Yığıncaq bir müddət öncə sosial şəbəkələrdə yayılan çağırışlardan sonra baş tutub.
Azərbaycanlı fəallar bütün təhdid və təzyiqlərə rəğmən özlərini qalaya çatdırıb yığıncaq keçiriblər. Polis yığıncaq keçirildiyi zaman Babək qalası və ətraf məntəqələrdə təhlükəsizlik tədbirlərini gücləndirib.
Yığıncaq yekunlışdıqdan sonra Murtaza Pərvin, Rəhim Novruzi, Hamid Rəvadi, Səccad Sadiqi və Əkbər Cahangiri təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Tutulan fəallardan Rəhim Novruzinin təhlükəsizlik qüvvələri tərəfindən döyülərək ağır xəsarət aldığı bildirilir. «Rəhim Novruzini elə şiddətlə döydülər ki, onun üz-gözünü qan bürüdü. Fəal bu vəziyyətdə ambulans vasitəsi ilə qaladan Kəleybər xəstəxanasına aparıldı», - deyə şahidlərdən biri GünAz TV-yə məlumat verib.
Fəallar qalada üzərinə «Siyamək Mirzayi azad olunmalıdır» şüarı yazılmış plakatlar qaldıraraq Siyamək Mirzayi və digər azərbaycanlı fəalların azadlığını tələb edən şüarlar səsləndiriblər. Yığıncaqda şeir oxunub və İran dövlətindən Azərbaycan türk millətinə qarşı ayrı-seçkilik siyasətinə son qoymasını tələb ediblər.
Şəkillərdə göründüyü kimi, yığıncaqda əsas çıxışçısı Tohid Əmir Əmini olub. O azərbaycanlı fəallar, xüsusi ilə də Siyamək Mirzayi barəsində çıxarılan ədalətsiz məhkəmə qərarını pisləyib, siyasi məhbusun dərhal azadlığa buraxılmasını tələb edib.
Yığıncaqdan sonra Tohid Əmir Əmini yoxa çıxıb, fəalın ailə üzvləri onun barəsində məlumat almaq üçün müəyyən orqanlarla əlaqə saxlasalar da, hələlik heç bir nəticə əldə edilməyib. Bu vəziyyət onun ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən saxlandığı ehtimalını gücləndirir.
Babək qalası Kəleybər şəhərinin 3 kilometrliyində 2300 metr hündürlüyündə olan dağın zirvəsində yerləşir.
Azərbaycanın tarixi və milli qəhrəmanı Babək Xürrəmdinin ad günü münasibətilə hər il iyunun sonunda Babək qalasına ənənəvi yürüş keçirilir. Yürüş son illərdə əvvəlki səviyyədə keçirilməsə də, qalaya mərasim keçirməyə gedən fəalların sayı kifayət qədərdir. Tarixi məkanda keçirilən kütləvi dinc yığıncaqlar davamlı olaraq İslam İnqilabı Keşikçilər Korpusu («Sepah»), ETTELAAT və polis əməkdaşlarının kobud müdaxiləsi və zorakı hərəkətlərinə məruz qalır.
Babək Xürrəmdin, Azərbaycanı Abbasi xəlifələrinin istilasından qurtarmaq üçün uzun illər mübarizə aparıb, bu gün Babək Xürrəmdin və onun qırmızı rəngli mübarizə bayrağı Azərbaycan Milli Hərəkat fəalları üçün ilham mənbəyidir.