Mahmud Bilgin xaricdəki təşkilatların fəaliyyətlərini üç əsas sahəyə ayıraraq dəyərləndirir: «Bu sahələrin biri, lobbiçilik fəaliyyətləri, beynəlxalq sahədə Güney Azərbaycanı tanıtdırmaqdır. İkincisi, siyasi fəaliyyətlərdir və içəri ilə yanaşı siyasi məsələlərə dair mövqe və ya fikir bəlli etməkdir. Təşkilatlar çalışırlar öz fikirlərini müəyyən dərəcədə içəridəki türk fəallara çatdırsınlar. Ya mitinqlər və konfranslar şəklində fəaliyyətlər... Üçüncü sahə də xaricdə mədəni, kültürəl və ictimai fəaliyyətlərdir».
O əlavə edir, «bu sahələrə baxanda zaman-zaman fərqliliklər olubdur. Məsələn, 2000-ci illərin əvvəlində bəzi istisnaları kənara qoysaq, diaspora fəaliyətləri güclü deyildi. Onun yerinə, siyasi və ictimai sahələrdə fəaliyyətlər daha güclü idi. Təəssüflər olsun ki, sonra eşikdə olan milli fəallarımız ictimai fəaliyyətləri ciddiyə almadılar. Güclərini daha çox siyasi məsələlərə qoydular. Yəni bu ki, mitinq şəklində, aksiya ya bir konfrans şəklində ya ümumiyyətlə onlayn fəaliyyət şəklində oldu».
GADP başqanı hazırda siyasi və ictimai sahələrin əksinə, lobbiçilik fəaliyyətlərində bəzi irəliləmələrin olduğunu bildirir.
Onun sözlərinə görə, 2000-ci illərin başında təşkilatlanma baxımından ciddi addımlar atılsa da, az müddət sonra çoxsaylı təşkilatların ortaya çıxması ilə bərabər «birlik məsələsi» milli hərəkatın əsas mövzusu oldu.
«2002-də GAMOH (Güney Azərbaycan Milli Oyanış Hərəkatı) təşkilatı xaricdə quruldu. Mən də qurucularından biri idim. Amma, müəyyən səbəblərə görə uğursuz oldu və keçmişdəki gücü ilə yoluna davam edə bilmədi... O mərhələdən sonra çoxsaylı dəyişik siyasi təşkilatlar quruldu. Yəni siyasi fəaliyyət başqa bir yola getdi. O vaxtdan bəri, əsas məsələ birlik məsələsi oldu. Bu ki, bu siyasi qrupları biz necə bir-birinə yaxınlaşdıra bilərik», - deyə Mahmud Bilgin bəyan edir.
Bilgin həmçinin xaricdə yaşayan türk fəalların təşkilatlar tərkibində fəaliyyət etməyə maraq göstərmədiklərinə diqqət çəkir: «Bu illər ərzində önəmli dərəcədə müsbət addımlar da atıldı. Amma üst-üstə, xaricdə yaşayan milli fəalların 90 faizindən çoxu təşkilatlarla deyil, fərdi fəaliyyət etməyə daha çox üstünlük verirlər. Bunun əsas səbəbi isə, diktatorluğun hakim olduğu bir ölkədən gəlməkdir».
İsveçdə yaşayan fəalın dediklərinə görə, bu problem türklərə məxsus deyil. «Bu 10-16 il ərzində, baxanda görürük ki, xaricdə yaşayan kürdlər, bəluçlar, türkmənlər, ərəblər ya farsların da içində elə bir cəbhə səviyyəsində fəaliyyət, ya müəyyən güclü təşkilatlar yoxdur. Bölünmələr və paraçalanmaları onların da arasında görürük,» deyə o, söyləyir.
Mahmud Bilgin xaricdə fəaliyyət göstərən təşkilatların böyük bir problemlərinin də gənc kadrlar yetişdirə bilməməkdən ibarət olduğunu önə çəkir.
«Xaricdə, bizim böyük bir zəifliyimiz var. Biz gənclərimizi yetişdirə bilmirik. Bizim təşkilatlarımız getdikcə qocalır. Təəssüflər olsun ki, yeni kadrlar cəlb etməkdə başarılı ola bilmirik. İçəridə Güney Azərbaycan Hərəkatı daha dinamik və gənc qüvvələrə dayanaraq deyir: Gələcək bizimdir. Doğrudan da o yöndə hərəkət etməkdədir».