Vaxt.Az

Əl-Cəzirə BBC-dən necə «doğuldu»?


 

Səudiyyə Ərəbistanı Qətərdən etdiyi tələblə 90-cı illərdəki «səhv»ini düzəltmək istəyir?

Əl-Cəzirə BBC-dən necə «doğuldu»? «The Guardian» qəzetinin məktublar bölməsində Səudiyyə Ərəbistanı ilə bağlı iki müxtəlif məktub dərc edilib. Məktublardan birinin müəllifi, jurnalist Yan Riçardson (İan Richardson) yazır ki, Səudiyyə Ərəbistanının Əl-Cəzirə telekanalının bağlanmasını tələb etməsi bir az ironiyalı görünür, çünki bu telekanalın ilkin uğuruna ər-Riyadın elə özü səbəb olub.

«Mən o vaxt, 1990-cı illərin ortalarında BBC Ərəb telekanalının baş redaktoru idim. Səudlar bizim yayınlarımızdan o qədər narazı idilər ki, axırda bizi özlərinə məxsus peykdən çıxardılar», - yazır jurnalist.

«Elə o vaxtlar Qətər BBC Ərəb telekanalı ilə rəqabətə girişmişdi, amma bunu bacarmırdı, çünki lazımi jurnalist heyəti yox idi».

Lakin BBC kanalı bağlanan kimi Qətər onun 150 istedadlı və BBC məktəbi keçmiş jurnalistini, prodüser və yayın mühəndisini, necə deyərlər «göydə qapdı».

Beləcə 1996-cı ilin noyabrında əsasən keçmiş BBC əməkdaşlarından ibarət Əl-Cəzirə efirə çıxdı.

Əl-Cəzirə öz anası BBC-dən onun balanslılıq, ədalət və tərəfsizlik kimi prinsiplərini də götürmüşdü.

«Mənim heç şübhəm yoxdur ki, səudlar o vaxt BBC kanalını əzməsəydilər (BBC öz ərəb telekanalını yalnız 2008-ci ildə bərpa etdi) Əl-Cəzirə belə qısa müddətdə bu qədər siyasi və sosial güc əldə bilməzdi», - yazır Richardson.

İkinci məktubun müəllifi «London sakini» Rocer Skafirdir (Roger Schafir).

O yazır ki, Səudiyyə Ərəbistanın Qətərə ultimatumu 1914-cü ildə Avstriyanın Serbiyaya verdiyi ultimatumu xatırladır.

İndi Səudiyyə Əl-Cəzirə telekanalının bağlanmasını tələb edirsə, o vaxt Avstriya Serbiyadan onun əleyhinə yazan qəzetlərin bağlanmasını tələb edirdi.

Tarixçilər bildirirlər ki, Avstriya öz ultimatumunu elə qurmuşdu ki, bu ultimatum yalnız rədd edilə bilərdi.

Məktubda deyilir ki, Səudiyyə Ərəbistanı Qətəri hərbi müdaxilə ilə hədələyir, hərçənd yaxşı bilir ki, bu halda İran münaqişəyə qarışmalı olacaq. Bəlkə elə ər-Riyadın istədiyi də budur, - yazır müəllif.

Onun fikrincə, Səudiyyə Tehranla müharibəyə ona görə can atır ki, bu halda Birləşmiş Ştatların da onun tərəfində müharibəyə qoşulmalı olacağına inanır.

Məktubda qeyd olunur ki, əvvəllər belə bir niyyət Barak Obama tərəfindən cilovlanırdı, amma görünür, səudlar Trampdan başqa yanaşma gözləyirlər.

«Görəsən Tramp Səudiyyə Ərəbistanına səfəri zamanı onlara nə deyib?» - deyə sual edir Rocer Skafir.

 





27.06.2017    çap et  çap et