Vaxt.Az

«Soyuducunun içində də ilanlar dolaşır»


 

25 ildir hər gün ölüm qorxusu ilə yatıb-qalxırlar qorxunc qəsəbə sakinlərinin səslərini eşidən yoxdur

«Soyuducunun içində də ilanlar dolaşır» Yay mövsümünün əsas təhlükələrindən biri ilan və əqrəb sancmasıdır. Bu hallardan qorunmağın müxtəlif yolları olsa da, Mingəçevirin «Turbaza» adlanan yaşayış massivində, Ağdam, Laçın və Kəlbəcərdən olan məcburi köçkünlər mütəmadi olaraq bu təhlükə ilə üzləşirlər. Bu ərazilər dağ-dərələrlə əhatə olunduğu üçün, hələ sovet dönəmindən ilanların, əqrəblərin yayıldığı yerlər olub.

Erməni qəsbkarları tərəfindən torpaqlarımızın işğal olunması zamanı, qaçqın və məcburi köçkün düşən soydaşlarımızın bir qrupu 25 ildir ki adıçəkilən ərazidə məskunlaşıb. «Sputnik Azərbaycan»ın bölgə müxbirinə danışan sakinlər bu müddət ərzində onların ailələrində ilan və əqrəb sancmalarının sayı-hesabı olmadığını deyirlər. Onların sözlərinə görə, bu il ilan və əqrəblər daha da aktivləşiblər.

Məcburi köçkün Nicat Quliyev bu günlərdə başına gələn hadisəni danışdı: "Axşam saatlarında işdən evə gələrkən, qapının üstündə üç ilan gördüm, evə girməyə çalışırdılar. Tez beli götürüb ikisini öldürdüm, biri mənə hücum çəkdi. Özümü birtəhər qoruyub evə girəndə isə ilanın birini də uşaq yatan beşiyin üstündən sallanan gördüm".

Məcburi köçkün Sveta Qəmbərovanın sözlərinə görə isə, soyuducunu açarkən, böyük bir ilan soyuducunun içərisindən sürüşüb yerə düşüb: «Nə dərmanımız var, nə də bu ərazilər dərmanlanır. Bu il yay mövsümü gələndən ilanların sayı artıb. Əvvəlki illərdə belə deyildi. Özümüzü, uşaqlarımızı ilandan, əqrəbdən qoruya bilmirik».

Qəmbərova qeyd edib ki, yaşadıqları ərazi dağlarla-dərələrlə əhatə olunduğu üçün, ilan və əqrəblərdən başqa, vəhşi heyvanlar da dolaşır: «İlanlar həyətdəki bağlara daraşıb, daşların altına doluşub. Evdə uşağı, yaşlını tək qoyub bir yerə gedə bilmirik. Vəziyyətimiz çox acınacaqlıdır».

Sakinlər deyirlər ki, üzləşdikləri problemlərlə bağlı müraciət etmədikləri qurum qalmayıb. Qaçqın və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsinə, Ağdam Rayon İcra Hakimiyyətinə və digər aidiyyəti idarələrə dəfələrlə müraciət etsələr də, səslərinə səs verən yoxdur. «Xahiş edirik, səsimizi eşitsinlər, bizə kömək etsinlər. İmkan verməsinlər ki, balalarımız ilana, əqrəbə yem olsunlar. Evlərin içində, xalçalarımızın altında ilanlar dolaşır. Hava qaralan kimi canımıza vəlvələ düşür», - deyirlər sakinlər…

 





27.06.2017    çap et  çap et