Vaxt.Az

Ukrayna kiberhücumun arxasında Rusiyanın olduğunu deyib


 

Qarşı tərəf isə iddiaları əsassız adlandırır

Ukrayna kiberhücumun arxasında Rusiyanın olduğunu deyib Ukrayna təhlükəsizlik xidməti (SBU) keçən həftə baş vermiş kiberhücumla Rusiyanın əlaqəsi olduğunu sübut edən dəlillər əldə etdiyini bildirib.

SBU keçən həftə biznesləri hədəfə alan kiberhücumu keçən ilin dekabr ayında Ukraynanın paytaxtını hədəfləyən kiberhücumla əlaqələndirən məlumatı əldə etdiyini deyib.

Çərşənbə axşamı günü virusun yayılmasından əvvəl kiberhücumla bağlı problemləri ilk elan edən Ukrayna şirkətləri olub.

Rəsmi Moskva hücumla əlaqələri olduğuna dair iddiaları təkzib edərək «sassız» adlandırıb.

Dünya boyu kompüter şəbəkələrinə yayılan virus kompüterləri donduraraq rəqəmsal və izləməsi mümkün olmayan «Bitcoin» valyutası ilə ödəniş tələb edir.

Lakin kiberhücum həmçinin Rusiyanın böyük şirkətlərinə də yayılıb. Bu səbəbdən bəzi kibermühafizə təhqiqatçıları hücumun arxasında Rusiyanın olduğunu düşünmürlər.

Lakin şənbə günü, SBU beynəlxalq antivirus şirkətlərindən aldığı məlumat nəticəsində hazırki hücum və «Petya» adlı virusun keçmişdə istifadəsi ilə əlaqə olduğunu aşkar etdiyini və virusun əsas məqsədinin pul ödənişləri almaq olmadığını iddia edib.

SBU pul ödənişi tələbinin sadəcə virusun əsl məqsədini gizlətmək üçün istifadə edilən üsul olduğunu deyib. SBU virusun əsl məqsədinin dövlət və özəl şirkətlərin fəaliyyətlərini məhdudlaşdırmaq və siyasi sabitliyi pozmaq olduğunu bildirib.

Budəfəki hücumda Ukraynanın daha ağır ziyanvermə məqsədilə hədəfə alındığı görünür.

24 saat ərzində polisə kompüter sistemlərinə müdaxilə barədə 1 mindən çox müraciət gəlib. Ümumilikdə 150 şirkət polisə hücumla bağlı şikayət ərizələri göndərib.

Dekabr ayında Ukraynanın maliyyə, nəqliyyat və enerji sistemləri kiberhücuma məruz qalmışdı. Nəticədə paytaxt Kiyevdə elektrik bir müddət kəsilmişdi.

Bu hücum dünya boyunca baş verən «WannaCry» virusu kiberhücumundan yalnız 2 ay sonra baş verib.

 





02.07.2017    çap et  çap et