İlk dəfə cənab Prezident hələ 26 mart 2004-cü il tarixli Fərmanında İqtisadiyyat Nazirliyinə və Mərkəzi Banka tapşırmışdı ki, «iki ay müddətində başlıca məqsədi bank sisteminin fəaliyyətinin iqtisadiyyatın sabit inkişafının təmin edilməsi ilə uzlaşdırılması, dayanıqlı və etibarlı bank sisteminin formalaşdırılması, bank sektorunun inkişafı üçün daha əlverişli mühitin yaradılması, bank bazarında sağlam rəqabət mühitinin bərqərar olması, bank fəaliyyətində şəffaflığın təmin edilməsi və bütünlükdə bank-kredit sisteminin yeni tələblərə uyğun köklü surətdə qurulması üçün Azərbaycan Respublikasının Bank Məcəlləsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər». Lakin bu tapşırıq icrasız qaldı! Yəni belə çıxdı ki, dövlət başçısının tapşırığında sadalanan xüsusiyyətlər («dayanıqlı və etibarlı bank sisteminin formalaşdırılması», «bank bazarında sağlam rəqabət mühitinin bərqərar olması», «bank fəaliyyətində şəffaflığın təmin edilməsi» və «bank-kredit sisteminin yeni tələblərə uyğun köklü surətdə qurulması») hələ də yoxdur! Başqa sözlə, mənim bank sisteminə qarşı dəfələrlə dediklərim bilavasitə Prezident Fərmanından irəli gəlir!
Üstündən düz 10 il ötdü və cənab Prezident 31 oktyabr 2014-cü il tarixli Sərəncamında Nazirlər Kabinetinə bir daha tapşırdı ki, «sahibkarlıq sahəsi üçün bank-kredit münasibətlərinin xüsusi əhəmiyyətini və bu sahənin bir neçə qanunla tənzimləndiyini nəzərə alaraq, Azərbaycan Respublikasının Bank Məcəlləsinin layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin». 2 il 8 ay ötüb, amma yenə də bu Məcəllədən xəbər-ətər yoxdur! İl yarımdır ki, bank sistemimiz Mərkəzi Bankla yanaşı Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən idarə olunur. Deməli, Nazirlər Kabinetinə bu işdə məhz onlar yardım etməlidir. Niyə etməyiblər? Hanı layihə? Başa düşmürlər ki, bununla nəinki bank sisteminə, bütövlükdə dövlətə etimadı sarsıdır və hətta dövlət başçısına hörmətsizlik edirlər? Misli görünməyən bir şeydir: prezident 2 dəfə göstəriş versin və 13 il ərzində onu icra etməsinlər! Bank sisteminin əsas qanunu (məcəlləsi) belə indiyədək hazırlanıb qəbul edilməyibsə, Rüfət Aslanlı hansı islahatlardan danışır? İndi bank sisteminin nüfuzuna xələl vuran bütün bu problemləri konkret faktlarla üzə çıxaran mənəm, yoxsa cənab Prezidentin tapşırıqlarını icra etməyən məmurlar?