı maraqlı nəticə vermişdi. Kişilərə də, qadınlara da alt paltarında olan kişi və qadınların şəkillərini götərmişdilər. Məlum olmuşdu ki, bir qayda olaraq, alt paltarında olan kişini ilk növbədə şəxsiyyət kimi qiymətləndirirlər. Alt paltarında olan qadını isə ilk növbədə seks obyekti kimi! Deməli, qadının şəxsiyyət kimi qəbul edilməsi geyinməsi və seksuallığını vurğulmaması ilə birbaşa bağlıdır. Bunu elm deyir, elm! Belə çıxır ki, hicab da qadının ilk növbədə şəxsiyyət kimi qəbul edilməsinə hesablanıb.


3. Konstitusiya hüququ. Ümumən ilk konstitusiya məhz İslam cəmiyyətində yaranıb. 622-ci ildə Mədinədə müsəlmanlar və şəhərin digər sakinləri arasında bağlanan müqavilə elə konstitusiya idi. Orada insan haqları və idarəçilik qaydası təsbit edilmişdi. Konkret olaraq İslamın dövlət hakimiyyətinə münasibəti də ilk dövrdən formalaşmışdır. Belə ki, müsəlman dövlət başçısına (əmirə) tabe olmalıdır. Nə olursa, olsun. Hətta dövlət başçısı zalımdırsa belə! Dövlət başçısını publik tənqid də etmək olmaz (təkbətək ona nəsihət vermək olar), o da ola ona qarşı üsyan etmək. Şəriətə irad tutanlar bunu qəbul etmir: guya müsəlmanları qul edir və s. və i.a. Lakin tarix Şəriətin bu məsələdə də möhtəşəmliyini sübut edir. Bütün qiyamlar, inqilablar və s. son nəticədə zülmün daha da artmasına aparıb və devrilmiş hətta zalım hökmdarın da daha yaxşı olduğunu göstərib. İslamda partiyaçılıq, müxalifətçilik, mitinqlər və s. qadağandır (hakimiyyət uğrunda mübarizə müsəlmana yaraşmaz, «siyasi İslam», terror, İŞİD-filan İslama yaddır). Belə ki, istənilən ölkədə dövlət maraqlarını iqtidardan daha yaxşı güdən ikinci qüvvə yoxdur, ən azı ona görə ki, iqtidar hakimiyyətini qorumaq istəyir (iqtidara hər hansı yolla gələn də dərhal dövlətçi olur). Buna görə də həm xarici münasibətlərdə dövlət maraqlarını qoruyur, həm də daxildə insanların sosial rifahını yaxşılaşdırmaq, haqlarını qorumağa çalışır. Əlbəttə, ölkədən və rəhbərdən asılı olaraq bu vəzifə daha yaxşı və ya daha pis icra olunur, çünki ideal iqtidar yoxdur, səhvsiz insan olmadığı kimi. Amma müxalifətçilik, bir qayda olaraq, ona aparır ki, müxalifətçi nəyin bahasına olursa olsun (xarici qüvvələrin dəstəyi, əhalinin vəziyyətinin pisləşməsi və s.), hakimiyyətə gəlmək istəyir və bir çox hallarda dövlət maraqlarına da xələl vurur (müxalifətçi bunu bilərəkdən və bilmədən də edə bilər təbii). Xüsusilə vurğulamaq istəyirəm ki, Şəriət heç də müsəlmanı passiv olmağa səsləmir. Əksinə, müsəlman qanun çərçivəsində haqlarını qorumalıdır, o cümlədən məhkəmə yolu ilə. Çünki ən yaxşı dövlət başçısı olan dövlətdə belə pis məmurlar az deyil. Yəni zülmə qarşı qanun çərçivəsində mübarizə aparmaq lazımdır!


Bütün bunlarla yanaşı bir daha onu da vurğulamaq istəyirəm ki, İslam yeganə dindir ki, yaranan kimi onun tərəfdarları dərhal dünyanın siyasi, iqtisadi, hərbi, elmi və mədəni lideri oldular. Özü də heç bir təbii və s. resursu (o zaman neft resurs deyildi) olmayan Ərəbistandan gələrək. Bütün məzlum xalqlar (yəhudilər daxil olmaqla) da ilk müsəlmanlara dəstək oldu. Müasir elm əsasən ilk müsəlmanların nailiyyətlərinə əsaslanır. Sadəcə müsəlmanlar dinlərindən uzaqlaşdıqca liderliyi də əldən verdilər.

Bütün bunlar onu göstərir ki, Şəriət Allahın qanunudur və yalnız onu rəhbər tutanlar bu dünyada və axirətdə xoşbəxt ola bilərlər. Şəriətdə insan təbiətinə zidd heç nə yoxdur. İlk baxışdan düzgün görünməyən bir şeyi dərindən təhlil edəndə görürsən ki, ən optimal qayda elə Şəriətdədir. Dünyəvi elmlərin gəldiyi nəticələr də bunu yalnız təsdiq edir!

Nəhayət, hüquq elmi ilk növbədə hamının haqqını verməyə xidmət edir. Üzərimizdə ən böyük haqqı olan isə bizi yaradan Allahdır. Onun haqqını vermək isə Şəriətə əməl etməkdir. Allah bizi bu yolda sabit etsin!

 





25.06.2017    çap et  çap et